“Məni abort etdirdi…”- məhkəmədə tanınmış xanım təşkilat rəhbərinə qarşı şok iddia- Təfərrüat

Xanım QHT sədri hakim qarşısına çıxarılıb. O, dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.

Məhkəmə iclasında zərərçəkmiş Həcər Kəngərli ifadə verib. O, istintaqa ifadəsini təsdiqləyib və deyib ki, onunla barışıq üçün heç bir cəhd edilməyib.

Kəmalə Ağazadənin vəkili Aqil Layıcov isə bildirib ki, istintaq dövründə Həcər Kəngərliyə barışıq və 3600 manat pulun ödənilməsi təklif edilib. Lakin Həcər Kəngərli bunu qəbul etməyib.

Zərərçəkmiş H.Kəngərli isə belə bir təklif almadığını deyib: “Mənə sadəcə müstəntiq dedi ki, barışıq istəyirsinizmi? Mən də dedim ki, heç mənim pulum da ödənilməyib”.

Vəkil Aqil Layıcov zərərçəkmişə daha bir sual verib: “Əgər sizə dediyiniz zərər ödənilərsə, o zaman Kəmalə xanıma qarşı şikayətiniz olacaqmı?”.

Zərərçəkmiş H.Kəngərli belə cavab verib ki, kim nə əməl edibsə, cəzasını almalıdır.

Məhkəmədə zərərçəkmiş Həcər Kəngərli Kəmalə Ağazadəyə qarşı daha bir iddia səsləndirib. O deyib ki, K.Ağazadə onun övladını abort etdirib: “Kəmalə xanım insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olub. Mənim özümün övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir”.

Kəmalə Ağazadə zərərçəkmişin bu dediklərini təəccüblə qarşılayıb.

Vəkil Aqil Layıcov məhkəməyə müraciət edərək bu iddianın araşdırılması üçün xüsusi qərar çıxarılmasını istəyib. Hakim isə bildirib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi olmadığı üçün baxıla bilməz.

Daha sonra zərərçəkmiş Həcər Kəngərli 3600 manatı Kəmalə Ağazadəyə verməsinin səbəbini danışıb: “Kəmalə Ağazadənin təşkilatında layihədə işləyirdik. Həmin layihənin uzadılması üçün Səhiyyə Nazirliyinə rüşvət veriləcəyini demişdi. Biz də bu işdən maaş aldığımız üçün istənilən məbləği verdim”.

Məhkəmədə digər zərərçəkmiş Mahirə Sadıqova da ifadə verib. O söyləyib ki, K.Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib.

M.Sadıqova qeyd edib ki, Kəmalə Ağazadə ondan 2100 manat alıb: “Həmin pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi. Yəni Kəmalə Ağazadə bu məqsədlə bizdən alıb. Çalışdığımız layihə daha bir neçə uzadılmalı idi”.

Zərərçəkmiş M.Sadıqova ona dəymiş zərərin ödənildiyini söyləyib.

M.Sadıqova təşkilatda maaş almadan könüllü şəkildə işlədiklərini söyləyib. Amma o qeyd edib ki, bəzi hallarda təşkilatda olan uşaqlara göndərilən ərzaqlardan evə aparıblar: “Bu yük indi də mənim çiynimdədir. Mən uşaqlara ayrılan ərzaqlardan aparmışam. Bunu Kəmalə Ağazadə özü təklif edib. Deyirdi ki, ərzaq onsuz da çoxdur, xarab olacaq. Biz də maaş almadığımız üçün bunu etmişik”.

K.Ağazadə deyib ki, M.Sadıqova və həyat yoldaşı Dadaş Əhmədov uzun illər onun yanında işləyib. Amma daha sonra onları işdən uzaqlaşdırıb. Səbəbini isə belə izah edib: “Dadaş Əhmədov təşkilatı ələ keçirmək istəyirdi. Həm də təşkilatdan ərzaq apardıqları üçün onları işdən kənarlaşdırmışam”.

İttiham aktında yazılır ki, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibradan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib.

Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkararən törədib.

Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün əməldaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

İttihama görə, həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.

K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib.

O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Qeyd edilən cinayər əməlini törətdiyinə görə K.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Bildirək ki, təşkilat rəhbəri həbs edilməyib. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.