Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Kaxa Kaladze: “Gürcüstanın yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq”

Kaxa Kaladze: “Gürcüstanın yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq”

Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisi ilə əlaqədar yaxın vaxtlarda tender elan olunacaq. Anbarın tikintisində xarici ölkələrin korporasiyaları və beynəlxalq şirkətlər iştirak etmək istəyirlər. Onların arasında SOCAR şirkəti də var.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaldze söyləyib.

Nazir deyib ki, tenderdə iştirak edəcək şirkətlərin təklifləri diqqətlə öyrəniləcək. İndidən kimin qalib gələcəyini söyləmək olmaz.

Onun sözlərinə görə, anbarın tikintisinə 2017-ci ilin sonlarında başlanacaq. Tikinti işlərinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur. Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.

Anbar əsasən Azərbaycan təbii qazı hesabına doldurulacaq.

“Aparılan danışıqlar zamanı əldə olunmuş razılığa əsasən Gürcüstanın “mavi yanacağa” olan tələbatı Azərbaycanın təbii qazı hesabına ödəniləcək”, – deyə, Kaladze vurğulayıb.
Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.

Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın