Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Hacı İbrahimin dələduzluqda ittiham edilən qardaşının işi – zərərçəkmişlər məcburi gətiriləcək

Hacı İbrahimin dələduzluqda ittiham edilən qardaşının işi – zərərçəkmişlər məcburi gətiriləcək

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində İsmayıl Cəfərov ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsi tanımır.

Onun sözlərinə görə, “Sahil-D” şirkətindən mənzili 2011-ci ildə alıb. O, mərhum Məzahir Cəfərovla görüşdüyünü deyib:

“Hissə-hissə 50 min manat ödədim. Sonradan məlum oldu ki, o mənzil məndən başqa 2 nəfərə satılıb. Ancaq bu barədə məni narahat edən olmayıb və hazırda həmin mənzildə yaşayıram”.

Təqsirləndirilən Sahib İbrahimov da zərərçəkmişi tanımadığını deyib.

Zərərçəkmiş Eldəniz Cəfərov isə deyib ki, “Sahil – D” şirkətindən aldığı evi sonradan dostunun qohumuna satıb:“Oradan kvadratı 1200 manata ev almışdım, sonra onu tanış adama satdım. 2016-cı ildə evi məndən alan şəxs şikayət etdi ki, mənzil başqa bir adama da satılıb. Mən isə buna inanmadım, araşdırdım, Məzahirlə görüşdüm. O da dedi ki, problem yaranıb, həll ediləcək. Sonra da bu problem aradan qalxdı”.

Zərərçəkmiş qeyd edib ki, S. İbrahimovu tanımır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur.

Hakim Ramella Allahverdiyeva zərərçəkmişlərin məhkəməyə gəlmədiyini qeyd edib. Hakim deyib ki, onlar haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.

Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …