Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Həmin gün müalicəsi başa çatırdı, evə gətirəcəkdik”

“Həmin gün müalicəsi başa çatırdı, evə gətirəcəkdik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkənlər ifadə verib.

Hüquq müdafiəçisi Murad Sadəddinov deyib ki, qardaşı, diş həkimi olan Azər Sadəddinov yanğında vəfat edib:  “İçkidən əziyyət çəkdiyi üçün ötən ilin sonunda ailəsi müalicə alması üçün ora yerləşdirmişdi”.

Digər zərərçəkənlər də yanğın barədə necə məlumat aldıqlarını və qohumlarının hadisə zamanı öldüyünü bildiklərini deyib.

Yanğında vəfat edən Nurlan Quliyevin qardaşı Sübhan deyib ki, martın 2-də onu çıxarmaq üçün ora gedib və yanğın olduğunu bilib: “Həmin gün müalicəsi başa çatırdı, çıxarıb evə gətirəcəkdik. Müalicə üçün Azad həkimə 450 manat pul vermişəm”.

Digər zərərçəkən Rübabə İsmayılova bildirib ki, qardaşı Fəryad yanğın zamanı yanaraq ölüb:  “O tüstüdən boğulmayıb, tam yanıb. Mənim qardaşım ayıq idi, sağalmışdı. Bəs necə olur ki, bu qoca kişi guya oranı yandırıb sonra ordan qaçıb çıxa bilir, amma mənim qardaşım yox? Mən hesab edirəm ki, oranı yandırmaq əvvəldən planlı olub, qapıları da bağlayıblar. Ora türmə kimi yer idi. Bu şəxsdən ifadə alan müstəntiq burada suallara cavab verməlidir”.

82 yaşlı Abdulla Ələkbərov deyib ki, yanğında oğlu vəfat edib:  ” Oğlum Tərlan 15 gün idi müalicə alırdı. 2004-cü ildə yoldaşı vəfat etmişdi, uşağı yetim idi, atası da belə oldu”.

Proses sentyabrın 14-də davam etdiriləcək.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …