Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Həbsdə olan iş adamı Vergilər Nazirliyinə 1 milyon borcunu ödəmək istəyir: “Əmlakımı satın”

Həbsdə olan iş adamı Vergilər Nazirliyinə 1 milyon borcunu ödəmək istəyir: “Əmlakımı satın”

Paytaxtda eyni mənzilləri bir neçə nəfərə satmaq ittihamı ilə həbs edilən iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vergidən yayınmaqda ittiham edilən 1955-ci il təvəllüdlü Cəfərov Xanlar Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bir neçə zərərçəkmiş və şahid ifadə verib. Zərərçəkmişlər onlara dəymiş ziyanın ödənildiyini deyirlər.

Bu iş üzrə zərərçəkmişlərdən yalnız Natiq Ağamirzəli ilə təqsirləndirilən tərəf arasında razılıq əldə edilmir. Çünki Natiq Ağamirzəli deyir ki, ev almaq üçün 42 min pul verib. Həmin məbləğin 13 minini Xanlar Cəfərova, 17 minini Müşfiq, 12 minini isə Xaqani adlı şəxslərə verib.

Xanlar Cəfərov məhkəmədə deyib ki, 13 mini ödəməyə hazırdır. Amma Müşfiq və Xaqani adlı şəxslərə verilən puldan xəbəri yoxdur.

Zərərçəkmiş Natiq Ağamirzəli isə israr edir ki, Müşfiq və Xaqani Xanlar Cəfərovun şərikləri,öz  adamları olub. Ona görə həmin şəxslərə pul verib və mənzil alması barədə müqaviləni imzalayan tərəf olan Xanlar Cəfərovdan da pulunu tələb edir.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş Natiq Ağamirzəliyə təqdim edilən müqavilədə ödənilmiş məbləğ kimi 97 min manat göstərilib. Amma qalan məbləğ sonradan ödəniləcəkmiş.

Amma Natiq Ağamirzəli 42 min ödəyəndən sonra evin ona məxsus olmadığını öyrənib. Pulu ödədikdən bir müddət sonra mənzilə gələrkən başqa şəxslərlə qarşılaşıb. Onlar mənzilin sahibi olduqlarını və artıq təmir işləri apardıqlarını deyiblər.

Məhkəmədə Xanlar Cəfərovun vəkilləri işdə adı keçən Xaqani və Müşfiq adlı şəxslərin dindirilməsini tələb ediblər. Məhkəmə isə həmin şəxslərin kimliyi, vəzifəsi və harada yaşamaları barədə məlumat olmadığını bildirib.

Zərərçəkmiş Natiq Ağamirzəli hər iki şəxsin mobil nömrəsini bildiyini, onların harada yaşamaları barədə də məlumat öyrənərək məhkəməyə təqdim edəcəyini deyib.

Hakimin simalarından məlum olub ki, Natiq Ağamirzəli adı çəkilən Müşfiq adlı şəxslə mütəmadi olaraq əlaqə saxlayır. Belə ki, Natiq Ağamirzəli ev almaq üçün Müşfiq verdiyi 17 minini ödəsini tələb edib. Bir neçə gün əvvəl isə həmin məbləğdən 3 mini ala bilib.

Bu zaman Natiq Ağamirzəli ilə Xanlar Cəfərovun vəkilləri arasında mübahisə yaranıb.

Vəkillər deyib ki, Natiq Ağamirzəli həm Xanlar Cəfərovdan pul tələb edir, həm də Müşfiq adlı şəxsdən pulunu istəyir. Müdafiəçilər bu məqamda ziddiyyətin olduğunu söyləyiblər.

Natiq Ağamirzəli isə bunları deyib: “Mən bunların üçünü də bir bilmişəm. Mənə lazımdır ki, pulumu versinlər. Hansına nə qədər verdiyini dedim. Amma bir daha deyirəm ki, mənə müqaviləni Xanlar Cəfərov verib. Mən də pulumu tələb edirəm. Müşfiq də puldan 3 min qaytarıb. Deyir ki, hissə-hissə verəcəm. İki il ərzində cəmi 3 min verən adamla neçə razılaşım? Əgər mən mərdiməzar adam olsaydım, 3 mini aldığımı deməzdim”.

Prosesin davamında Xanlar Cəfərovun vəkilləri məhkəməyə vəsatət təqdim ediblər.

Müdafiəçilər vəsatətdə qeyd edib ki, Xanlar Cəfərovun üzərinə həbs qoyulmuş əmlakı dağılaraq vergiyə olan borca yönləndirilsin. Vəkilıər bu təklifin qəbul edilməsi üçün məhkəmədən Vergilər Nazirliyinə sorğu göndərilməsini xahiş ediblər.

Məhkəmə vəsatəti təmin edib.

Elan olunmuş ittihamla X.Cəfərov özünü qismən təqsirli bilib.

Bildirək ki, iş üzrə 12 epizod üzrə 24 nəfər zərərçəkmiş var. Xanlar Cəfərov bildirib ki, 12 nəfər mənzil sahibidir. Digər 12 nəfər isə eyni evləri ikinci dəfə alan şəxslərdir. Cəfərov həmin 12 nəfərlə barışıq əldə etdiklərini bildirib.

Qeyd edək ki, X.Cəfərov dələduzluqda və vergidən yayınmada təqsirləndirilir.

X.Cəfərovun rəhbəri olduğu “Avro Qrand” şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib.

Nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə biliblər, nə də pulları qaytarılıb. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

Sonuncu dəfə iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xanlar Cəfərova 1 milyon 30 min manat vergidən yayınma ittihamı da verilib.

Onun 2 milyondan artıq dəyəri olan əmlakına həbs qoyulub. (Musavat.com)

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …