Şənbə , Fevral 23 2019
Ana səhifə / Kriminal / DİN-dən “Lady Sharm”la bağlı açıqlama – 4 nəfər tutuldu (FOTOLAR, VİDEO)

DİN-dən “Lady Sharm”la bağlı açıqlama – 4 nəfər tutuldu (FOTOLAR, VİDEO)

Mağazalar şəbəkəsinin brendləri saxtalaşdırması ilə bağlı cinayət işi Çin və Türkiyəyə qədər uzana bilər

Bakıda məşhur “Lady Sharm” mağazalar şəbəkəsinin bağlanmasının səbəbləri ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Yayılan məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib.

Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb. Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub. Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlığın aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.  Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, əməliyyatlardan biri “Binə” Ticarət Mərkəzində baş tutub. Orada “Lady Sharm”ın  böyük bir sexi aşkarlanıb. “Lady Sharm”ın mağazalarında tanınmış brend adı ilə satılan məhsulların müəyyən hissəsinin bu sexdə hazırlandığı məlum olub. 

Bu arada “Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri haqda da məlumat almışıq. Bunlar Emin və Rövşən İsmayılov qardaşlarıdır. Onlar xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. İşlərin əsas təşkilatçısı kimi isə Rövşən İsmayılovun adı çəkilir. Deyilənə görə, o, Dünya TV-nin birinin sahibinin kürəkənidir. Bu qardaşların hazırda Türkiyədə olduqları, hüquq-mühafizə orqanlarının çağırışlarına baxmayaraq, ölkəyə qayıtmadıqları bildirilir.

“Yeni Müsavat”a daxil olan məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxın çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz adlı xanım saytlara açıqlamasında şirkətin fəaliyyəti üçün pul verdiyini açıqlamışdı.

Sitat: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam gəlib haqq-hesabımızı çəkəcəyəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Yerli saytlar yazır ki, Aybəniz xanım, sadəcə, işlərin başında dayanan şəxsdir, onun qabağa verilməsi də İsmayılov qardaşlarını istintaqdan kənar qoymağa hesablanıb.

“Lady Sharm” mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri “Gənclik Mall”da, digəri isə “28 Mall”da yerləşir.

“Lady Sharm”ın “Neftçilər” metrostansiyasının yaxınlığındakı mağazası dünəndən açılıb. Mağazanın satıcıları deyirlər problemlər artıq həll olunub, “Lady Sharm” işini davam etdirəcək.

Bu əməliyyat ümumilikdə tekstil biznesi ilə məşğul olan digər şəbəkələrdə də təlaş yaradıb. Ölkəyə tekstil malların böyük qismi Çin və Türkiyədən gətirilir. Çin bütün dünyada bu və ya digər mal, material, hazır məhsulun dublikatının, oxşarının hazırlanması ilə məşhurdur. Hətta məşhur “Disney Land”in belə oxşarını hazırlayıblar. Türkiyədə isə tekstil sənayesində dünyaca məşhur brendlərin mallarının hazırlanaraq eyni adla satılması da qanunla təqib olunan əməl deyil. Odur ki, Azərbaycandakı tekstil mal alveri ilə məşğul olan şəbəkə sahiblərinin təlaşı da başadüşüləndir. Sabah eyni ittihamla onlar da üzləşə bilərlər.    E

Həmçinin oxuyun

Bakıda maşın aşdı – Bu yolda tıxac var

Bakıda körpünün üstündə maşın aşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin …