Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Bıçaqla uşaqlarının gözü qarşısında…” – beşqat dünya çempionu qayınatası ilə üzləşdi

“Bıçaqla uşaqlarının gözü qarşısında…” – beşqat dünya çempionu qayınatası ilə üzləşdi

“Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında B.Dilbazi mülki iddia qaldırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən sonra müalicəyə xərclədiyi 18 min maddi zərəri, 5 min manat isə mənəvi zərəri tələb edir. Məhkəmənin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittihamla E.Məcidov özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş Bəhruz Dilbazi ifadə verib. O, bildirib ki, qızının ailəsində problemlər və söz-söhbətlər 2014-cü ildən başlayıb: “Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyib. Bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında qızımı hədələyib. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı “102”yə məlumat verib. Araşdırıb baxa bilərsiniz. 2014-cü ildə boşanmaq qərarı aldılar. Mən də qızıma dedim ki, həyat sənindir, özün bilərsən. Qızım dedi ki, özünü öldürmək həddinə gəlib. Çıxıb evimizə qayıtdı. Nişanından sonra mülki məhkəmələr başladı. Birgə nigah dövründə alınan ev və iki maşınla bağlı iddia qaldırıldı. Həmin əmlak onun övladlarına çatacaqdı. Amma o bununla razılaşmırdı ki, məhkəmələri niyə uduzur. Mənə dəfələrlə hədə-qorxu gəlirdi ki, mülk davasından əl çək. Amma bu mülk davası deyil. Həmin əmlak uşaqlarının haqqıdır”.

Baş verən dava haqda danışan zərərçəkmiş qeyd edib ki, həmin vaxt Ehram uşaqları görməyə gəlibmiş: “Uşaqları onunla görüşdürməyə getmişdik. Görüş icra məmurlarının yanında oldu. Yanımda yoldaşım da var idi. Otaqda olanda biz arxada əyləşmişdik. İçraçı da otaqda idi. 5-6 dəqiqə sonra uşaqlar getmək istədi. Ehram da dedi ki, uşaqları babası öyrədir. Mənə dedi ki, uşaqları sən öyrədirsən. Mən oturanda üstümə hücum elədi. Sağ əli ilə çiynimdən aşağı sıxdı. Sol əli ilə də sifətimə vurmağa başladı. Müqavimət göstərə bilmirdim. Bir dəfə sağ əlini qabağa uzatdım. Onda da qolum sındı. Əməliyyat olunmuşam. Müalicəmi xaricdə də davam etdirdim. İndi də müalicə alıram. Ağrılardan gecə yata bilmirəm”.

Bəhruz Dilbazi bildirib ki, Ehram Məcidov onu beşbarmaq adlanan soyuq silahla vurub. O deyib ki, Ehram beşbarmağı ya corabından, ya da cibindən çıxarıb. Zərərçəkmişin “beşbarmağı corabından çıxardı” deməsi zalda əyləşənlərin gülüşünə səbəb olub. Hakim isə zalda olan şəxslərə xəbərdarlıq edib. Sualları cavablandıran Dilbazi beşbarmağı gördüyünü söyləyib.

Amma Ehram Məcidov hadisə zamanı beşbarmaqdan istifadə etmədiyini deyib. E.Məcidov zərəçəkmişin yalan danışdığını və sərbəst ifadəsində hamısını sübut edəcəyini deyib. Ehram keçmiş qayınatasını sual verib: “Biz otaqda olanda icraçı dəfələrlə sənə xəbərdarlıq etdi ki, otağı tərk edin. Görüş üçün məni uşaqlarla tək qoyun. Qışqıraraq neçə reaksiya verdiniz?”

Bəhruz Dilbazi söyləyib ki, Ehram Məcidovun uşaqlara təzyiq və təsir edə biləcəyindən ehtiyat etdiyi üçün oranı tərk etmək istəyib: “Mən tələb elədim ki, ya icra hakimiyyətinin nümayəndəsi, ya da psixoloq gəlsin”.

Məlum olub ki, cinayət işi materiallarında zərərçəkmişin hadisə baş verən yerdə yaralı vəziyyətdə və xəstəxanada çəkilmiş fotoları var. Hakim Cavid Hüseynov həmin fotoları kimin çəkdiyini soruşub. B.Dilnazi fotoları xanımının çəkdiyini deyib. “Nə məqsədlə çəkmişdiniz” sualına isə Bəhruz Dilbazi belə cavab verib: “Vəziyyətim elə idi. Ona görə də öz halımı çəkdik”.

Hakim bildirib ki, fotolardan da aydın olur ki, B.Dilbazi xəstəxanada çəkilən fotosunda sağ qolunu qaldıraraq danışır. Hakim zərərçəkmişə sual verib ki, sınan qolu neçə hərəkət etdirə bilib? B.Dilbazi isə qolunun çiyin hissədən sınmadığını deyib. Bildirib ki, həmin an qolunu neçə hərəkət etdirdiyini də xatırlamır. Məhkəmə iclası fevralın 26-da davam etdiriləcək.

Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …