Bakıda “reket jurnalistlər”in məhkəməsi oldu: “Dedi ki, 600 manat ver, yazıları çıxardım”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə və digər cinayətlərdə təqsirləndirilən, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva ifadə verib.

O bildirib ki, S.Əliyev mətbuatda barəsində xoşagəlməz yazılar yazıb. Onun sözlərinə görə, baş redaktor onun haqqında həqiqətəuyğun olmayan məlumatlar dərc edib və aralarında mübahisə yaranıb: “Sonra Surxay Hikmət Nəcəflini yanıma göndərdi. Surxay dedi ki, 600 manat pul ver, yazıları çıxardım. Mən də Hikmətə 200 manat verdim”.

Daha sonra digər zərərçəkmiş, Tovuz rayon İcra hakimiyyətinin 8 saylı yaşıllaşdırma idarəsinin rəhbəri Vasif Məmmədov bildirib ki, mətbuatda onun barəsində yazılar dərc ediləndən sonra Hikmət Nəcəfli ondan 1000 manat tələb edib: “Ona pul vermədim. Bir qədər keçəndən sonra “Nəşiriyyat”da Surxay Əliyev və Hikmət Nəcəfli ilə görüşdüm. İmkanım yox idi deyə, pul vermədim. Bakıya gedib, onlarla görüşməkdə məqsədim yazıların araşdırılması olub. Hətta bir neçə şəxsə də xahiş etdim ki, Surxaygil haqqımda yazıları dayandırsın”.

Zərərçəkmiş qeyd edib ki, S.Əliyevlə H.Nəcəfli onu şantaj edib, nüfuzunə xələl gətirib.

Zərərçəkmiş Rasim Hüseynov isə ifadəsində deyib ki 2014-cü ildə S.Əliyev ona zəng edib 1500 manat tələb edib: “Pulu bankdan çıxarıb, göndərdim, sonra da arabir 150 manat verirdim. Bir il keçəndən sonra yenə məndən pul istədilər, amma vermədim. Bu barədə Mətbuat Şurasına müraciət etdim. Rəhim müəllim dedi ki, “hər şey qaydasına salınacaq”. Bir qədər keçəndən sonra bir xanım gəldi və yazılara görə pul istədi. O, yanımda Hikmət müəllimlə danışdı. Sonra 500 manatı onlara göndərdim. Marif Abbasova da pul verdim ki, haqqımda yazılar yazmasın”.

Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

G.Əliyeva “İlk xəbər” saytının, M.Abbasov isə “Kriminal” qəzetinin baş redaktoru olub.(Trend)

Zdrave universal kremi zdrave forte