Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakı Ağır Cinayətlər Məhkəməsində manyak-pedofillə qarşılaşma

Bakı Ağır Cinayətlər Məhkəməsində manyak-pedofillə qarşılaşma

Bu gün virtualaz.org saytının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birindən reportaj hazırlamaq üçün gedən əməkdaşı məhkəmə binasında manyak-pedofillə “qarşılaşıb”. Məlum olub ki, Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızları binaların blokunda haqlayıb onlara qarşı “seksual xarakterli hərəkətlər” edən, habelə qadınları soyan 31 yaşlı Amil Paşayevin işi üzrə hazırlıq iclası keçirilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, bu manyak-pedofil Naxçıvan sakinidir, amma Bakıda yaşayır. O, avqust ayında Xətai rayon Polis İdarəsini 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məlum olub ki, bu şəxs 2018-ci ilin iyun ayı ərzində Bakı metrosunun “Əhmədli” stansiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə ələ keçirib və hadisə yerindən qaçıb. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

Zərərçəkmişlərdən ancaq birinin adını dəqiqləşdirə bildik. Məlum oldu ki, A.Paşayev 27 iyun 2018-ci ildə Xətai rayonu ərazisində “Araz” marketin qarşısında Kəmalə Həsənovanı izləyərək onun çantasını ələ keçirib və 113 manat pulunu götürərək qaçıb. Hadisədən bir il öncə – 24 noyabr 2017-ci ildə orta məktəbin 7-ci sinif şagirdi Aysel Nəbiyeva (ad və soyad dəyişdirilib-red.) da A.Paşayevin hücumuna məruz qalıb. Məktəbli yaşadığı binaya daxil olarkən arxasınca bloka girən A.Paşayev onun kürəyindəki çantasını dartıb, səs salacağı təqdirdə öldürəcəyi ilə hədələyib. Azyaşlının qışqırıq səsinə babası yetişib. Bu zaman A.Paşayev niyyətini başa çatdıra bilməyib və hadisə yerindən qaçmağa müvəffəq olub.

İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi də müəyyənləşib.

Əsasən 10-15 yaşlı qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib. Həmin vaxt Xətai rayonunda azyaşlı qızlara hücum edən manyak-pedofilin dolaşdığı barədə xəbərlər yayılmışdı və bu xəbərlər əhali arasında ciddi təşvişə səbəb olmuşdu.

A.Paşayev yaxalandıqdan sonra ona Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etmə və quldurluq maddələri ilə cinayət işi qaldırılıb.

İstintaq tamamlanıb və A.Paşayevin işi baxılmaq üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun işi üzrə məhkəmə prosesi noyabrın 21-nə təyin edilib. Virtualaz.org bu manyak-pedofilin işi üzrə ətraflı material dərc edəcək.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …