Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bağça müdiri məhkəmə zalında qandallandı: onun müavini də həbsdədir

Bağça müdiri məhkəmə zalında qandallandı: onun müavini də həbsdədir

Bağça müdiri və müdirin müavini növbəti dəfə hakim qarşısına çıxarılıb. Təqsirləndirilənlərdən üçüncüsü isə bağçanın işçisidir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Onlardan yalnız Aləmzar Əliyeva həbsdə idi.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında məktəb direktoru, ev dustaqlığında olan Tərlan Bağırova barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1-ci; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına işə qəbul edəcəklərinə dair söz verərək onlardan pul alıb.

T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var. Həbs edilən Aləmzar Əliyeva həbs edilməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …