Ana səhifə / Kriminal / “Bacım haqda şayiələr yayırdı” – 26 yaşlı gəncin namus cinayəti…

“Bacım haqda şayiələr yayırdı” – 26 yaşlı gəncin namus cinayəti…

Bacısı haqqında şayiələr yayan şəxsi öldürməyə cəhddə ittiham edilən 26 yaşlı gənc hakim qarşısına çıxarılıb. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənli Asəf Asif oğlu Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Asəf Həsənli Beyləqan sakini Nurəli Kərimovu bacısı haqda şayiələr yaydığına görə öldürmək istəyib. Belə ki, Nurəli Kərimov onun bacısı ilə ailə həyatı qurub və bir neçə gün sonra boşanıb. Bundan sonra Nurəli onun bacısı haqda xoşagəlməz söhbətlər yayıb.

Asəf Həsənlinin bacısı Nurəli Kərimovdan ayrıldıqdan sonra başqa şəxslə ailə həyatı qurub. Lakin Nurəli tərəfindən yayılan söhbətlərdən sonra onun bacısının həmin evliliyi də baş tutmayıb.

İttihamda göstərilir ki, bundan sonra Asəf qisas almaq məqsədi ilə Nurəli Kərimovun yanına gəlib. Onun avtomobilinin qabaq sağ oturacağında oturaraq üstündə olan bıçaqla Nurəli Kərimovu qəsdən öldürmək məqsədi ilə onun ürək nahiyyəsinə dörd dəfə ardıcıl zərbələr vurub. Lakin Nurəli Kərimovun əynindəki gödəkçə qalın olduğundan ona xəsarət yetirə bilmədiyini görüb, öz niyyətini başa çatdırmaq üçün onun boğaz nahiyyəsindən bir bıçaq zərbəsi vurub.

Nurəli Kərimov avtomobilin oturacağında hərəkətsiz qaldığı üçün Asəf onun artıq öldüyünü güman edib. Hadisə yerinə gələn Nurəli Kərimovun qardaşı Məhəmməd Kərimov Asəfi tutaraq maşından düşürüb. Asəf əlbəyaxa dava zamanı Məhəmməd Kərimovun bel nahiyəsindən bıçaqla vuraraq hadisə yerindən qaçıb.

Asəf Həsənli aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

Asəf Həsənlinin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin əməlinin 29,120.1-ci maddəsindən 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.

Müdafiəçi deyib ki, Asəf Həsənli özünü təqsirli bilməyib və Nurəli Kərimovu öldürmək niyyətinin olmadığını deyib.

Vəkil bildirib ki, Asəf sadəcə olaraq Nurəlini qorxutmaq istəyib: “Asəf dedi ki, Nurəli Kərimov onun bacısı barəsində rüsvayedici şayiələr yayıb. Ona xəbərdarlıqlar etməsinə baxmayaraq bu cür şayiələr yaymaqda davam edib. Asəfin məqsədi Nurəlini qorxutmaq və bununla da şayiələrin qarşısını almaq olub”.

Zərərçəkmiş şəxslər Nurəli Kərimov və Məhəmməd Kərimov isə apellyasiya şikayəti verərək Asəf Həsənlinin cəzasının ağırlaşdırılmasını istəyiblər.

Onlar bildiriblər ki, Asəfin məqsədi ailə üzvlərinin hamısını öldürmək olub. Buna görə də ona ən ağır cəza təyin edilməlidir.

Dövlət ittihamçısı isə Asəf Həsənlinin apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş tərəfin şikayətinin isə qismən təmin edilməsini istəyib.

Məhkəmədə məlum olub ki, Asəf Həsənli istintaq zamanı deyib ki, qohumluq münasibətləri olan Nurəli Kərimov onun bacısını ailə qurmaq məqsədi ilə 2017-ciı ilin iyul ayında özü ilə Bakı şəhərinə aparıb. Sonra isə Beyləqan şəhərində yerləşən evinə gətirib, onunla 10-15 gün yaşadıqdan sonra geri qaytarıb. Bundan sonra bacısı başqa bir şəxslə ailə qurub. Lakin Nurəli Kərimov və onun ailə üzvləri bacısının ərinə və valideynlərinə zəng vurub, onunla bağlı şayiələr çatdırıblar. Buna görə də bacısının ailəsi dağılıb.

Məhkəmədə elan olunub ki, Asəf istintaq zamanı Nurəli Kərimovu öldürmək niyyətinin olduğunu etiraf edib: “Nurəlini izlədim. Onun sükan arxasında oturduğunu gördüm. Maşının qabaq sağ qapısını açanda Nurəli məni görüb qaçmaq istədi. Nurəlinin yaxasından tutub qaçmasına imkan vermədim. Nurəli qışqırmağa başladı. Həmin vaxt Nurəliyə “Başımıza nə oyun açırsan, özünü nə hesab edirsən” deyib, bıçağı çıxardım. Əvvəlcə sinə, sonra isə boğaz nahiyyəsinə vurdum. Həmin vaxt kimsə məni arxadan tutub çölə çıxardı. Birisi yumruqla sağ qaşüstü nahiyəmdən vurdu. Əlimdəki bıçaqla məni tutan Məhəmmədin sol böyründən vurub qaçdım. Oradan Bəhrəmtəpə qəsəbəsində getdim. Yolayrıcında bıçağı su kanalına atdım. Sonra polis şöbəsinə gedib təslim oldum”.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. (Musavat.com)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …