Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ata oğlunun intiharına görə həbs edildi: arvadını və uşaqlarını döyüb, ölümlə hədələyirmiş – TƏFƏRRÜAT

Ata oğlunun intiharına görə həbs edildi: arvadını və uşaqlarını döyüb, ölümlə hədələyirmiş – TƏFƏRRÜAT

Oğlunun intihar etməsinə görə cinayət məsuliyyətinə cəlb edilən ata məhkəmə zalında həbs edilib. O, öz oğlunu ölüm həddinə çatırmaqda günahlandırılaraq qandallanıb.

Belə ki, 1967-ci il təvəllüdlü Məmmədov Mirkamil Ağayar oğlu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirli bilinərək Siyəzən Rayon Məhkəməsinin 8 fevral 2018-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilib və azadlıqda qalıb.

Hökmə əsasən spirtli içki aludəçisi olan Mirkamil Məmmədov oğlu Səbuhini uzun illərdir, mütəmadi olaraq nalayiq ifadələrlə söyüb təhqir edib.

Son vaxtlarda isə oğluna qarşı hərəkətlərinin şiddətini bir qədər də artırıb, ona qarşı amansız rəftar edərək bir neçə dəfə də döyüb. Sonuncu dəfə 2017-ci ilin 25 iyulunda Mirkamil Məmmədov sərxoş olan zaman arvadı Filurə Məmmədovanı əxlaqsızlıqla məşğul olmasını bəhanə gətirərək mübahisə edib, onu və oğlunu döyüb.

Mirkamil Məmmədov oğlunun ləyaqətini alçaldıb psixi iztirablar verməklə, həmçinin hədə-qorxu gəlmə yolu ilə onu öldürməklə hədələyib. Həmin vaxt Səbuhi Məmmədov DİN-nin “102 xidməti”nə zəng vuraraq atası Mirkamil Məmmədovun onları döyməsi və öldürəcəyi ilə hədələməsi barədə məlumat verib.

Siyəzən rayon polis şöbəsinə gedərək qardaşı Sənan Məmmədovla birlikdə bu barədə izahat veriblər. Bundan hiddətlənmiş Mirkamil Məmmədov oğlunu və digər ailə üzvlərini evə buraxmayıb. Onlar da həmin gecəni bütün ailə üzvləri ilə eyvanda keçiriblər.

Bundan sonra Səbuhi Məmmədov evi təkr edib və Siyəzən şəhərində kirayədə yaşamaq üçün ev axtarmağı planlaşdırıb. Daha sonra Qubada yaşayan əsgərlik yoldaşının yanına gedib.

Anası Filurə Məmmədova ona zəng edərək kəndə qayıtmasını, kirayəyə ev tutacaqlarını deyib. Amma maddi sıxıntılara görə kirayə ev tapa bilməyib. Bununla da atasının nalayiq hərəkətlərindən uzaqlaşa bilməyəcəyini düşünərək özünü həyətlərindəki tut ağacından asıb.

İntihardan əvvəl yazdığı məktubda isə atası tərəfindən hədələndiyini göstərib.

Mirkamil Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı apellyasiya protesti vərib. Dövlət ittihamçısı Mirkamil Məmmədov barəsində şərti cəza hökmünün dəyişdirilməsini və həbs edilməsini istəyib.

Prokuror apellyasiya protestini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi Mirkamil Məmmədovun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə almayıb, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edib və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyib.

Mirkamil Məmmədov isə apellyasiya şikayətində barəsində bəraət hökmü çıxarlımasını istəyib. O, deyib ki, oğlunun ölümündə özünü təqsirli hesab etmir. Bəzi məqamlarda oğlunu danlasa da, bunu oğlunun gələcəyini fikirləşdiyi üçün edib. Və fikirləşməyib ki, oğlu buna görə özünü öldürə bilər.

M.Məmmədov bildirib ki, oğlunu heç vaxt döyməyib, ona əl qaldırmayıb: “Son vaxtlar Səbuhi özünə qapalı idi. Həmin gün qışqırıq səslərini eşitdim. Həyətə qaçanda Səbuhinin tut ağacının budağından asılı vəziyyətdə olduğunu gördüm”.

 

Mərhumun hüquqi varisi, qardaşı Sənan Məmmədov ifadəsində göstərib ki, atası Mirkamil Məmmədov mütəmadi olaraq araq içib öz hərəkətlərini idarə edə bilməyib. Onu, anasını, bacısını və qardaşı Səbuhini mütəmadi olaraq döyüb, şərəf və ləyaqətlərini alçaldıb: “Onun bu hərəkətlərindən bezmişdik. Hadisədən qabaq işdən evə gələndə atam Mirkamilin sərxoş vəziyyətdə anam və qardaşımla dava etdiyini eşitdim. Atam anamı əxlaqsızlıqda günahlandırırdı. Qardaşım da atama “sən get öz qeyrətini çək” dedi. Atam Səbuhiyə 2-3 sillə vurdu. Mən onları sakitləşdirmək istədim, amma atam üzərimizə gələrək mənə və anama da zərbələr vurdu. Atam mətbəxə gedərək “bu dəqiqə bıçaq gətirib burada qan tökəcəm” dedi. Anamgil bağa qaçdı. Atam anamı vurmaq istəyəndə anam qapını bağladı. Bıçaq qapıya dəydi. Səbuhi polisə zəng elədi. Biz gedib izahat yazdıq. Qayıdanda atam bizi evə buraxmadı”.

Sənan Məmmədov yaşadıqlarını belə izah edib: “Anam Filurə kənddə olan boş məişət otağının onlara verilməsini xahiş etmək üçün bələdiyyəyə getdi. Bələdiyyədən də icra hakimiyyətinə müraciət etməli olduğumuzu dedilər. Səbuhi Qubaya dostunun yanına getmişdi. Biz zəng edib ev tapacağımızı dedik. O, Siyəzənə köçməyimizi istəyirdi. Anam da dedi ki, kənddə məktəbin yanında olan məişət otağında qalmağa icazə istəmək üçün birinci gün icra hakimiyyətinə gedəcək. Anam Siyəzənə getməyimizi istəmirdi, çünki mən kənddə işləyirdim, bacım da kənddə oxuyurdu. Səbuhi dedi ki, məni niyə çağırırdınız. Həmin gecə də qardaşım özünü asdı”.

Şahid qismində dindirilmiş mərhumun anası Filurə Məmmədova da eyni məzmunlu ifadə verib.

İşdə olan məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Səbuhi Məmmədov ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahur etmiş emosional gərginlik halında olub.

Apellyasiya Məhkəməsinin kollegiyası tərəfləri dinlədikdən sonra qərara gəlib ki, yuxarıda göstərilən sübutlarla müəyyən edilib ki, Mirkamil Məmmədov ondan maddi və mənəvi cəhəddən asılı olmuş oğlu ilə amansız rəftar edib, onun şərəf və ləyaqətini mütəmadi olaraq alçaldıb və ona hədə-qorxu gəlib. Bu hərəkətləri ilə Səbuhi Məmmədovu özünü öldürmə həddinə çatdırıb.

Məhkəməm yekun qərarında dövlət ittihamçısının apellyasiya protestini təmin edib. Mirkamil Məmmədov oğlunu ölüm həddinə çatdırdığı üçün məhkəmə zalında həbs edilib. Barəsindəki şərti cəza dəyişdirilib. Mirkamil Məmmədov 3 il 6 ay müddətinə həbs cəzasını həbsxanada çəkəcək. Musavat.com

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …