Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Kriminal / “Əli Ağami dedi ki, özünə qəsd edəcək”- “Qoca”nın qaçışı

“Əli Ağami dedi ki, özünə qəsd edəcək”- “Qoca”nın qaçışı

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşı Vüsalə Soltanova dinirilib.

O qeyd edib ki, hadisə günü yoldaşı evdə olub: “Aqil evə gəlib onu çağırdı. Gecə gəlmədi. Saat 1-də ona zəng elədim, götürmədi. Sonradan özü yığdı ki, adam var, onu yola salıb gələcəklər. Səhər 6-da evə gəldi. Pasportunu götürdü. Mən və baldızım da onunla Dağıstana getdik”.

Şahid bildirib ki, yoldaşı alverlə məşğul olub, Bakıdan Dağıstana meyvə aparırmış: “Onunla biz də gedib mal alıb gətirib satırdıq. Həmin günü getdik, yoldaşımla bizi sərhəddə saxladılar. Hadisədən sonra bu məsələdən xəbər tutmuşuq”.

Məhkəmədə Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin rəisi Bəşir Bəşirov da şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilənlərdən Əli Ağamini tanıyır:

“Müxtəlif vaxtlarda Əli Ağami bizə gətirilib. Çox vaxt daxili rejim qaydalarını pozurdu. 2017-ci il oktyabrında etap olunan zaman dedi ki, özünə qəsd edəcək. Mən də adiyyatı şəxslərə, növbətçiyə məlumat verdim. Rəhbərlik tərəfindən konkret olaraq xidmət rəisi Elmar Paşayev tapşırıq verdi ki, onu qaytaraq. Həmin tapşırığı icra elədim”.

Əli Ağamı isə belə bir söz demədiyini, özünə qəsd etmək fikrinin olmadığını söyləyib.

Təqsirləndirilən şəxs, keçmiş konvoy taborunun əməkdaşı Ceyhun Səmədov şahidin dediklərinə fikir bildirib. O deyib ki, Masallıda Əli Ağamini qəbul etmək istəməyiblər: “Orda dedilər k, biz Əlini qəbul edirik, amma qaytaracağıq. Həmin gün Lənkəranda bizə Etibar Məmmədovu qaytaracağını dedilər. Biz də bu barədə rəhbərliyə məruzə elədik”.

Proses davam edir.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən qıza intim təklif etdi – FAKT

Azərbaycanda işədüzəlmə ilə bağlı xoşagəlməz hal baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı …