Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Sabit Azərbaycanda DYP postlarına gərək yoxdur

Sabit Azərbaycanda DYP postlarına gərək yoxdur

Bir neçə həftə öncə Dövlət Yol Polisinin stasionar postları haqqında rəyimi yazmışdım. Tez-tez müraciət etdiyim mövzuya qayıtmağıma səbəb Salyan postunda heç bir əsas olmadan saxlanılmağım olmuşdu. Bunu da izah etmişdim. Saxlayan polis iddia edirdi ki, sağ zolaq boşkən maşını solla sürdüyüm üçün qayda pozmuşam. Mən də ona izah etdim ki, zəhmət çəkib sağ zolağın kələ-kötürünü düzəldin, biz də o zolaqla sürək. Bu olaydan hərəkət edərək yazmışdım ki, ümumiyyətlə rayonlar arasında, ölkə içində stasionar polis postlarının olması ayıbdır, çiçəklənən Azərbaycana yaraşmır.

Bu qeydimə ilk reaksiya DYP sahəsilə bağlı ictimai fəal dostumuz Elməddin Muradlıdan gəldi. O, iddia etdi ki, bəs, sən demə, stasionar postlar olmasa nəqliyyatda özbaşınalıq artarmış filan.

Elədirmi? Doğrudanmı az qala hər rayonda fəaliyyət göstərən bu postlar olmasa aləm qarışar? Şəxsi təcrübəmdən çıxış edərək deyirəm ki, xeyr! Heç bir hadisə baş verməz. Əksinə, sürücülər daha rahat olar, tıxaclar azalar, narazılıq da yox olar.

İzah edirəm.

Hər səhər Sumqayıtdan Bakıya uzanan tıxacları müşahidə edirik, deyilmi? Eləcə də axşama doğru əksinə – Bakıdan Sumqayıta. Səbəb nədir? Səbəb ekologiya postu və Saray postu. Bu postlara çatanda mütləq maşınlar yavaşımalıdır. Üstəlik, polislər də çıxıb yolun ortasında dayanır, sürücülərə psixoloji təsir göstərir, ona görə də aləm dəyir bir-birinə. Şəxsən özüm o yolu tez-tez gedən birisi olaraq deyirəm bunu. Təbii ki, mən o postlardan keçəndə heç nəyi vecimə almıram. Lap belə, bəli, vecimə almıram. Amma olub ki, heç bir səbəbsiz saxlayıblar. Səbəbini soruşmuşam, deyir ki, sənəd yoxlayırıq. Mən də cavab vermişəm ki, əlinizdə bu boyda yeni texnologiyalar var, niyə adamları yolundan edirsiniz?

Amma bütün sürücülər mənim kimi özünə güvənmir, güvənə bilmir. Polisi görəndə əl-ayağı titrəyənlər də olur. O postlardan aman-amanla keçirlər. Qınamıram da. İnsanımızda belə çatışmazlıq var. Ona görə də postu yığışdırıb sürücülərə sərbəstlik vermək lazımdır.

Elə Qaradağ tərəfdən gələndə də eyni durumla üzləşirik. Yəni Bakı şəhəri DYP postlarıyla mühasirəyə alınıb rəsmən. Niyə, nə üçün? Müharibə şəraitidir? Ölkədə kriminogen durum dözülməz həddədir? Yaxud vətəndaşlarımız vəhşi, idarəolunmazdır? Necə olur ki, biz bütün dünyaya Azərbaycanın ən sabit ölkə olduğunu təbliğ edirik, amma addımbaşı polis postu qoyub vətəndaşın başının üstünü kəsdiririk?

Yeri gəlmişkən, daha bir post da Zaratda var. Siyəzən rayonu ərazisi, çölün düzü. Xıdırzində pirinə çatmamış. Nə mənası var bu postun? Elməddin Muradlıya inansaq bu cür postlar qayda pozan sürücülərin əl-ayağını yığmaq üçün lazımdır. Doğrudanmı elədir?

Yollarda çox olan birisi kimi müşahidələrimi paylaşım, görək o postlar doğrudanmı bir işə yarayır?

Örnək üçün, Bakıdan çıxıb Dədəliyə (Xaçmaz) yollanıram. Ayda ən azı 4 dəfə olur bu. Radar, kamera, nə varsa hamısının yerini əzbər bilirəm. Amma bilməsəm də qorxum yoxdur. Çünki sürət həddinə, qaydalara mütləq əməl edirəm. Yəni mənim qanunlar çərçivəsində yaşamağımı təmin etmək üçün başımın üzərinə nə kamera, nə də polis qoymağa gərək yoxdur. Bəli, mən beləyəm.

Amma mənim kimi olmayanlar da az deyil. Hətta həddən artıq çoxdur. Bunu da yolda müşahidə edirəm.

Yenə də örnək üçün: 110 km sürət həddi olan yolda 120 km-ə qədər sürətlə gedirəm. Bir də görürəm ki, bərkgedənin biri gəldi yanımdan güllə kimi keçdi. Bir az irəlidə də kameranı uzaqda fərq edir və yavaşıyır. Hətta 80 km həddə qədər. Onda da mən onun yanından güllə kimi keçirəm. Niyə belə olur? Ona görə ki, həmin adam qaydaları bilmir, mənsə bilirəm. Məsələ bu qədər sadədir.

Belə bir durumda Elməddin dostum deyəcək ki, görürsən, nəzarətə gərək var. Mən də razıyam. Mənim kimilər üçün olmasa da bu örnəkdəki kimilər üçün (sayları həddən artıq çoxdur) mütləq nəzarət lazımdır. Amma yenə də post şəklində yox. Elə o kamera, radar bunlara bəs edir də.

 

Yəni deməyim odur ki, indiki yeni texnologiyalar çağında yol kəsərcəsinə post qoyub maşın güdmək ayıb bir şeydir.

Artıq bir çox ölkələrdə, hətta qonşu Gürcüstanda belə post söhbəti yığışdırılıb. Çünki çağımızda ayıb bir şeydir bu. Avropa ölkələrində isə hətta dövlətlərarası sərhəd-keçid məntəqələri ləğv edilib. Şengen ölkələrində maşın sürənlər, şəxsən özüm də bunu görmüşəm. Bir ölkədən digərinə keçəndə belə xəbərin olmur. Çünki nə bir post, nə də bir polis-sərhədçi gözə dəymir.

Nəzarət necə, o da yoxdurmu? Var. Sadəcə o ölkələrdə bu nəzarəti elə ustalıqla həyata keçirirlər ki, vətəndaş-insan onu görmür. Amma bir hadisə olsun, görün ordakı polis bizim post qurub yol güdən polisimizdən neçə dəfə daha tez gəlib çıxır. Necə olur bu? Deməli mümkündür ki, post qoymadan da nəzarət edəsən, xidmət göstərəsən də.

Sözümün canı odur ki, Azərbaycan kimi sabit, turizmə yeni açılmağa başlamış bir ölkədə hələ də Sovetdən qalma DYP postlarının saxlanılması, əlavə olaraq onlar üçün yeni binalar tikilməsi ayıb bir şeydir. Bizim ölkəmiz, şükürlər olsun ki, sakit, sabit bir yerdir. Burada insanlar nəzarətsiz də özlərini idarə edə bilirlər. Sadəcə maarifləndirmək lazımdır.

Bu DYP postları qaldıqca Azərbaycanın imici də zədə görməyə davam edəcək. Çünki bir Avropalıya bunun nə üçün olduğunu izah etmək sadəcə mümkün deyil. Avropalıya görə, hərbi-polis rejimli ölkələrdə olur belə postlar. Azərbaycan elə ölkədirmi? Təbii ki, deyil. Azərbaycan azad, açıq, sabit və sakit bir ölkədir ki, burada addımbaşı post qoyub vətəndaşı güdməyə heç gərək yoxdur.

Hə, əgər müharibə şəraiti, başqa təhdidlər üzündən nəzarətə gərək olduğunu nəzərə almaq lazımdırsa, onu da Avropalılar kimi ustalıqla etmək lazımdır. Onlarda bizdəkindən qat-qat artıq nəzarət var. Amma adi adam adi gözlə görə bilməz o nəzarəti. Niyə? Çünki adamlar peşəkardırlar, primitivlikdən çoxdan uzaqlaşıblar. Bizsə, belə anlaşılır ki, kimlərinsə primitivliyi üzündən hələ də yollarda postlardan keçməli oluruq…

Azər HƏSRƏT, Əməkdar jurnalist

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …