Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / “Şər imperiyası” çökmədikcə… Ukrayna etüdləri

“Şər imperiyası” çökmədikcə… Ukrayna etüdləri

Ötən həftəni Ukraynada keçirdim. Almaniyanın Təhlil və Siyasi Dialoq İnstitutu adlı təşkilatının dəvətlisi olaraq getmişdim bu ölkəyə. Hazırda böhran və əsasən də Rusiya ilə kəskin qarşıdurma şəraitində olan Ukraynada münaqişənin fəsadları və məcburi köçkünlərin durumunu öz gözlərimizlə görmək idi əsas məqsədimiz. Bizimlə birgə Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrindən Gürcüstan və Ermənistan, həmçinin Ukraynanın özü və Rusiyadan da bir qrup jurnalist qatılmışdı proqrama.

Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşən proqram çərçivəsindəki ilk gün ərzində Kiyevdə ümumi durumla tanışlıq oldu. Ukraynanın münaqişə sonucu üzləşdiyi məcburi köçkün problemi ətrafında bilgi aldıq. Bu qısa tanışlıq görüşümüz bazar günü, oktyabrın 28-də baş tutdu.

Ayın 29-da səhər erkəndən isə münaqişənin (müharibənin) bir addımlığındakı Kramatorsk şəhərinə yollandıq. Sürət qatarıyla 700 km-dən artıq yolu 6 saat 20 dəqiqəyə qət edib, dərhal işə başladıq.

Kramatorsk hazırda bölücü-işğalçı hərbi güclərin nəzarətində olan Donetsk şəhərinin yaxınlığında yerləşir. 200 min əhalisi olan bu hərbi sənaye şəhəri Donetsk Vilayətinə tabedir. Elə 2014-cü ildə ilk qanlı-silahl qarşıdurmaların yaşandığı yerlərdən biri də bu şəhərdir. Sadəcə olaraq sonrakı mərhələdə Ukrayna dövləti təcili tədbirlər görərək şəhəri bölücülərin nəzarətindən xilas etdiyi üçün artıq burada savaşın heç izləri belə qalmayıb.

Kramatorskun sakit küçələrindən biri

Proqram çərçivəsində əsas məqsədimiz köçkünlər və onların yerləşdirilməsi, savaşın vurduğu zərbələrin aradan qaldırılması ilə tanışlıq olduğu üçün daha çox bu yöndə çalışmağa başladıq.

Fürsətkən şəhərin gündəlik həyatı ilə də tanış olmaq imkanımızdan yararlandıq. İlk baxışdan bir əcnəbidə belə rəy yarana bilər ki, bura savaşın bir addımlığındakı şəhər deyil. Çünki nə silahlı adamlara rast gəlinir, nə də adi polis və əsgərlərə. Küçələr sakitdir, genişdir. Ortalıqda elə də çox insan gözə dəymir. İaşə obyektləri sakit bir tərzdə işləyir, ictimai nəqliyyatın nizamı nəzərdən qaçmır.

Şəhərdəki sakitlik və sabitliklə bərabər demək olar ki, hər hansı ciddi inkişafın olmaması da diqqətimizdən qaçmır. Həm bir addımlıqdakı savaş, həm də ümumilikdə Ukraynanın son onilliklərdə davamlı şəkildə yaşamaqda olduğu təlatümlər Kramatorskun da elə Sovet şinelində qalmasına səbəb olub.

Oktyabrın 29-da bizi şəhərdə müşayiət edən jurnalist, yerli İctimai Nəzarət Mərkəzinin koordinatoru Andrey Romanenko öz şəhərini göstərməklə bərabər köçkünlərlə bağlı görülən işlər haqqında da bilgi verdi.

Həmin gün və səhəri elə Andrey Romanenkonun müşayiəti ilə Almaniyadan olan təşkilatçı – Berlindəki Miqrasiya Siyasəti İnstitutunun direktoru Olqa Gulina və Ukrayna İnsan Haqları Platformasının proqramlar müdiri Hanna Kozakla birlikdə Kramatorsk görüşlərimiz davam etdi.

Günün başlanğıcında bizi Avropa Birliyinin maliyyəsilə təmir edilmiş bir yataqxanaya apardılar. Öyrəndik ki, bura baxımsız bir bina olub. Köçkünləri yerləşdirmək üçün ümumilikdə 15 ayrı mənzil şəklində yenidən qurulub. Hər mənzildə sanitar qovşağı, mətbəx və cəmi 1 otaq var. Hər otaqda da 2 qatlı çarpayılar yerləşdirilib. Eyni zamanda 1-ci mərtəbədə hərəkət imkanı məhdud olan şəxslər üçün ayrıca 2 mənzil uyğun şəkildə təchiz edilib.

Avropa Birliyinin təmir etdirdiyi yataqxana

Bizə verilən ümumi bilgidən belə anlaşıldı ki, Kramatorskda məcburi köçkünlərin yerləşdirilməsi üçün 3 ayrı yataqxana bu cür yenidən qurulub. Bu isə hardasa 85 mənzil deməkdir. Köçkünlərin sayı isə nə az, nə çox, düz 50 min nəfərə qədərdir.

Köçkünlər üçün yataq otağı

Elə həmin gün bu və digər məsələlər haqqında daha dəqiq bilgi almaq üçün Kramatorsk şəhər administrasiyasında geniş heyətlə görüşümüz oldu. Düzdür, şəhər rəhbəri çox “vacib” işləri olduğu üçün bizi şəxsən qəbul edə bilmədi. Lakin onun müavinləri bu işi gördülər və bizi bilgiləndirdilər.

Şəhər təmsilçiləri suallarımızı cavablandırır

Öyrəndik ki, ümumilikdə 50 minə yaxın məcburi köçkünü qəbul etməli olmuş şəhər onlar üçün elə də çox iş görmürmüş. Sadəcə köçkünləri qeydə alır, onların işə düzəlməsinə yardım edirlər. Bir də dövlət az miqdarda maliyyə yardımıyla müharibə qurbanlarının birtəhər ayaqda qalmasına vasitəçi olur.

Ev məsələsini də köçkünlər özləri həll edir. Kirayə ev götürür, mümkün qədər tez izə düzəlirlər ki, yaşaya bilsinlər. Artıq bəlli bir iş sahibi olan köçkünlərə dövlətin ayırdığı cüzi məbləğdə (adambaşına təqribən 15 avro) məbləğin verilməsi də dayandırılır. Yəni məcburi köçkünlər bizdə olduğu kimi uzun müddətli deyil, sadəcə bir neçə aylıq dövlət dəstəyinə bel bağlaya bilər.

Şəxsən mən belə anladım ki, Ukrayna dövləti bu məcburi köçkünlər məsələsində bir xeyli təmkinli davranır…

Yeri gəlmişkən, biz köçkünlərin sıx yaşadığı bir mənzərə də görmək istəyirdik. Amma bu olmadı. Çünki belə bir mənzərəni göstərmədilər. Sadəcə bir neçə nəfər məcburi köçkün olduğu deyilən şəxsi Böhran Əleyhinə Media Mərkəzinə dəvət etdilər, onlarla söhbətləşdik. Açığı, onların söhbətləri şəxsi təcrübə olaraq maraqlı idi. Amma ümumi durumu anlamaq üçün yetərli olduğunu sanmıram.

O bir neçə məcburi köçkünlə və digər şəxslərlə olan görüşlərimizdən gəldiyim qənaət budur ki, Ukrayna insanı münaqişənin əsl səbəbkarı kimi Rusiyanı görür. Problemin həllini isə “şər imperiyası” adlandırdıqları Rusiyanın SSRİ kimi dağılmasında görürlər. Əks təqdirdə bölücülük və işğala son qoymaq imkansız görünür…

Məcburi köçkünlər suallarımızı cavablandırır

Kramatorsk görüşlərimizi başa vurub Kiyevə qayıtdıq. Oktyabrın 31-i və noyabrın 1-də burada bizi ekspertlərin təqdimatları gözləyirdi.

Ukrayna İnsan Haqları Platformasının təmsilçisi Aleksandr Burmahin bizimlə Kramatorsk təcrübəsi barədə fikir mübadiləsi apardıqdan sonra Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin (Vyana) baş layihə müdiri Violeta Vaqner keçmiş Sovet məkanında köçkünlərlə bağlı olduqca maraqlı bir təqtimatla çıxış etdi. Müqayisəli rəqəmlərin təsvir edildiyi cədvəllər ümumilikdə bizim də aid olduğumuz coğrafiyada bəzi dövlətlər üçün “qəza” vəziyyətinin mövcudluğunu göstərirdi. Sevindirici haldır ki, Azərbaycan “qəza” durumundakı ölkələr sırasında deyil. (İlk fürsətdə bu təqdimatla bağlı əlavə yazım olacaq.)

Xanım Vagner öz mükəmməl təqdimatı ilə

Daha sonra Təhlil və Siyasi Dialoq İnstitutunun rəhbəri xanım Mexthild Bauman qaçqınlarla bağlı Almaniya təcrübəsini paylaşdı. Ölkəsinin qaçqınlar üçün yaratdığı şərait, cəmiyyətin qaçqınlara münasibəti, onların inteqrasiya prosesi haqqında bilgilər olduqca maraqlı idi.

Mexthild Baumanın təqdimatı da çox maraqlı oldu

Onun ardınca köhnə dostlarımızdan biri – Avropa Jurnalistlər Federasiyasının vitse-prezidenti Nadejda Ajgıxina jurnalist etikası və qaçqınlarla bağlı media fəaliyyətini örnəklərin müşayiəti ilə peşəkarcasına təhlil etdi.

Nadejda Ajgıxinanın təcrübəsi də çox faydalı oldu

Alman Dalğası, ARTE VƏ ARD kimi media qurumlarında 10 ildən artıq iş təcrübəsi olan Markus Fentsel isə araşdırma jurnalistikasıyla bağlı təcrübəsini paylaşdı.

Əlbəttə, mövzu jurnalistika olunca biz də öz təcrübəmizdən bəzi məqamları paylaşdıq ki, qarşılıqlı şəkildə öyrənməyə töhfəmiz olsun.

Ümumilikdə Ukrayna səfərimiz maraqlı və yaddaqalan oldu. Həm yeni insanlarla tanış olduq, həm də fürsət tapıb Ukrayna ətrafında baş verənləri müzakirə etdik. İmkan düşdükcə öz fikirlərimizi də iştirakçıların və təşkilatçıların diqqətinə çatdırdıq.

Olqa Gulina (sağda) yaxşı təşkilatçıdır

Sonda bu qənaətə gəldim ki, Ukraynanın bu böhrandan çıxması hələ ki, mümkün görünmür. Həm də ona görə görünmür ki, ölkə ard-arda gələn siyasi təbəddülatlar və qarşılaşdığı bölücülük üzündən toparlanmaqda çətinlik çəkir. Avropa Birliyi və bütövlükdə Qərb bu ölkəyə yardım etməyə çalışır, amma yetərli olduğunu deyə bilmərik…

Azər HƏSRƏT,

Əməkdar jurnalist

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …