Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Qaçqın evləri haqda köhnə əhvalat

Qaçqın evləri haqda köhnə əhvalat

Zamin HACI

“Yeni yaxşı unudulmuş köhnədir”

(aforizm)

1994-cü ildən yazıram, o üzdən bəzi detallar yadımdan çıxıb, üzürlü sayın. Sonralar Müsavat Partiyasının, ümumən Azərbaycanın tanınmış iqtisadçı ekspertlərindən, siyasətçilərindən birinə çevriləcək yaxın dostum Qubad İbadoğlu ilə İmişliyə getmişdik. O zaman Qubad bəy İqtisadiyyat İnstitutunu təzə bitirmişdi, hansısa qəzetdə işləyirdi. Mən də eyni ali məktəbin son kursunda idim, mətbuatla əməkdaşlıq edirdim. Qarabağda biabırçı məğlubiyyətimizdən cəmi 1 il keçirdi, ölkə ictimai-siyasi burulğanlarla çarpışırdı və Almaniya Texniki Əməkdaşlıq Qurumunun (nəsə ÇTZ-yə bənzər adı vardı) maliyyə yardımıyla ölkəmizdə ilk abırlı qaçqın düşərgələri, İmişlinin Bəhrəmtəpə qəsəbəsi yaxınlığında tikilmişdi. “Abırlı” ona görə yazıram ki, bundan qabaqkılar hamısı çadırdan idi, insanlar ağlasığmaz əziyyətlə o parça-brezentlərdə yaşayırdılar, almanların tikdiyi isə fin evləri tipindəydi, ağac-dəmir-plastik bloklardan hazırlanmışdı. Bloklar hamısı xaricdə, yanılmıramsa Türkiyədə yığılıb hazır vəziyyətdə gətirilmişdi, yalnız bir-birinin böyrünə qoyub vintlərlə bağlamaq lazım gəlirdi. Səliqəli, mühəndis beyinli və uzaqgörən almanlar hətta İmişlinin şoran torpağını nəzərə alıb düşərgə arasındakı küçə-yolları… həsirə bənzər materialla örtmüş, sonra asfaltlamışdılar. Deyirdilər, bu həsir altdan qalxan şoran suyu özünə çəkəcək, yol dağılmayacaq.

Uzun sözün qısası, camaat bir az sevinmişdi, ancaq narazılar da vardı və bizim o düşərgəyə səfərimiz həm də narazıları danışdırmaq, reportaj hazırlamaq, jurnalist araşdırması eləmək məqsədi güdürdü. Camaat deyirdi ki, bu düşərgədə özünə ev alıb, faktiki Bakıda qalanlar var. Deyirdilər, İmişli icra hakimiyyəti bu işdə çoxlu pul qamarlayıb.

Biz Qubad bəylə bu məsələni araşdırmaq üçün çox sadə bir üsuldan yararlandıq: axşam qaranlıq düşəndə fin evləri düşərgəsini dolaşdıq, içərisində işıq yanmayan, adam yaşamayan evlərin nömrəsini yazıb götürdük. Konkret neçə belə ev tapdıq, yadımda deyil, ancaq fakt, siqnal doğru idi. Sabah icra hakimiyyətinə gedib bu evlərin kimə verildiyini öyrənmək istədik. O zaman İmişli icra hakimiyyətinə olduqca korrupsioner bir qadın rəhbərlik edirdi, sovet vaxtı haradasa raykomda işləmişdi, indi də tapıb vəzifəyə qaytarmışdılar (müstəqilliyin daha bir “meyvəsini” dərməkdə idik). Qadın və komandası bizi olduqca aqressiv qarşılayıb yola salmışdı. Hətta düşərgədəki bəzi qaçqınların şikayətini də təşkil eləmək istəmişdilər.

Düşərgədəki qanunsuzluq, evlərin satılması haqda qəzetdə geniş yazı verdik. Evlərlə bağlı bir iqtisadi faktoru da xüsusi qeyd edim. Həmin dövrdə Azərbaycan qaçqın-köçkünləri BMT Qaçqınlar İdarəsinin himayəsinə alınmışdı və hər ay o evlərdə yaşayanlara qutularda ərzaq yardımı gəlirdi. Həm də “yaşamayanlara”. Ümid edirəm, düşərgədə ev alıb, yaşamayanların maraqlarını başa düşdünüz. Nəticədə imkansız qaçqınlar hələ də çadırda əzab çəkirdi, harın məmurlar isə əlavə gəlir əldə edirdi.

Yazımız dərc olunan kimi rayona mərkəzdən böyük komissiya göndərildi, günahkarlar cəzalandı, icra hakimini Araz çayına atıb boğdular… Əşşi, zarafat edirəm, qorxmayın. Haradadır bizdə o bəxt… Elə o cəzasızlığın ucbatından mən indi köhnə palan içi eşirəm. Yazımızı vecinə alan da olmadı.

Söhbət ondadır ki, bugünlərdə dövlət başçısının rəhbərliyi altında Nazirlər Kabinetinin iclasında qaçqın-köçkünlər üçün tikilən evlərin qanunsuz əldə edilməsindən, başqa şəxslərə satılmasından danışılıb. Bu kimi hallar (lap əski qəzetlərin formulu ilə yazsaq) şiddətlə qınanılıb. Ancaq 24 il qabaq belə qanunsuzluq edənləri cəzalandırsaydılar, indiyəcən bu əhvalat təkrarlanardımı? Necə deyərlər, köhnə hamam, köhnə tas.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …