Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Pritça oğrusu Arif Əliyev media “pristav”ı rolunda – Taleh Şahsuvarlı yazır

Pritça oğrusu Arif Əliyev media “pristav”ı rolunda – Taleh Şahsuvarlı yazır

Siz qərəzli danışırsınız, Arif Əliyev!

Siz primitiv danışırsınız!..

Siz xalqın, dövlətin, medianın maraqlarından yox, iddialarınızla potensialınız arasındakı uçurumdan heç vəchlə çıxa bilməyən bioqrafiyanızdakı uğursuzluqların məsuliyyətini başqa çiyinlərə yıxmaq üçün danışırsınız!..

Siz öz qərəzinizlə, dayazlığınızla, bacarıqsızlığınızla, amma yerə-göyə sığmayan ambisiyalarınızla sadəcə və sadəcə fitnəkarlıq edirsiniz…

Çox uzaq keçmişin söhbəti deyil, bir neçə ay əvvəl idi.

Sizin də daxil olduğunuz və “Media Klubu” adı altında təzə qiyafədə cəmiyyətin qarşısına çıxmaq istəyən çevrə- hansı ki, bir qismi ayrı-ayrı məmurları, iş adamlarını şantaj edərək bac yığanlardan, bir qismi də eynən sizin kimi uğursuz və bacarıqsız, amma yüz milyonlarca qrantın arxasına məharətlə keçmiş psevdo-intelligentlərdən ibarətdir- barədə yazmışdım.

Sizin də “cavab”ınızı oxudum.

OĞURLUQ ETMİŞDİNİZ!!!

Lin Çiyə məxsus məşhur Çin pritçasını öz adınızdan yazaraq, öz sözləriniz və düşüncələriniz kimi təqdim edərək medianın ən önəmli meyarı olan DÜRÜSTlüyə, yumşaq desəm, nə qədər əks tip olduğunuzu sərgiləmişdiniz.

İstənilən toplumda və istənilən situasiyada medianın digər sektorlar sayaq addım-addım önə getməsi, ən başlıca hədəfi olan GÜVƏNİLƏN İNFORMASİYA QAYNAĞIna çevrilməsi üçün ilk növbədə bu cameədə çalışanların öz işini DÜRÜSTCƏ görməsi lazımdır. Bu barədə media tarixinə keçmiş məşhur bir əhvalat da var.

Arif Əliyev, sizlərin ən böyük faciəsi odur ki, siz mediada və media üçün heç bir işin qulpundan dürüstcə tutmamısınız.

Mətbuat xidmətinin rəhbəri olduğunuz prezidentə qarşı dürüst olmamısınız!

“Yeni nəsil” Jurnalistlər Birliyinin ərsəyə gəlməsində xüsusi rolları olmuş adamlara, o cümlədən sıravi jurnalistlərə qarşı dürüst olmamısınız!

“Soros” fondunda dürüst olmamısınız, “Gün səhər” qəzetində dürüst olmamısınız, Mətbuat Şurasında dürüst olmamısınız…

Bu gün isə həmişə olduğunuzdan da betərsiniz!

Bax, pritça oğrusu, oğruların bağıraraq doğruların bağrını yardığı, haqqına girdiyi dönəmlər, yəni sizlərin dövranı çoxdan arxada qalıb.

Qərb donorlarından Azərbaycan mediasına axan yüz milyonlarca pulu dədənizin malıymış kimi böldünüz, yediniz, dağıtdınız, peşkəş çəkdiniz, bir mətbəə, bir yayım şirkəti, bir köklü kütləvi informasiya vasitəsi qurmadınız, qura bilmədiniz.

İndi “kəsək oturub daşın gününə ağlayır” deyimini xatırladacaq şəkildə adı Mətbuat Şurasının “qara siyahı”sının başında gələn saytlara müsahibə verir, guya kütləvi informasiya vasitələrinin ağır gününün dərdini çəkirsiniz.

Amma nədən müsahibənizdə “o gurlayan” KİV-lərdən danışarkən “Gün Səhər” qəzetini heç yada salmırsınız?

Axı o qəzetin Baş redaktoru siz idiniz və o qəzeti çıxarmaq üçün yüzminlərlə dollar məbləğində qrant almışdınız?!.

Siz soruşmursunuz, mən soruşum, hanı o qəzet?

Hər halda Azərbaycan hakimiyyətinin media siyasətinə məsul olan şəxslər pulunuzu əlinizdən almamışdı, kollektivinizi dağıtmamışdı, bilgisayarlarınızı, klaviaturalarınızı, printerlərinizi müsadirə etdirməmişdi, heç hansısa orta ranqlı məmur tərəfindən də məhkəmələrə çəkilməmişdiniz, bəs nə oldu axırı?

O oldu ki, o qəzet SİLMƏK üçün lazım idi- Arif Əliyevə pul, 8-ci kilometr bazarındakı tualetlərdə isə…

İstəyirsinizsə, maraq etdiyiniz “Zerkalo”nun da aqibətini deyim sizə, təkrar biliyin anasıdır.

Onu sizin can dostunuz Elçin Şıxlı ələ keçirdi, Allah bilir hansı fitnə-fəsadla rəhmətlik Rauf Talışınskinin əlindən aldı və … BATIRDI!!!

Təsəvvür edirsiniz, Elçin Şıxlı hələ də çoxdan vəfat etmiş adamı başçılıq etdiyi jurnalist təşkilatının saytında öz müavini kimi təqdim edir, Arif Əliyev adını “Yeni nəsil” qoyduğu- yanılmıramsa, heç adını da özü qoymayıb- ictimai birliyin bir saytını quraşdırıb üzə çıxara bilmir, amma elə danışırlar ki, sanki süddən çıxmış ağ qaşıqdırlar!

Əsla, pritça oğrusu, əsla! Siz qaşıq uzatdığınız bütün qabları, avarını çəkdiyiniz bütün qayıqları batırmış adamlarsınız. Naşı kapitanlar olduğunuz halda, gah dənizi, gah küləyi, gah da qayığın texniki təchizatını günahlandıraraq sonda özünüzü XİLASEDİCİ kimi aparırsınız.

Fəqət sizdən yollara qılavuz, dənizlərə gəmi, gəmilərə kapitan olmadığı kimi, heç xilasedici də olmaz.

Siz olsa-olsa İSLAHOLUNMAZ OĞRULARSINIZ!

Kiminiz pul oğrusu, kiminiz mal oğrusu…

Əslində, hansınızın nə oğurlamasının elə bir fərqi də yoxdur, Şekspir demiş, oğurluğun çirkin əməl olması oğurlananın maliyyətindən asılı deyil, fərqi yoxdur, qızıl oğurlanıb, ya iynə!

Hə, pritça oğrusu, Türkiyədə medianın bir sektor kimi Turqut Özal dönəminə təsadüf edən inkişafından nümunə gətirirsiniz. Amma lap başda söylədiyim kimi, primitiv, prosesin məğzindən xəbəri olmayanlara zahirən xoş görsənəcək şəkildə danışırsınız.

İşin əslini mən deyim, siz də bir balaca maariflənin.

1989-cu ildə Türkiyədə telekanallar dövlətin təkəlindən çıxdı. İlk açılan özəl telekanallardan birinin sahibi Uzan ailəsinə ortaq olaraq 46-cı hökumətin Baş naziri, həmin ilin noyabrında isə prezident seçilmiş Turqut Özalın oğlu Əhməd idi.

İkincisi, dövlət vətəndaşlara və şirkətlərə təsisçilik hüququ tanımasından sonra Türkiyədə müstəqil telekanallar o zaman çoxalmağa başladı ki, iri biznesmenlər kütləvi informasiya vasitələri yaratmaqla siyasi güclərə daha yaxın olmaq, böyük tenderlər udmaq və digər sektorlardakı bizneslərinə müştəri cəlb etmək şansları əldə etmək istədilər. Bunu qardaş ölkədə medianın inkişaf tarixini akademik səviyyədə araşdırmış bütün ciddi isimlər qeyd edir.

Həmin dövr üçün üçüncü önəmli tendensiya isə izləyici kütləsinin rəsmi dövlət kanallarından üz çevirməsi və öz ekranı qarşısında toplanması üçün yeni yaranan telekanalların əyləncə və maqazin proqramlarına üstünlük verməsi idi.

Azərbaycana qayıdaq.

Kim və nədə mane olur Arif Əliyevə?

Buyursun bir xəbər portalı açsın, doğru bildiklərini doğru bildiyi üsullarla yazsın, yaysın, kino çəkməyə də başlamışkən, sayt üzərindən yayımlanan video materiallar hazırlasın…

Önünü kəsənmi var?

Bütün dünya bir qarış telefonun ekranına sığır da nədən Arif Əliyevin “o böyük istedadı” yeni kommunikasiya vasitələri ilə üzə çıxmır?

Arif Əliyevin köşə yazarı olduğu sayt- Elçin Şıxlının rəhbərlik etdiyi layihə “Alexa” sıralamasına görə Azərbaycandan internetə giriş siyahısında neçənci yerdədir, bilirsinizmi?

5837-ci yerdə!!!

Həmin sayta girişin 7,57 faizini də “İctimai palatka” sözünü axtararaq ora təsadüfən daxil olanlar təşkil edir…

Bəli, problem dövlətdə, cəmiyyətdə, şəraitdə, siyasətdə, o siyasətin müəlliflərində və icraçılarında deyil, Arif Əliyevin özündədir!

Sonda bir məsələni də deyim.

Dövlət-xalqın təşkilatlanmış formasıdır.

Başqa sözlə bu o deməkdir ki, “xalqın danışan dili, görən gözü, eşidən qulağı” sayılan media elə dövlətin də dili, gözü və qulağıdır.

Arif Əliyevin bütün cəhdləri ona yönəlib ki, Azərbaycan mediası xalqın və dövlətin dili, gözü və qulağı yox, məsələn, Rüstəm İbrahimbəyovun Şəhidlər Xiyabanı yaxınlığındakı torpaqlara uzanan əli, hansısa beynəlxalq təşkilat çətiri altında toplaşmış casus şəbəkəsinin ölkəmizə bozaran üzü, lap elə Corc Sorosun balağı olsun!

Taleh Şahsuvarlı,

AzNews.az xəbər portalının Baş redaktoru

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …