Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Nə yaxşı ki, görüşdük… – Esmira Ismayılova yazır

Nə yaxşı ki, görüşdük… – Esmira Ismayılova yazır

Etiraf edirəm- bu yazını yazmaq həm çətin, həm məsuliyyətli gəlir mənə. Kövrək xatirələr dilə gələndə məntiq susur. Jurnalist peşəkarlığının önəmi yox belə məqamda.Burda əsas ürəkdir , bir də bu ürəkdən köz alan xatirələr, onları çözmək, düzmək bacarığı…

24 oktyabr 2018-ci il.Hər birimizin yaddaşımızın güncündə bir ömür boyu əzizləyəcəyimiz bir tarix oldu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 30 il öncəki məzunları -1012-ci qrupun müdavimləri doğma ocağımızı yad etməyə gəlmişdik. Qızlar vəfalı çıxmışdı-hamılıqca orda idik.Bir Mehribanla Ədibədən başqa.Onlar qrupumuzun vaxtsız xəzan tökümü idi….Zöhrab Əmirxanlı da gələ bilməmişdi. Nömrəsinə zəng çatmamışdı, daha heç vaxt da çatmayacaqdı… Ölümün qolları güclü idi, yoxsa ki, tək qoymazdı qrup qızlarını, o birilərini də məzəmmətləyib salardı yanına.Yeriniz yaman görünürdü, Zöhrab Əmirxanlı, Mehriban Əmirxanlı, Ədibə Abdullayeva…

1012 jurnalistika fakültəsində qızların çox oxuduğu bir qrup idi .5-6 oğlan tələbə yoldaşımızdan bu gün bəziləri vətəndən xaricdə, bəziləri iş ezamiyyətində idi.1-2-si üçün də bəlkə də bu görüş vaxt itkisi olduğundan almadılar yanımızı.Ömrüün verdiyi xoş fürsəti qaçırtdılar amma.

…Amma , Rauf Mirqədirovun hər birimizlə ayrıca telefon danışığı, hal-əhval tutması növbəti görüşlərimizə qədər çatacaq müsbət enerji bəxş etdi bizlərə.
Dünən bir az kövrək idik, bir az çəkinkən, bir az da utancaq.Bilmirdik 30 il əvvəl ayrıldığımız məkanda bizi gözləyən, arzulayan varmı? Necə qarşılanacağıq, vaxt-zaman ayıran, qapı açan olacaqmı bizlərə? Narahatlığımız əbəs imiş amma. Qəfil getsək də, doğma kimi qabağımıza çıxdılar.Doğma övlad ata ocağında hansı sevgi, istəklə qarşılanırsa, biz də o məhrəm münasibəti hiss etdik.Sürpriz gəlişimizdə əziz müəllimlərimiz-Nəsir Əhmədli, Cahangir Məmmədli, Zaur Babayev,Həmid müəllim, Tofiq Rüstəmovun yadigarı Sevinc xanım, Rəhilə xanım, Xalidə xanım.Bizə dəyər verib görüşümüzə qatılanların hamısı elə o vaxtkı gənclik həvəsi ilə diqqət ayırdılar hər birimizə-kimin hansı postu tutmasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq.Təşəkkürü də unutmadılar- 1012 olaraq daima ata evimizin-fakültəmizin üzünü ağ elədiyimizə, jurnalist adının ülviliyini qoruya bildiyimizə, əldə etdiklərimiz uğurlarımıza görə.Əsil ziyalılıq simvolu olan dekan Tofiq Rüstəmovun simasında dünyasını dəyişmiş bütün müəllimlərimizin xatirəsinin ehtiramlı anımı idi 24 oktyabr tarixi.

…Bilmirəm, ad çəkməyə ehtiyac var ya yox, amma 1012-nin yetirmələri – şəkildə gördükləriniz bu gün jurnalistikada öz sözü, dəst-xətti olan simalardır.
Kövrək xatirələr yağışlı bir gün oldu 24 oktyabr tarixi…Ağrılı, sevincli günlərimizin xatirəsini bölüşdükcə , 30 ilin ağır xatirə yükündən yüngülləşdik hamımız. Xoşbəxt sandıq özümüzü.Bir də insana xoşbəxt olmaq üçün nə lazımdır ki?…Bir az təbəssüm, bir az diqqət, bir az səmimiyyət.Dünənki gündə bu hisslərin hamısı var idi…
Təşəkkürlər, səmimi qəbula görə köhnə fakültəmizin yeni dekanı Vüqar Əliyevə, dünənki günündən bizə vaxt ayıran Nəsir müəllimə, Cahangir müəllimə, Həmid müəllimə, Zaur müəllimə, gənc jurnalist həmkarlarımıza, bu görüşün təşkilatçısı olan məzun yoldaşlarımıza .
Və bir də iş-ailə qayğılarını arxa plana ataraq görüşə dəyər verən, gələn hər birimizə!

 

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …