Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Gəlin qaçışı

Gəlin qaçışı

Zamin HACI

“İki azərbaycanlı parkda oturub siyasi söhbət eləyirlər:

– Gördün də, Ermənistanda Paşinyanın mitinqinə nə qədər adam çıxmışdı, iynə atsan yerə düşməzdi. Bəs bizimkilər deyir Ermənistan boşalıb, ermənilər hamısı dolanışığın çətinliyindən xaricə qaçıblar, bunlar kimdir?
– Əşşi, yəqin onlar erməni deyilmiş”.

(Real hadisə)

****

Bəzən adam həmvətənlərimiz sarıdan, ölkə sarıdan bədgüman olmağa başlayır. Fikirləşirsən nəsə deqradasiyaya uğrayırıq, milli kimliyimizi, tarixi mənliyimizi, canım sənə desin, “aerobikamızın istiotunu, duzunu, sirkəsini” itiririk. (Vaqif müəllim 80-ci illərin ortalarında o söhbəti yazarkən necə uzaqgörən olmuşdur, sarı simi nə qədər ustalıqla dınqıldatmışdır – hər dəfə görürük. Hərçənd, rəhmətlik özü də sonradan yaratdığı Moşu Göyəzənli obrazına çevrildi, Strasburqda çaxır içməyə getdi, sənət-zad yaddan çıxdı. Əsl xalq şairinə çevrilmişdi. Görünür bizimki tipli toplumlarda vaxtında Əzrayıl müəllimin qəbuluna düşmək də hardasa faydalıdır. Ancaq sizə deyim, müqəddəs yer doğrudan boş qalmır. Başqa bir rəhmətlik müğənnimiz var idi, televiziya verilişi aparırdı, əvvəldən axıra ancaq özünü tərifləyirdi. Bu yaxında mən cavan, sütül aparıcı gördüm, eynilə həmin manısın danışıq tərzini, maneralarını təkrarlayırdı. Az qala müxalifətə edilən qarğışın sözlərinə qədər eynilik göz deşirdi! Düşünürsən yəqin bu, onun oğludur. Adam adama bu qədər niyə oxşasın ki? Nəhayət bu lənətə gəlmiş mötərizəni bağlayaq, təmiz mövzu havasına çıxaq, yoxsa mötərizənin içində dəm qazından boğulub öləcəyik).

Təbii, özümüzü itirməyimiz hökumətin iqtisadi-siyasi hərəkətlərinə aid deyildir, o sahədə, namxuda, heç bir problem olmur. Hansı kursla getməliyiksə, o kursla da gedirik. Bizim “Titanik” öz istiqamətində istənilən buz dağını qırmağa qadirdir. Özün hesabını götür: bütün dünyaya maşın satan alman da bizim və rusun qazına möhtacdırsa, neyləmək olar? Necə deyərlər, çal oynasın, Əjdər əmi. Hellayı çal.

O cümlədən, müxalifət də həmişəki kimi öz yerində, öz milli davasındadır. Bu dava isə elə müxalifətin öz içindəki başqa ünsürlərə yönəlik aparılır. O vaxt sən niyə elə dedin, bu vaxt biz niyə belə eləyəndə siz heylə elədiniz, it gəlib örkəni aparanda doğanaqdan kim keçmişdi, xış daşa ilişəndə sən boynuna güc vermədin, mən o zaman yaxşı ot tapmışdım, onu qırpırdım və sairə və ilaxır.

Qonşularımızın siyasəti, beynəlxalq ab-havada da böyük dəyişiklik yoxdur. İran həmin İrandır, Turan həmin Turandır. Yəni, xarici dairələrin Azərbaycana təsirində hər hansı plyus-minus yoxdur ki, sən bunun da daxilimizdə təbəddülat, ya da durğunluq yaratdığını deyəsən. Bu da təbiətin bir lütfüdür, ətrafımızda bir dənə abırlı-həyalı ölkə yoxdur baxıb utanasan, xəcalət çəkəsən. Hamısı bizim tayımızdır, boz canavar dayımızdır. (Cümlənin hər hansı alt-üst mənası yoxdur, müəllif istefada olan şairdir, o üzdən hərdən qafiyə tutmağı sevir – müəllif).

Bəs yaxşı, bədgümanlığa, millət sarıdan narahatlığa səbəb nədir? Yazım, biləsiniz: çoxdandır gəlinlər qaçmırdı! Az qala bir il idi biz “Gəlin toya az qalmış (toyda, toy gecəsi, bəyin türkün məsəli, böyründən və sairə – jurnalistin fantaziyasından asılıdır) qaçdı!” başlığına həsrət qalmışdıq. Yalnız bu səbəbdən adam fikirləşirdi bəlkə biz manqurta çevrilirik? Bəlkə Avropanın yaxşı dəyərlərini götürüb pis dəyərlərini atarkən çaşıb hansısa pis dəyəri özümüzdə saxlamışıq? Gəlin deyilən məxluq axı niyə qaçmasın? Niyə ildə bir neçə dəfə qaçan gəlinlərin əhvalatına diqqət kəsilməyək?

Şükür. Min dəfə şükür! İki-üç gün bundan qabaq nəhayət hansısa gəlin qaçdı. Mən şəxsən öz adımdan, oxucularımız adından, Zəngilan rayon Pirçivan qəsəbəsindən qaçıb Biləcəri dəmiryol stansiyasının hamamında məskunlaşan sakinlər adından o gəlinə dərin minnətdarlığımızı bildirirəm. Bu münasibətlə şairin beyti ilə yazını bitirirəm:

“Həsrətindən Vaqif düşdü dərdə, gəl,
Heç əylənmə irəlidə, geridə, gəl,
Bir gəlibsən, kərəm eylə, bir də gəl,
Könlüm çəkir sənə intizar, gəlin!”

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …