Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Ermənistanda 10 il ərzində vəziyyət necə kökündən dəyişdi? – Şahin Cəfərli

Ermənistanda 10 il ərzində vəziyyət necə kökündən dəyişdi? – Şahin Cəfərli

On il əvvəl bu zamanlar Paşinyan həbs təhdidi altında qaçıb gizlənirdi. 1 mart 2008-ci il gecəsi meydan zorakılıqla dağıdılmış, 8 müxalifət tərəfdarı öldürülmüş, çoxlu sayda insan yaralanmış və bu hadisələr fonunda Qarabağ klanının ikinci təmsilçisi taxta çıxmışdı. Müxalifət pərən-pərən salınmışdı və ümidsiz durumda idi…

Bu gün o vaxtkı prezident, etirazların qan içində boğulması əmrini vermiş Robert Koçaryan təqsirləndirilən şəxs qismində müstəntiqlərin qarşısında idi və barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət olundu. Koçaryan bunu “vendetta” və “dövlətin altına bomba qoyulması” kimi qiymətləndirir. Vendetta məsələsində bəlkə də haqlıdır. Amma Koçaryan zamanında klan təəssübkeşliyi əvəzinə, hüquq və azadlıqlara əsaslanan dayanıqlı sistem qurmağa çalışsaydı, heç kim bu gün vendetta fikrinə düşməzdi, onun özü də indi məhbəs həyatına hazırlaşmaq əvəzinə, rahat təqaüdçü həyatını yaşayar, aqil adam qismində öz ölkəsinin yeni nəsil siyasətçilərinə məsləhətlər verərdi.

Ölkənin 2-ci prezidentini, “Arsaxın 1-ci prezidenti”ni, müharibənin ermənilər adına qəhrəmanlarından birini həbs etmək riskli addım kimi görünür, amma Ermənistan toplumunda Qarabağ klanının nüfuzu heç vaxt güclü olmayıb. Nə qədər qəribə görünsə də, Qarabağ və ətraf rayonların işğalında xüsusi rol oynamış bu adamlara Ermənistanda simpatiya saman alovu effektli olub və tez sönüb. (Başqa bir paradoks Ermənistanın və ermənilərin tarixində çox mühüm rola malik Rusiyaya xüsusi sevginin olmamasıdır.)

Yəni Koçaryanın həbsinin daxili siyasətdə Paşinyan üçün hər hansı neqativ nəticələrini gözləməyə dəyməz. Dağlıq Qarabağdakı silahlı birləşmələr üzərində bu klikin təsiri nə qədərdir, onu bilmirəm. Bəlkə də Paşinyanın tez tez Qarabağa getməsi Ermənistanda klanın zərərsizləşdirilməsi ilə əlaqədar orada etirazların baş qaldırması ehtimalı qarşısında preventiv tədbirlər görmək və öz mövqelərini möhkəmləndirməyə çalışmaq niyyətindən irəli gəlir.

Rusiya isə pat vəziyyətindədir: Bir tərəfdən Ermənistanda mövqeləri çox güclüdür, amma xalqın qəbul edəcəyi bir lider tapıb, onun üzərində öz siyasətini qurmaqda çətinlik çəkir. Sarkisyanın varisi qismində “Qazprom”un kadrı Karapetyanı hazırlamışdılar, amma plan iflasa uğradı. Növbəti gedişləri nə olacaq, maraqlıdır, yəqin ki, uzun müddət seyrçi qalmayacaqlar.

Ermənistandakı hadisələr bir daha göstərir ki, bizim regionumuz və oturuşmuş demokratik institutları olmayan bizim kimi ölkələr başda olmaqla, vəziyyət hər yerdə hər an dəyişə bilər. Yuxarılar bunu gərək unutmasın və əvvəlki kimi idarə etməyə çalışmasın. “Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən bu gün can verir” misraları burada yerinə düşür.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …