Ana səhifə / Köşə Yazarları / Bir kişinin qadını – Kara mia

Bir kişinin qadını – Kara mia

İnsan bir təhlükədən sovuşub qaçmaq istəyəndə yenisi onu ac canavar kimi qarşılayır. Üstünə gələn təhlükədən qaçmamaq lazım. Zaman və təcrübə həmişə bunu sübut edib. Yerini-yurdunu dəyişmək anlamsız bir çaba. Ya etdiyin cinayətin cəzasını çək, xilas ol, ya təhlükənin zərbəsini özündən keçir, rahat ol. Yayınmaq daha bərbadıyla üz-üzə qoyur.
1999-cu ilin sentyabr sarsıntısından qurtulmaq üçün Moskvaya üz tutdum – sentyabrdan apreləcən depressiyanın, yaşadığım yanlış sevginin iztirabları həm məni, həm evdəkiləri üzürdü. 2000-ci ilin aprelin 14-də Bakını tərk etdim. Moskvaya heç nəsiz və heç kimə demədən gəldim. Fikrimdə bizim diaspor cəmiyyətinin ofisində bir neçə gün qalmaq vardı. Aeroportdan birbaşa metronun “Park kulturı” stansiyasına gəlib yeraltı keçiddən keçib ofisə çatdırmaq istəyirdim özümü. Yeraltı keçiddə bir kafe vardı – kafedən keçidə giriş tam aydın görünürdü, gələn-gedən gözdən yayınmırdı. İçəridən gələn musiqi səsləri adamı cəzb edirdi. Kafeyə yaxınlaşanda bir qadın əlində mikfofon içəridən çıxıb məni məclisə dəvət etdi – qafqazlılar, ruslar toölaşan bu məclisin zəhmi ilk andaca adamı vururdu. Doğrusu, mən ekstremal situasiyalarda özümü heç vaxt itirməsəm də, bu yeyib-içmək məclisinin-mərasiminin artıq əndazəni keçən məqamına zorən düşməyimdən eyməndim, sonluğun pis olacağından narahat oldum. Həm uçuş gərginliyi, həm ruhi sarsıntılar, həm də bu məclisdən çıxanacan artıq yer probleminin yaranacağı məni gücsüzləşdirirdi. Amma əlində mikfofon tutan xanım həmən ofisianta bir badə gətirməyi və mənim bu gün ad günü qeyd olunan Karanı (Kara mən deyirəm – əsl adı ayrıdı və Moskvadakı dostlarım onu tanıyır) təbrik etməyimi rica etdi – keçmə rus məclislərində əziz tutulmaqdan.
Düzünü deyim ki, istər Moskvada, istərsə də Bakıda və digər şəhərlərdə yüngüləxlaqlı qadınlar hansısa addımıma, jestimə, davaranışıma və hətta yazıma görə ünvanıma tərif deyəndə, illah da ki “kişisən, kişi adamsan” deyə dəyər verəndə təpəm atıb həmişə. İndi Qalina Petrovna özünü təqdim edib mənə “mujçina, predstavlyaytes, i pozdravlyayte naşeqo doroqoqo Kara” deyəndə, içimdə qəribə bir sızıltı keçdi: “ah, bədbəxt qadınlar, siz necə də məsumsunuz, bu dəqiqə əclaflığı ucbatından vətənini, ailəsini qoyub gəlmiş miskin bir varlıqdan təbrik umursunuz”…
Çıxış yolu yox idi: əli xəncərli, beli tapançalı qafqazlı-ruslu bu məclisdən salamat çıxmaq lazım idi və gecəni yerləşməyə yer tapmalıydım.
Mikrofonu əlimə alıb bəri başdan bəyan etdim:
– Mən tanımadığım Kara haqqında təbrik söyləyəcəm – bu mənim qadın haqqında düşüncələrim olacaq. Amma mən içə bilməyəcəm. Ağır xəstəyəm və müalicə üçün Moskvaya elə bir neçə saat qabaq gəlmişəm, bu da mənim biletim. Həm də nəzərə alırm ki, məclisinizə “sportloto” şarı kimi düşmüşəm. Ümid edirəm sağlıqdan sonra mənə icazə verərsiniz ki, özümü ofisə çatdırım, gecələməyə yer tapım.
Kara üçün, üzünü hətta ona sağlıq deyəndə görmədiyim Kara üçün qadın haqqında ən xoş sözləri dedim. Onda özüm də özümə heyrət etdim. Rus dilində, gözəl təşbehlərlə, inanılmaz səmimiyyətlə, şirinliklə, ürəyəyatımlılıqla gözəl olan nə vardısa arzuladım. Bir təxminən yeddi dəqiqə yarım – sonra Kara özü mənə deyirdi ki, ey, tı, nerusskiy, yeddi dəqiqə yarım hardan sən o qədər gözəl arzuları tapdın? Zarafata salıb, “məni dənizə itələyən kim idi” lətifəsini  danışırdım, gülürdüm və deyirdim, qafqazlıların xəncəri, rusların tapançaları dedirtdi.
Zal – təxminən 60-70 nəfərlik məclis diqqətlə dinlədi və susdu. Birdən… O, arxası mənə tərəf olan, ad günü qeyd edilən Kara döndü, baxdı, baxdı və durdu!
Kim desə ki, Məltəm Haqqararı görməyib, tanımır, bilmir, şəklini atıram yazının içinə, qoy görsün.
O ayağa duranda arxadan baxdığım və gəldiyim qənaət buydu: tac qadın! Üzünü çevirəndə… “Məltəm Haqqarar”ın üstümə yeridiyini gördüm. Zal alqışlayırdı!
Mən ilk dəfə onda dərk etdim “adam elə gözəl görəndə ağlını itirir” sözünün anlamını!
Dünya gözəli üstümə gəlirdi – bilmirdim, o dediyimi bəyənmişdi, ürəyinə yatmışdı, yoxsa rumkanı başıma çırpacaq, məni məclisdən qovacaqdı. İstənilən halda Karadan nə gəlsə səadət idi!
Yaxınlaşdı. Mənə bir şeir de, – söylədi.
Dilim, bədənim bu gözəllik qarşısında əsə-əsə:
 Ya pomnyu çudnoe mqnovenye,
Peredo mnoyu yavilas tı,
kak mimolyotnuyu videnye
kak qeniy çistoy krasotı!
Hamı alqışladı…
Kara əlini qaldırdı. Dayandılar, susdular.
Düşündüm ki, camaat paza keçəndə, mən paçaya keçirəm, bu ifritə-mələk başıma oyun açacaq və yəqin ki bu mənə İlahidən ailəmə qarşı etdiyim haqsızlığın cəzası olacaq.
Kara:
– daha bir şeir söylə…
Şeirmi yada düşər, allahsızın qızı? Üstündən on yeddi il keçəndən sonra da aydınlaşdıra bilmirəm ki, mən Robert Rojdestvenskinin “pozovi menya” şeirini haçan öyrənmişdim ki, onda dedim və niyə məhz o şeiri…
qeyri-iradi:
–  Я давно знал и верил,
Ты сейчас идешь сквозь огни…
Оглянись на мгновенье,
Просто так — посмотри.
Если вдруг трудно станет,
Если вспомнишь ты о любви,
Позови меня, позови меня,
Хоть когда-нибудь позови!
Высоко в поднебесье
Самый первый гром протрубил…
И звучит, словно песня,
Жаль, что я слова забыл!
Если вдруг трудно станет,
Если вспомнишь ты о любви,
Позови меня, позови меня,
Хоть когда-нибудь позови!
şeirini söylədim.
Kara doluxsunmuşdu. Mən sağlığı bitirmişdim. “Deyilən sağlığa” təhrikləri altında Kara onun üçün gətirilən badəni içmişdi, mən əlimdə tutub dayanmışdım. Hamı məni təhrik etsə də, içmirəm dedim. Ən azından birini içsəydim dayanmayacaqdım və qaçıb aradan çıxmağa gücüm olmayacaqdı, plan cızmağa başım işləməyəcəkdi.
Kara əlimdəkini alıb içdi və… sərt hərəkətlə dönüb “hanı Kito, hanı Qarik” deyib mənə döndü: “getdik mənimlə”.
Finiti de la komedi! – dəhşət məni götürmüşdü. Biri meqrel qadını, biri erməni banditi, biri də sortunu, millətini bilmədiyim Kara. Ya rəbbim, məni nə oddu salmısan?
Sakitcə bu dünya gözəlinin və əshabələrinin dalınca düşdüm.
Kara elə bil yasdaydı, elə bil heç ad günü deyildi. Meqrel gözəli Kito da, erməni banditi Qarik də meyitə dönmüşdülər. Karadan əmr gözləyirdilər.
– Sür, daçaya.
Heç birimiz dinmirdik. Birdən yarıyolda Kara haralı olduğumu soruşdu. Dedim lənkəranlıyam.
– Qarik, sür mehmanaxanaya.
Yaxınlıdakı “İzmaylovo- abvqdeyka”nın “delta” korpusunda cəmi birnəfərlik bir otaq tapıldı.
Kara nə dedi, nə demədisə, Qarik bizi orda saxlayıb getdi.
Mən, Kara, Kitovan yuxarı qalxdıq.
Əynini soyunub uzanan Kara Kitoya “sevişin” deyə əmr etdi.
İndi mənim gicliyim tutdu:
– Mən Kitonu istəmirəm.
Düzdü, Kito da gözəl idi, səsi, danışığı, əzməcə-büzməcəsi can alırdı. Amma az qala məni şəkərə tutduracaq bu ifritə-mələkdən “qisas” almaq istəyirdim deyə ona cummaq istədim.
Sonralar, ta ayrılana qədər zarafatla dediyi “razinya” (yəni gicbəsər) müraciəti ilə “sən hələ Kitoyla bacar, sonra mənə tamah salarsan” qıcığı yaratdı.
Kito ilə Karanın uzandığı yataqda uzandıq – mən iksinin arasında. Heç nə olmamış kimi yatdıq.
Səhər ayrılanda Kara “nədi xəstəliyin” soruşdu. Xəstəliyim yoxdu, – dedim. Mən vəhşi kimi içirəm, dünən istəmirdim başıma oyun açım. Tanımadığım adamlar, özünü itirmiş məclis. Neynirdim ki içib? Mən hələ ofisə getməliydim. Qalmağa yer-yurd etməliyəm.
– Sən mənimlə gedə bilərsənmi daçaya, Krasnoqorska? Səninlə dərdləşmək istəyirəm.
– Səninlə ölümə qaça-qaça, gülləyə uça-uça getmək azdı, amma və lakin… mən bir faciədən qaçıb ayrısına tuş gəlmək istəmirəm. Depressiyadayam. Özümə gəlmək istəyirəm. Burda, məni tanımayan şəhərdə gündüzlər gəzib, gecələr ancaq yatmaq üçün gələcəm. Sənsə… dünya gözəlisən. Qorxuram. Etiraf edirəm.
– Mənim ehtiyacım var!
– Mən aciz adamam. İmkansızam. İşsizəm. Sənə yaramayacağam.
– Getdik, – amiranə şəkildə söylədi. Hər şey olacaq.
Kitodan ayrılıb Kara ilə taksi tutub Krasnoqorskdakı daçaların birinə gəldik.
İri hündür şam ağacları, geniş həyət, bağ, ağaclar, hovuz, sauna… ikimərtəbəli yaşayış evi.
Duş qəbul edəndən sonra yüngülvari nahar etdik – soyuducudakı arağı çıxarıb ad günündə dediklərimi bir də təkraralamağımı xahiş etdi. Patefon valı kimi bir də təkrarladım. Eyni ürəklə və səmimiyyətlə.
Sadəcə bir kəlmə dedi:
– Mən səni doqquz ilyarım idi gözləyirdim!
Sonra pul verdi, siyahı tutdu ki, get, bunları al: dırnaq, keşniş, şüyüd. Bir də “qjelka” arağı.
Təbii ki, o demədi, mən də soruşmadım hardan və necə.
Mən əvvəllər də bağ evlərində qalmışdım Moskvada, daçalardakı itlərdən qorxurdum.
Bircə içimdə bağ itlərinin qorxusu çıxdım. Gəzə-gəzə gəlib tapdım mağazanı. Yazılanları aldım və qayıtdım.
– Bu yaxşıdı ki, sən soruşmadın hardan alım, necə gedim. Gözümdən düşərdin. Kişi soruşmaz.
– Kara, mənə kşi demə! Mən kişi deyiləm!
– Dünən Kito ilə yatmamağın, bu gün soruşmamağın, axşam dediklərini içəndən sonra belə olduğu kimi təkrarlamağın… bir günün içində bunlar çoxdu.
– Kara, mən əclaf adamam. Sən mənim vəhşi biri olduğumu bilmirsən…
– Gəl, xaş bişirək…
– Evimizdə qız uşağı olmayıb, anam da çox vaxt xəstə olub, uşaq yaşlarımdan yemək bişirmək, ev yığışdırmaq, paltar yumaq əzabı çəkmişəm, o evdən çıxandan bu işləri görməyə allergiyam var. Məni qatma.
– Yanımda dur, bəs edər…
Dırnağı təmizləməyə başlamasından az keçmiş bıçağı əlindən aldım. Başladım təmizləməyə.
Balta ilə doğradım hərəsini dörd yerə. Atdıq qazana.
Kara şüyüdü, keşnişi doğradı. Sirkə-sarımsağı hardansa gətirdi, əzdi, düzdü-qoşdu. Dırnağın yağı çıxandan qazanın suyunu atmağı təklif etdi. Atdım, təzədən su doldurub qoydum. Mətbəxdə oturanda birdən soruşdu ki, sən o şeiri hardan bilirsən?
And içdim ki, bilmirəm. İlahidən gəldi. Haçansa oxumuşam, o anda xatırladım.
– O şeiri mənə ərim oxumuşdu. Ondan başqa heç kim. Doqquz ilyarım keçib. Və dünən sən oxudun. Elə bildim Rafiq ölməyib. Elə bildim Tibb İnstitutunun iki sevimli tələbəsi təzədən rastlaşdı. Mən Rafiqdən sonra heç bir kişi ilə münasibət qurmadım. Heç kimi sevmədim. Cavan öldü deyə, başdaşında “sənin ölməyə haqqın vardımı?” yazdırmışam. Öz başdaşıma da öləndə yazdıracam: “Mən ölümə on il gecikdim”…
– Kara, mən qadınlara inanmıram. Ətrafında əlli kişi vardı. Hamısı da supermen – imkanlı pullu, xəncərli-tapançalı. Mənə nağıl danışma. Hisslərinə hörmət etmək borcumdu, qulaq asacam. Amma bakirə Məryəm obrazı yaratma. Özü də hardan bilirsən ki, ölməyə on il gecikdin.
– “Razinya”-gicbəsər, mən sənə həyatımı danışacam və öləcəm. Sənə dediklərimin həqiqət olduğunu biləcəksən. Səni inandırmağa çalışmayacam. Özün əmin olacaqsan.
– Niyə mənə danışacaqsan ki? Nə üçün mən? Axı mən sabah çıxıb da gedə bilərəm. Mənə maraqlı olmaya da bilər…
– Sən heç hara getməyəcəksən. Biz indi oturacağıq süfrəyə, bir də mən söhbəti bitirəndə duracağıq. Evdən çölə çıxmayacağıq…
– Karaa…
– Sus…
– Kara, mənim ailəm var. Ailəni uzun müddət tək qoymaq fəsadlara səbəb olur. Ailə dağılmağına gətirib çıxarır. Xəyanət baş verir. Üstəlik də mən ailəmə xəyanətdən sonra bura gəlmişəm. Hər cür dəstək olmalıyam ki, inciklik unudulsun, qadınım məni yenidən qəbul etsin. Təkcə uşaqların olmağı bəs deyil…
– O ailə ki, ayrılıqdan dağılacaqsa, yaranan boşluq xəyanətə gətirəcəksə, onu qorumağa can atma! Boş ver.
– Sən bilmirsən ailə namusu nədi… Kara, kişi gərək öz qadınını hər gün fəth edə. Bircə gün boş buraxmaq olmaz. Bu onların naturasıdı. Üstəlik də öz arvadlarına qapaz vurub, oynaşı olduqlarına canım deyən xoşqeyrətlərin sayı artır. Zəmanə qəddarlaşıb. Mən jurnalist kimi minlərlə qadının taleyiylə tanışam. Hər qadın möhkəm deyil. Yəqin ki taleyini danışmağın bir həftədən çox çəkməz. Bir həftə vaxtın var. Ondan sonra gedəcəm. Başla…
– Danışdıq. Mən başlayıram danışmağa və bitəndən sonra sən gedirsən…
– “po rukam…”
Kara radionu açdı – onda indiki kimi internet yox idi. Bir-iki fm kanalı vardı və orada dünya musiqisi inciləri səsləndirilirdi. Sonradan şahid olduğum kimi, Kara hansı mahnının haçan veriləcəyini dəqiq bilirdi.
Sonradan… Kara mənə həyatını danışdıqca və mahnıları xırdaladıqca, mənə sevdirdikcə, mən dünyada qadının kişidən milyon dəfə üstün olduğunu, milyon dəfə artıq ailəyə sədaqətli olduğunu, milyon dəfə artıq fədakar olduğunu anladım.
Kara mənə Andre Moruanı bütöv oxutdu!
Kara mənə Stefan Sveyqi oxutdu.
Karayla Dostoyevskini, Tolstoyu, Çexovu vərəq-vərəq oxuduq, adladıq. Fet, Mayakovski, Cerom K. Cerom, Kafka, Kamyu…
Opera və Balet Teatrında, Kamera Musiqisi zalında… günlər keçdi.
Kara dünyanı və ətraf mühiti unutduracaq qədər füsunkar idi – sonra həyatıma gələn qadınlara deyirdim. İnansalar da, inanmasalar da. Mən içimdə yaşayan, yaranan qənaətlərə ünvan axtarırdım. İstəyirdim o cür gözəl sözləri eşidən qadın olsun, özünü xoşbəxt saysın.
Kara xoşbəxt deyildi!
Kara xoşbəxt olmaq istəməmişdi!
Kara həyatını danışmağa başlamışdı – xaşla vurmağa başlayanda. Sonra o xaşın suyunu “xolodok” deyilən bir hala salıb soyuducuya qoyub davam etmişdi.
Kara danışırdı Rafiqdən…
Fasilədə mən araq almağa gedirdim, eləcə də zəruri ərzaq mallarını.
Pul olmayanda evdəki şeylərdən verirdi, aparıb satırdım yol qırağında – ucuz qiymətə.
Amerikadan gələn qab-qaşığa, fotoaparata, ütüyə qədər. Nə keçirdisə əlinə verirdi, aparıb satırdım. Pal-paltar tutumuş yorğan-döşəyəcən də vermişdi satmağa.
Bircə almanların istehsal etdiyi “zinger” tikiş maşınına qıymırdı.
Antikvar əşyalardan day qalmamışdı.
Mən ayın tarixini və ayı unutmuşdum.
Əlbəttə, Karaya pul gəlirdi – o dost-tanış vasitəsiylə qafqazlıları Rusiya qeydiyyatına aldırırdı, saxta pasport düzəltdirirdi. Xeyli də pul qazanırdı – ayda iki min dollara qədər. Amma bəs eləmirdi. Biz evdən demək olar ki ancaq, teatra, konsertə, kinoya gedəndə çıxrıdıq. O da taksiylə. Yenə ev, yenə xatirələr.
Amma hər həftənin altıncı günü Kara kiməsə zəng edirdi, Moskvanın ən gözəl xanımlarından seçib birini göndərirdilər. Hazır yeməklərlə dolu qazanlar da gəlirdi, seçmə araqlar, likörlər, tekilalar, konyaklar, çaxırlar.
Və Kara hər altıncı-bazar günü həmişə olduğu kimi mənimlə bir çarpayıda yox, ikinci mərtəbədə – Rafiqlə yatdığı otaqda – olurdu: bəzən onun vəhşicəsinə ulaması, ağlaşma qurub üz-gözünü, saçını yolması ürək dağlayırdı.
Karaya onda yaxınlaşmaq olmurdu.
Çünki bizimlə – zəngə gələn xanımla birgə oturub yeyib-içir, duranda deyirdi ki, dünyanı unudun, həzz alın, mən qalxdım. Narahat olmayın və mənə fikir verməyin.
Hər həftə bir qadın gətizdirirdi – əgər keçən dəfəki xoşuma gəlmişdisə, təkrar istəyəndə deyirdi ki, razinya, adam bir fahişə ilə iki dəfə görüşməz, görüşdüsə vərdiş edəcək, vərdiş etdisə üçüncü dəfə görüşəcək, üçüncü dəfə görüşdüsə, vurulacaq, vuruldusa kişilikdən düşəcək, fahişə qadını sevən kişinin aqibəti miskinlikdir. Nə qədər desəm də ki, Kara, mən gedəcəm, sənə nə fərqi var ki, mən msikinəm, ya dahi?
– Sən hələ də anlamamısan ki, mən niyə səni seçdim dərdimi bölməyə. Sən bunu anlayan gün gedəcəksən və həyatın boyu zülm çəkəcəksən. Tapmayacaqsan. Olmayacaq. Sən hər yerdə o qadını axtaracaqsan…
Artıq Kara ilə ərklə danışdığım mərhələydi, onu danlaya, bəzən zarafata əl də qaldıra bilirdim:
– Kara mia (əziz Karam), bütün qadinlar fikrləşir ki, onları atıb gedən kişilər peşman olacaq, onlardan yaxşısı olmayacaq, amma qadınlar əvvəlkindən yaxşı kişi tapdığı kimi, kişilər də daha yaxşısını tapır. O ki qaldı sənə… sən ömrümün qadını deyilsən ki? Artıq neçənci aydır bir yataqda uzanırıq, arxa-arxaya, qucaq-qucağa yatırıq, aramızda heç bir hiss yoxdur, yəni bu nə intimdi, nə sevgi. Sənin yanında sənin istəyinlə ayrıları ilə görüşürəm.
– Razinya, mən ki görüşmürəm! Mən ki sənin gözünün qabağındayam altı aydı. Heç kimlə cükküldəşmirəm.
– Hə, Kara mia. Sən görüşmürsən. İnanıram, sən Rafiqi öləndən sonra belə kiməsə dəyişmirsən, dəyişməyəcəksən.
Kara mənə Rafiqin zarafatlarınacan danışmışdı. Bədənindəki bütün cızıq-çapıqları da sevə-sevə xatırlamışdı. Hansı şəkli harda necə çəkdiklərini də. Yalnız Kara deyəndə ki, altı ayda heç kimlə görüşmürəm, onda bildim ki, biz altı aydı bir yerdəyik – mən vaxtı və hər şeyi, hər kəsi unutmuşdum. Kara düz demişdi – o bir dəfə danışmağa başlamışdı və bu altı ay çəkmişdi və hələ davam da edəcəkdi.
Deməli, mənim qızım artıq məktəbə gedir – amma mənim xəbərim yox idi!
Deyim ki, Karaya bunu deyəndə, gülümsədi. Ürəyimdən dəhşətli dərəcədə Karanı vurmaq keçdi!
Amma bilmirəm niyə vurmadım. Mən onu vurmasaydım, ölərdim. Amma ölmədim də.
Fikirləşdim ki, sonra vuraram. Kara özü gülləyə gələcək.
Ancaq həmin anda Karaya əl qaldırmamaq üçün bircə arqument vardı – qarşımda bütün gözəlliyinə Moskvanın baş əydiyi bir xanım vardı. Ömründə yalnız və yalnız bir kişinin xanımı olmuş xanım! “Kara mia” deyib əzizlədiyim, pərəstiş etdiyim, həyatı mənə anladan, ədəbiyyatı, musiqini, xüsusilə də türk musiqisini, Azərbaycan bəstəkarlarını sevdirən bir xanım. Mənim olmasa da, amma dünyada var olan sədaqətli bir qadın. Ən azından dostum kimi fəxarətliydi – etalon qadın.
Bir dəfə həddən artıq yorulmuşdu. Çox içmişdik. Danışa bilmirdik. Ona zəng gəldi.
– Sən ad günündə olacaqsanmı?
– Yox,- dedi. Təəccüb etdilər. Qəfildən dedi:
– Səfirliyimizdəndi. Tofiq Quliyevin ad gününə çağırırlar.
Dəhşətdən bayıldım – bu xanım həm də dahi bəstəkarımız Tofiq Quliyevin tələbəsi olubmuş!
Mən də deyirəm bu qadında musiqi dünyasına bu qədər bələdlik hardan!
Ədəbiyyatı birtəhər başa düşürdüm ki, adamdı da, neçə ildi Moskvadadı, oxuyub.
Mən artıq çökmüşdüm. Millətini də bilmirdim. Ətrafı erməni-gürcü, meqrel, abxaz, rus, ukrain, tatar, əlqərəz, kim istəyirsən var idi. Hamıyla rusca danışırdı.
Heç vaxt qadının sumkasına əl atmağı xoşlamamışam. Telefonuna da baxmağı əskiklik saymışam. Kara hər zaman sumkasını və əl telefonunu ortaya qoyardı – zatən də bir yerə çıxmırdıq deyə elə də hardansa götürüb harasa qoymağa ehtiyac olmurdu. Və mən düzəltdiyi pasportların pulunu götürməyə gedəndə mənə bir pasport da verdi. Soruşdum ki, bizə kimsə gəlməyib, bu pasport səndə hardndı
Gülə-gülə:
– “Razinya”, bax, mənimdi.
Baxdım. Kara mia məndən 10 il böyük idi.
Kara mia dünyaca məşhir bir bəsətəkarın qohumuydu.
Kara mianın erməni qarışığı var idi.
Kara mia… bunları mənə deməmişdi.
Bəlkə də deyəcəkdi, çünki hələ Rafiqdən danışırdı və artıq səkkizinci ay idi.
Bakıda zəlzələ olmuşdu. Kara mia Bakı üçün ölürdü. Özü deyirdi ki, saxta pasportla ildə bir dəfə Bakıya gəlir. Dəli olmuşdu ki, görəsən çox dağıntı olmayıb. Əlimə fürsət düşmüşdü. Aradan çıxacaqdım.
Artıq uşaqlarım üçün darıxırdım.
Artıq Bakı üçün darıxırdım.
Artıq Kara mia tez-tez deyirdi: “Mən on il gec öldüm”
Deyirdim, gəl ayrılaq, Kara mia – dünyanın bir kişili qadını. Deyirdi, inandın mənə?
– Sənə inanmağım lazımdı? Axı sənə ilk gündən dedim ki mən qadınlara inanmıram. Ona görə də yaşa. Neynirsən ölməyi? Bu dünyaya və ərinə sənin sədaqətin lazım deyil, sevgin də həmçinin. Sənin haqqın yox idi özünə qəsd etməyə. Sənə səkkiz aydı hədis danışıram, sənsə hər həftə qalxırsan ulamağa, üz-gözünü cırmağa. Sən dünyanın ən vəhşi adamına sədaqətli xanım olduğunu sübut etdin, unutdun ki buna ehtiyac yox id. Allah bilirdi də sənin kimliyini. Amma sən məni psix elədin. İndi mən bütün qadınlara sənin gözündən baxacam, hamını acılayacam. Sənin kimi olmayan qadınları incidəcəm. Aldadacam, yalan deyəcəm, ziyan vuracam. Nədi-nədi, bir sadiq qadın tanıdım. Sən kişilərin beynini işğal edirsən, onların həyatını məhv edirsən, özünə də haqq qzandırırsan ki, sadiq qaldın ölənəcən. Bir kişinin qadını oldun. Mən neçənci kişiyəm bu evdə?
– “Razinya”, sən ilk və son kişisən… Sən heç vaxt anlamazsan ki, qadın anında seçim edir, aşiq olur. O an bir də olmadı!
– Kara mia, mən səni başa düşürəm, həmişə səni nümunə göstərəcəm ki, Kara yalnız bir kişiyə məxsus qadın oldu. Bu səni xoşbəxt edəcəkmi? Lazımdımı bu yersiz sədaqər, gərəksiz sevgi? Axı bu o qədər də üstün keyfiyət deyil. Dünyada nə qədər qadın var ki, ərinə sadiqdi, fədakardı. Sən sadəcə, fahişə mühitində özünü saf saxlamaq istəyirsən. Sən normal mühitdə olsan, bu elə də önəm daşımaz. Sən də əzab çəkməzsən. 21-ci əsr Moskvasında bu nə özünəqəsddi? Sənin gözəlliyin xoşbəxt etməkdənsə, məhv edir.
–  “Razinya”, sən manyaksan, hər şeyi dağıtmaq istəyirsən, hətta sənə gəlib saf çatmış birini də…
– Kara mia, sevirdinmi məni? İstəyirdinmi? Vurulmuşdunmu? Ssenari qurmaq nəyə lazım idi? Birbaşa deyəydin… Mən düşündüm ki, sənə ancaq sevgi xatirəni dinləmək üçün müqəvva kimi lazımam. Heç elə bir fikrim də olmadı fikrindən döndərməyə. Əgər bilsəydim ki, kiminləsə münasibətin olub, bu səkkiz ayda səkkiz dəfə zorlamışdım səni. Axı sən doğrudan da, bir kişinin qadını olmağı bacarmısan. İndi mən neynim ki, sən o qadını mənim əlimlə öldürmək istəyirdin. Mən sənin qatilin ola bilmədim!
-…
– Gedirəm…
– …araq al, gəl!
– Yaxşı…
***
Mən üstümdə cəmi bir neçə yüz rubl əsas yola çıxdım və birbaşa aeroporta gəldim. Aeroportda Özbəkistandakı səfirliyimizin əməkdaşlarından biri mənə yaxınlaşdı – mən yaz paltarındaydım. Havada isə temperatur mənfi 29 dərəcə idi, – nə kömək lazım olduğunu soruşdu. Sakitcə, “Bakıya uçmaq istəyirəm, biletim yoxdu” dedim.
Bilet aldılar və mən Bakıya uçdum.
Səkkiz aydan bəri xəbərsiz qoyduğum evə qayıtdım. Həyata saxladığım yerdən davam etdim. Başa düşürdüm ki, hələ bu sonralar baş versə də, mən artıq ailəni itirmişəm. Sadəcə, addımlamaq lazım idi. Kara dünyamı alt-üst etmişdi. Dedikləri beynimi qıcqırdırdı: fahişə ilə uğraşan kişilər getdikcə biqeyrət olur, onlar yad qadınların qucağında hətta öz qadınlarının da xəyanətini həzm edə bilir! Dostları fahişələrlə oturub-duran kişilərə etibar göstərmir, yeri gəldikcə onlara xəyanət edir, bəzən hətta ölümlərinə səbəb olurlar.
Kara kabus kimi sürünürdü dalımca.
“Sən anla, ailəndən ayrı keçirdiyin vaxtı hesab et ki, türmədə olmusan, yenidən davam edəndə nəzərə al ki, bütün prinsiplərindən keçməlisən. Sən öz gözündən düşəcəksən. Amma buna dözməlisən. Çünki səni qabaqda daha böyük əskilmələr gözləyir. Alçaltdığın qadının ahı səni dikəlməyə qoymayacaq. Sonunda intihar edəcəksən. Qatil ola bilməsən də”.
Mən dörd il sonra intihara can atdım. Kara məni özündən daha sərt burulğana atmışdı…
***
Səfirlikdəki tanışlardan biri dostum Ruslana demişdi ki, Aydın Karanın evindən oğurluq edib qaçıb. Ruslan sonra mənə dedi. Mən təzədən Moskvaya uçanda Karanı yığdım. Cavab yox idi. Dediyi qəbristanlığa getdim. Başdaşında yazılmışdı: “Mən on il gec öldüm”
***
Səfirlikdə isə mənə məktub olduğunu dedilər. Açdım, oxudum.
“”Razinya”, bağışla, mən səfirlikdə evimi oğurlayıb qaçmağını demişdim. İstəyirdim səni tapıb gətirsinlər, son günlərimi səninlə keçirim. Narahat olma, zəng edib həqiqəti demişəm: “Mən onu sevirdim, qaytarmaq istəyirdim”
Rafiqin Karası, sənin Kara mian”
***
Kara mia… xoşbəxt ömrü bədbəxtliyə çevrilən qadın. Sənin başdaşına baxıb pıçıldayıram: sənin ölməyə haqqın vardımı?
Elə Rafiqin də haqqı yox idi.
Qadınlar Kara ola bilər, amma Rafiq olmaq çətin məsələdi.
Vaxtından əvvəl ölməyi də bacarmaq lazımdı!
Aydın CANIYEV

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …