Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / ASLANIN MİN “OYUNU”…

ASLANIN MİN “OYUNU”…

…Və ya Qrin xislətli İsmayılov…

“Əgər ünsiyyətdə olduğun hər kəsin zəif nöqtəsini kəşf etsən, oynanan oyunda qazanan yeganə tərəf özün olacaqsan”.
Robert Qrin

R.Qrinin maraqlı fikirlərindən biri də rəqibə qarşı döyüş metoduyla bağlıdır. Rəqibləri sürüyə, onların liderini çobana bənzədən yazar düşmənə qarşı mübarizə üçün bu tövsiyyələrdə bulunur: “Çobanı vurun, qoyunlar öz-özünə dağılacaq”.

Düzü, vəkil Aslan İsmayılovun Robert Qrinin yaradıcılığı ilə tanış olub olmadığını bilmirəm, amma ehtimalım var ki, başı ara qatmağa məşğul birinin mütaliəyə zamanı olmaz. O olsa-olsa mazaxizimi əks etdirən elmi və ya bədii kitabların axtarışında ola bilər ona da yenə ara qatmaqdan zaman taparsa.

Əslində bəlkə heç kitablara da ehtiyac yoxdur, çünki adam “fitri istedadlıdır”. Öz məqsədləri üçün bir ağacın min budağını da gəzir lazım gəlirsə. Bir də var, o qədər gəzir dolanır ki, təkrara məcbur olur. Yəni “pryomlar” bitir. Bir də bu adam unudur ki, etdiyi “pryomlar” həm də kənardan izlənir axı. Əlqərəz gələk mətləb üstünə. Yəni Aslan İsmayılovun oyunları və “priyomlarına”.

Bilməyənlər üçün bir də onu deyim ki, atasının qoyduğu adı belə dəyişdirməkdən çəkinməyən bu adamın şantaj tuş gələn yeganə ünvan deyil bəndeyi-həqiriniz.

Yazdıqlarından hali olmasa da Aslan İsmayılovun bütün fəaliyyəti Robert Qrinin təlimatı üzərində qurub. O da özünün ənənəvi şantajlarında böyüklərə təsir etmək üçün nisbətən xırdalardan başlayır. Xirdaları əldə etmək üçünsə öncə şərti söyləsək suyu bulandırır. Keçək kimdir xırda kimdir böyük məsələsinə.

Yəqin ki, özünü yandıran Qarabağ müharibəsi iştirakçısının faciəsi çoxlarının xatirindədir. Bir müharibə veteranının, əlilin faciəsindən faydalanaraq, Aslan İsmayılov qeyri-qanuni əldə etdiyi torpaq sahəsini özəlləşdirməyə çalışmışdı. Özünə hüquqşünas deyən bu adam adamı özünəqəsd həddinə gətirdiyi, məsələyə tanınan məmurlardan birinin adını qoşmağı belə ar bilmədi. Hansı ki, baş verən olayda gün kimi aydın olan cinayət tərkibi var. Aslan İsmayılov öz şəxsi mənfəətlərinə görə, nəinki Qarabağ əlilini, hətta ən yaxın adamlarını belə satmağa hazırdır.

Onun satdığı adamlardan biri özünün karyerasında mühüm rol oynayan, Azərbaycana gəlişində misilsiz xidmətləri olan İlyas İsmayılovdur. Hər halda ölkəmizin nüfuzlu mətbu orqanlarından biri azpolitika.info bu qənaətdədir. Saytın 24.12.2016-ci il tarixli buraxılışında “İlyas İsmayılovu “Kaşelyoka” satan adam” başlıqlı yazıda bildirilir:“Zülfüqarlılardan Oskayana, Bozaçıyanadək, harda böyük məbləğli mübahisələr var, Aslan İsmayılov ordadır. Hələ onun bir yetimdən, kasıbdan ötrü ortaya çıxdığını, ona vəkillik etdiyini görməmişik. Aslan İsmayılov pula görə ona atalıq etmiş bir şəxsi – İlyas İsmayılovu “Kaşelyok” ləqəbli birinə satmış adamdır!”

Aslan İsmayılov eyni şantaj metodlarından hətta ölkə rəhbərinə qarşı istifadə etməkdən çəkinməyəcək qədər “cəsur”dur. Maraqlıdır ki, Aslan İsmayılov bu təşəbbüsündə belə, Robert Qrinin tövsiyyələrini unutmayıb. Zira Robert Qrin də öz əsərində tərəfdarlarına bunları məsləhət görürdü: “Kiminlə rəqs etdiyinizi bilin, səhv ayağı tapdalaya bilərsiniz”.

Görünür, Aslan İsmayılov da səhv ayağı tapdalamamaq üçün öz şər-böhtanına zəruri qeydlər əlavə edib:
“Əminəm ki, bütün varlıqları ilə həbsimi arzulayanlar bu yazını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin stolunun üstünə qoyub bunları deyəcəklər: “… Bu, artıq bütün hədləri aşıb, icazə verin, onun həbsini reallaşdıraq”.

Aslan İsmayılovun bu kobud, sayğısız fikirləri, şantajlarına tuş gələn ciddi iş adamları da var. O, bütün gücüylə həmin iş adamlarını və onların işi keçdiyi “yuxarıları” şantaj etməklə öz istəyinə çatmağa çalışır. Düşünür ki, ya bu təzyiqlərə duruş gətirməyən iş adamları nəhayət bezib onu pul qarşılığından susdurmağa çalışacaqlar, ya da ilişdiyi dövlət adamları geri çəkilmək məcburiyyətində qalacaqlar. Beləcə, iş adamları üzlərinə bağlanan rəsmi orqanların qapısını açmaq üçün Asan İsmayılovu daha artıq maliyyələşdirməyə, onun himayəsinə sığınmağa çalışacaqlar. Bu minvalla da hüquqşünas dövlət içərisində dövlətə çevriləcək.

Bu mənada şantajçı hüquqşünasın hədəflərindən biri də bu yazı müəllifi olaraq mənəm. Dəfələrlə haqqımda sosial şəbəkələrdə yazdığı statusları ilə öz aləmində bağlı olduğum “yuxarı dairələri” hədəfə alan Aslan İsmayılov çox ciddi adamları məni himayə etməkdə ittiham edir. O yazılarında heç bir əsas göstərmədən “yumurta mafiyası”nın himayəçisi qismində Prezidentin ictimai məsələlər üzrə köməkçisi Əli Həsənov, bəzən isə Ədliyyə naziri Fikrət Məmmədovun adını hallandırır. Halbuki, mənim bu dövlət adamları ilə yeganə bağlılığım onların üzvü olduğu komandanın idarə etdiyi ölkənin iş adamı olmağımdır. Dəfələrlə qeyd etdiyim kimi yumurta işi, üzərində mafioz əlaqələr qurmaq üçün rentabelli sahə deyil. Mən sadəcə bu gün ölkəmizdə aparılan qeyri-neft sektorunun quruculuq prosesində iştirak edir və cənab Prezidentin yeni iqtisadi doktrinası istiqamətində əlimdən gələni əsirgəmirəm. Məqsədim, ölkəmizin qida təhlükəsizliyinin təmin olunmasında qarşıya qoyulan hədəflərin reallaşdırılmasında kiçik də olsa rol oynamaqdır. Erməni iş adamlarından təlimat və qonorar alan hüquqşünas Aslan İsmayılov isə məlum şantajlarla ölkəmizin qida təminatını yenidən xarici qüvvələrdən asılı vəziyyətə gətirmək istiqamətində çalışır. Əslində ölkə rəhbərliyi də bunun fərqindədir və indiyədək Aslan İsmayılovun şantajlarının heç bir səmərə verməməsinin əsas səbəbi də məhz bu həqiqətdə bağlıdır.

Özünə vurğunluq sindromu, yəni psixoloji sorumluluqlar məngənəsində olan Aslan İsmayılov üçün milli-mənəvi dəyər, dostluğa sədaqət, dövlətçiliyə xidmət kimi anlayışlar yoxdur. O, yalnız öz şəxsi mənfəətlərini üstə tutan adamdır. Dünyaya öz cibindən baxan hüquqşünas mənfəətləri naminə nəinki yaxın dostlarını, hətta dövlətinin milli maraqlarını hərraca çıxara biləcək xarakterdədir. Hər halda vaxtilə onunla səngərdə dayanan köhnə dostları bunu etiraf edirlər.

“Yeni Musavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun ötən ay qələmə aldığı “Aslan İsmayılov niyə vətən xaininə qoşuldu” sərlövhəli yazısını da bu qəbildən saymaq olar.

Uzun illər hüquqşünasın yazılarını təmənnasız dərc edən və buna görə onunla bərabər məhkəmələrə çəkilən “Yeni Musavat” qəzetinin qarşı tərəflərin də fikirlərinə yer verdiyinə görə Aslan İsmayılovun şantajına məruz qalmasını və hətta bu mətbu orqana qarşı vətənə xəyanətdə suçlanan İsgəndər Hüseynzadə ilə ittifaq qumasını Rauf Arifoğlu bu cür qiymətləndirib: “Qəşəng ittifaq qurublar. Hüseynzadə Milli Şuranın mitinqindən yazdığımıza görə, bizi “ifşa” edir, əleyhimizə məqalə yazır, video-kollaj düzəldir, bunu da hörmətli Aslan İsmayılov öz səhifəsində tirajlayıb, reklama qoyub, pul xərcləyir. Öz aləmində, MŞ və xarici ölkə kəşfiyyatı tərəfindən hədəfə alınan Rauf Arifoğlunu cəzalandırır. Niyə? Sadə bir səbəb var. Onunla məhkəmə çəkişməsində olan iş adamının, Mürvət Həsənlinin yazı və müsahibələrini dərc etmişəm. Bir neçə dənə də bərabər fotolarımız var. Yəni qəzetçi fəaliyyətimə görə”.

Aslan İsmayılovun uzun illərdir ki, Azərbaycanın dövlətini sevən, onun maraqlarının keşiyində dayanan insanları hədəfə alıb onlara qarşı mənəvi terror həyata keçirdiyini yazan baş redaktor daha sonra vurğulayır: “Bu adamın fəaliyyəti reketçilik və şantaj üzərində qurulub. Aslan İsmayılov hüquqi müstəvidə qalib gələ bilməyəcəyi insanları sosial şəbəkələrdə müzakirəyə çıxarır, yazdığı statuslarla onların haqqında ən aşağılayıcı ifadələrin işlədilməsinə imkan yaradır. Yalan və böhtan xarakterli məlumatlarla ictimai rəyin hədəf seçdiyi insanın əleyhinə yönləndirilməsinə cəhd göstərir. Hüquqdan kənar bütün vasitələrdən istifadə etməklə çalışır ki, özünün və yaxud sifarişçisinin hədəf seçdiyi şəxsin ictimai statusunu ləkələsin, onu zəif duruma salsın. Bu hüquq müdafiəçiliyi deyil, cinayət yolu ilə külli müqdarda vəsaiti sahiblənmək Aslan “oyunudur”. Bu yaramazlıq “pryomudur”.

Aslan İsmayılov reketçilyi cinayət tərkibli oyun, pis nümunə və böyük təhlükədir. Onun əməllərinə son qoyulması Azərbaycanın ləyaqətli insanlarının, ölkənin iqtisadi inkişafı üçün çalışan iş adamlarının, milli-mənəvi dəyərlərimizə sahib çıxan ziyalıların, media nümayəndələrinin, hüququn, qanunvericilıiyin, müstəqil məhkəmə sisteminin şantajdan xilas edilməsidir.(musavat.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …