Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Köşə Yazarları / Zindan onlara, onlar da zindana yaraşır!- Zahid SƏFƏROĞLU

Zindan onlara, onlar da zindana yaraşır!- Zahid SƏFƏROĞLU

Ermənistanda hay-küylü həbslər davam edir. Keçmiş prezident Robert Köçəryanın qandallanması bu sırada növbəti, eyni zamanda əsl sensasiya oldu. İşğalçı ölkə özünün eks-prezidentini həbsə salmaqla həmçinin, postsovet məkanında daha bir neqativ ilkə imza atmış oldu.

Deyir, dövlət iki halda sarsılır – cinayətkar azadlıqda gəzəndə və günahsız məhbəsdə yatanda. Lakin son həbslər siyasi mübarizədə, Azərbaycana qarşı işğal siyasətində terrorun da məqbul sayıldığı Ermənistanın heç də hüquqi dövlətə çevrilmək arzusundan xəbər vermir əfsus ki. Hadisələrə oncəliklə qonşu ölkədə hakimiyyət uğrunda, mülkiyyətin təzədən bölüşdürülməsi uğrunda yeni və amansız savaşın tərkib hissəsi kimi baxmaq lazım gəlir.

Məsələ ondadır ki, indiki baş nazir Nikol Paşinyan 10 nümayişçinin güllələndiyi 1 mart 2008-ci il hadisələrində əsas fiqurlardan və etirazların təşkilatçılarından biri olub. Buna görə o, bir müddət həbsdə də yayıb. O vaxt Xocalı hərbi canisi Robert Köçəryanın ikinci (sonuncu) müddətə prezidentliyi bitmək üzrə idi və seçkilərdə bu üzdən o, namizədliyini də irəli sürməmişdi – namizəd digər qarabağlı, Köçəryanın Xocalı qətliamı üzrə ortağı Serj Sərkisyan idi. Yəni əslində dinc nümayişçiləri gülləbaran əmri verməklə o, sadəcə, öz silahdaşı Sərkisyanın birinci müddətə prezident kürsüsündə rahat oturmasını təmin eləmək, daha dəqiqi, “Qarabağ klanı”nın hakimiyyətini davamlı eləmək üçün özünü qabağa vermişdi, bununla da özünü “yandırmışdı”.

Təxminən 10 il sonra, iki müddət prezidentlik başa çatanda – 2018-ci ilin aprelində Serj Sərkisyan “Qarabağ klanı”nın – bandokratiyanın ömrünü uzatmağa eyni üsulla cəhd elədi. Amma bu dəfə alınmadı. Sərkisyan Köçəryan kimi nədənsə gücə əl atmaqdan çəkindi. N.Paşinyan isə bu dəfə qısa müddətdə kütləvi etirazlar təşkil edib revanş götürə və “qarabağlıların” hakimiyyətinə son qoya bildi.

Necə deyərlər, bu dəfə üsyan inqilabla bitdi, yəni qalib gəldi (üsyan qalib gıləndə inqilab, gəlməyəndə isə elə üsyan adlanır – özünün acı nəticələri ilə birgə). Görünür, erməni xalqı da “Qarabağ klanı”nın 20 illik hakimiyyətinin davamını istəmədi. “Qarabağlı” mafioz-oliqarxların və onların hakimiyyətdəki dünənki siyasi dayaqlarını təmin edənlərin acı günləri də buradan -Sərksiyan rejiminin devrilməsindın başladı.

Yəqin ki davamı olacaq və sıra Serjin özünə də çatacaq. Ta ki, indiki hakimiyyətə “qarabağlıların” yaratdığı real təhlükə sovuşana kimi. Bu məqsədlə, yəni “Qarabağ klanı”nı zərərsizləşdirmək üçün yəqin ki, 1999-cu ilin oktyabrında parlamentdəki terror hadisəsinə görə də Köçəryana qarşı ittiham irəli sürüləcək. Həmin vaxt da prezident Köçəryan idi. Terror zamanı parlamentin spikeri Karen Dəmirçyan və bas nazir Vazgen Sərkisyan da daxil, 8 nəfər öldürülmüşdü. Kökəncə qarabağlı olmayan K.Dəmirçyan və V.Sərkisyan o vaxt cəmiyyətdə kifayət qədər yüksək nüfuz malik idilər və “Qarabağ klanı”na real alternativlər sayılırdılar…

Təbii ki, bizim Köçəryanla öz haqq-hesabımız var. Bu, həmin Köçəryandır ki, prezident olarkən Avropa Şurasının tribunasından faşistcəsinə “erməni və azərbaycanlıların etnik uyuşmazlığını” iddia edərək, Dağlıq Qarabağdakı aqressiv separatçılığa bəraət qazandırmağa çalışmış, bu azmış kimi, üstəlik, Xocalı qətıiamına görə xəcalət çəkmək əvəzinə fəxarət hissi keçirdiyini bildirmişdi.

Həbsindən az öncə isə o, yerli telekanala müsahibəsində öz xalqına minnət qoymağa çalışırdı, Qarabağ uğrunda “xidmətlərini” sadalayaraq, tutulmasının xüsusən də Azərbaycanda sevinclə qarşılanacağını söyləyirdii. Bu, yeni hakimiyyətə qarşı təhdidlə yanaşı, cəmiyyətdən bir daha dəstək ummaq cəhdi idi.

Lakin Köçəryana heç bir ictimai, hətta siyasi dəstək olmadı. Onun həbsinə Ermənistanda da sevindilər və müdafiəsi üçün hər hansı etiraza qalxmadılar. Yalnız ”Daşnaksutyun” və Serj Sərkisyanın partiyaları etiraz bəyanatları yaydılar. ABŞ da hadisəyə faktiki sükutla yanaşdı. Yalnız Dövlət Departamenti hakimiyyətə müraciətlə “1 mart qırğını ilə bağlı ciddi, etibarlı və müstəqil araşdırma aparmağın” vacibliyini bəyan elədi. Maraqlıdır ki, Rusiya rəsmi dairələrindən də səs çıxmayıb.

Bu reaksiyalar o deməkdir ki, “Qarabağ klanı” hakimiyyətə qayıtmayınca və ya daşnaklar hakimiyyətə gəlməyincə və yaxud da Rusiya ciddi şəkildə hərəkətə keçməyincə rusun sadiq adamlarından hesab olunan Köçəryanın tezliklə zindandan çıxması qeyri-mümkün olacaq…

Bu müddətdə isə Xocalı qurbanlarının ruhu bir azca təskinlik tapar. Hər necə olmasa, Köçəryanın başına gələnlər həm də ilahi bir cəzaya oxşayır. İnşallah, ayağı yüngül olar və ardınca başqa Xocalı hərbi canilərinin də həbsi reallaşar. Bu iki ayaqlı məxluqlara yalnız zindan, zindan da onlara yaraşır. Yaman yaraşır…

Həmçinin oxuyun

Qaçqın evləri haqda köhnə əhvalat

Zamin HACI “Yeni yaxşı unudulmuş köhnədir” (aforizm) 1994-cü ildən yazıram, o üzdən bəzi detallar yadımdan …