Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Köşə Yazarları / Ümidim sizədir, bizi böyüksüz buraxmayın! – Könül Quliyeva yazır

Ümidim sizədir, bizi böyüksüz buraxmayın! – Könül Quliyeva yazır

Boğuluram… İçimdəki firtınalı dəryada boğuluram! Birdəfəlik batmaqdan, əbədi qərq olmaqdan qorxuram!

Əsirəm… Ayaqlarım bir daha vücudumu saxlaya bilməyəcək kimi əsirəm! Budağından ayrılmaq anında olan saralmış yarpaq kimi titrəyirəm!

Susuram… Səsim içimdə gizlinə çəkilib! Sanki lal olmuşam, nitqim batıb.

Qorxuram…. Amma hələ də anlaya bilmirəm ki nədən qorxuram? Əslində həyatım elə qorxularla keçir. Qorxular mənim ən sadiq sirdaşımdır. Onlar məni heç vaxt yalnız qoymadı. Körpəlikdən bu günədək daim yanımda oldular. Nədənsə minlərlə adamın içində həmişə məni seçdilər. Deyirlər hələ ölümdən sonra da axirət qorxusunun ağuşunda olacağıq. Bu gün nəsil-kökümüzün ağbirçəyi, ən çarəsiz durumda qalanda son sığınacağım olan mamam açıq ürək əməliyyatına girəcək. Nə edəcəyimi, nə deyəcəyimi bilmirəm… Əməliyyat otağından, ürəyini yaracaq bıçaqlardan, əlcəkli cərrahların bir yanlışlıq edəcəyindən qorxuram. Yenidən yetim qalmaqdan qorxuram. Bezmişəm bu yetimlikdən, daha yetim qalmağa nə gücüm, nə də dözümüm var. İnsan nə qədər yetim qalar? Vallah yetimlik məni taqətdən salıb.

Mama, sən mənə görə dözməlisən. Bilirsən ki mənim son pənahım, sığınacağım sənsən. Məni tərk etsən, səni bağışlamaram. Yetim qalmağın qorxusunu, ağırlığını heç kim mənim kimi anlamaz… Ani ürək tutmaları ilə vaxtsız dünyadan köçən qardaşlarının övladları ata qoxusunu, təskinliyini səndən alır. Sən də qardaşların kimi vəfasızlıq etmə, məni özümdən, həyatımdan küsdürmə. İndiyədək nə sənin qayğını çəkmişəm, nə də sənə olan sevgimi, istəyimi ifadə edə bilmişəm. Əksinə, həmişə ərköyünlük etmişəm, sən mənim nazımı çəkməlisən deyə düşünmüşəm, hələ ara-sıra incitmişəm, xətrinə də dəymişəm. O biri qardaş balalarına səni qısqanmışam, hətta öz bacıma da. Elə onlar da mənim kimi səni bir-birlərinə qısqanırlar. Sadəcə dilə gətirən, daha çox uman, inciyən mən idim. Neyləyim, əlimdə deyil. İndi sanki bir hiss məni vadar edir ki, sənə olan istəyimi ifadə edim. Bunu həmişə arxanca demişəm. Bəlkə də üzünə deməyə lənətə gəlmiş eqom imkan verməyib.

İndi deyirəm, bu həyatda hər şeyə dözərəm, bircə sənin göz yaşlarından və yoxluğundan başqa. Bilirsənmi niyə? Sən bütün kədərini içində dəf edən, kimsəni incitməyən, kimsəni üzməyən birisən. Həyat yoldaşın şəhid olanda 34 yaşın olub. Saçının birini ağ, birini qara hörüb, bir üzü qız, bir üzü gəlin şəhid oğluna analıq etmisən. Övladını min bir zəhmətlə təkbaşına böyütmüsən. Sən şəhid ruhunu şad edən, onun əmanətini ona layiq böyüdən, bu ölkənin, cəmiyyətin ən şərəfli, ən cəsur qadınlarından birisən! Sən kitablara köçürüləsi, oxunulası, öyrəniləsi gerçək qəhrəmansan. Səni oxumaq, anlamaq asan deyil. Sənin ürəyinin səsini, sızıltısını dinlədikcə, həyatını vərəqlədikcə orda nələr görünmür? Sənin kədərli, sevincli həyat səhifəndə yazılanlar tale adlı real bir əsərdir. O əsərin hələ sona çatması çox tezdir. Allah onu bizə bu tezliklə yaşatmasın. İndi bütün ümidlərim doktoruna, dualarım Allahımadır! İllərdir içində gəzdirdiyin dərdlərə o kövrək ürəyinin damarları dözmür. Qəlbini sarımış yaraları, əzabları, sızıltıları Allahım, taqətdən düşmür damarlarını isə əməlliyyat edəcək doktorun görəcək.

Bu gün səninlə bərabər doktorun üçün də dua edəcəm. Deyəsən adı Vüqardır. Əməliyyatdan qarşımıza vüqarla çıxması üçün Allaha dua edəcəm. Doktor, bu gün əlinizdə olacaq o ürəkdəki yaralar sizin hər gün müayinə etdiyiniz yaralardan deyil. O, başqa bir ürəkdir! Siz ürək adlı nəhəng bir dağı yaracaqsınız.

O dağın zirvəsindən püskürəcək vulkan mənə yenidən ümid verəcək. Ümidim sizədir, bizi böyüksüz buraxmayı.

 

Həmçinin oxuyun

Qaçqın evləri haqda köhnə əhvalat

Zamin HACI “Yeni yaxşı unudulmuş köhnədir” (aforizm) 1994-cü ildən yazıram, o üzdən bəzi detallar yadımdan …