Cümə , Dekabr 14 2018
Ana səhifə / Köşə Yazarları / Qüds – Rəbbimizin müqəddəs şəhəri, bəs insanların necə?

Qüds – Rəbbimizin müqəddəs şəhəri, bəs insanların necə?

Məlumdur ki, ABŞ prezidenti D.Trampın ölkəsinin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi barədə verdiyi qərar onsuz da çox kövrək olan Yaxın Şərqdə qarşıdurmaları, insan qətllərini daha da artırıb. Bu qərar dini-tarixi və dünyəvi-hüquqi cəhətdən qəbulolunmaz olduğuna görə o, həm İslam dünyasının qəzəbinə səbəb olub, həm də əksər xristian dövlətləri tərəfindən də birmənalı qarşılanmayıb. Vurğulayaq ki, belə təşəbbüslər Trampdan qabaqı prezidentlər tərəfindən də olub. Fəqət, ABŞ dövlətinin xarici siyasətində yəhudi lobbisinin önəmli təsirinə baxmayaraq, keçmiş prezidentlər bu təşəbbüsdən imtina etməli olublar.

Bəs digər şəhərlərdən fərqli olaraq, Qüds (ərəbcə müqəddəslik; qədim yəhudi dilində Yeruşalaim- əmin-amanlı yer) hansı dəyərlərə malikdir ki, o, hər üç monoteist dinin daşıyıcıları üçün müqəddəslik statusunu daşıyır? Qeyd edək ki, müsəlmanlar tərəfindən inşa edilən Qübbə əs-Səhra (687-691) və Əl-Əqsa (VIII əsrin əvvəlləri) məscidləri, “İsanın qəbri” adlanan rotonda, müqəddəs Anna və müqəddəs Jakov kilsələri (XI-XII əsrlər) və digər dini-tarixi abidələr bu şəhərdədir. Məşhur Yəhva (Allah) məbədi- Beytül Müqəddəs –Süleyman məbədi də Qüdsdə olub. Ümumiyyətlə, bu suala cavab vermək üçün həmin şəhərlə əlaqədar dini-dünyəvi mənbələrə müraciət etmək lazımdır.
Qüds haqqında dini mənbələr

Görkəmli İslam klassiki İbn-Xəldun (1332-1406) yazır: lüğəti mənası “uzaqdakı məscid” olan Süleyman məbədi həzrət İbrahimin müasirləri sabiilər tərəfindən bir qaya üzərində ibadət edilən yer olub. Sonralar sabiilər orada Zöhrə ulduzunun şərəfinə bir heykəl də ucaldıblar. B.e.ə. 1400-1300-cü illərdə Musa (ə) Rəbbin əmrilə həmin yerdə bir qübbə tikib. Bu qübbəni qibləgah qəbul edən Musa(ə), İsrail oğulları ilə namaz qılarkən üzünü oraya tutardı. Həzrət Musanın vəfatından 500 il sonra Süleyman (ə) atası Davud (ə)-nin vəsiyyətinə uyğun olaraq, həmin yerdə qiymətli daş-qaşla bəzədilən bir məbəd tikdirdi. Sonralar bu məbəd (Beytül-Müqəddəs) Buxtunnəssər tərəfindən dağıdıldı, yəhudilər əsir götürüldü və kütləvi qırğına məruz qaldılar. Lakin Buxtunnəssəri məğlub edən iranlılar yəhudiləri və onların liderini- peyğəmbər Üzeyiri azad etdilər. Az sonra Üzeyir (ə) həmin məbədi bərpa etdi (Qeyd edək ki, həmin dövrdə yəhudiləri əsarətdən xilas edib onlara azadlıq verən iranlılar, yəhudiləri indiyə kimi bu dəyərləri qiymətləndirməməkdə – naşükürlükdə ittiham edirlər- V.C).

Eramızın 70-ci ilində məbəd Roma imperiyası tərəfindən yerlə-yeksan edilib əkin yerinə çevrildi. Romalılar xristianlığı qəbul edəndən sonra imperator Konstantinin anası Haləmə yəhudiləri “həzrət İsanın qatili” hesab edərək, Beytül-Müqəddəsi murdarlayıb zibilxana etdirdi. O, həzrəti İsanın çarmıxa çəkildiyi ağacı tapdırıb onun yerində kilsə tikdirdi. Haləmə İsa(ə)-nin “o burada yoxdur” yazılmış simvolik qəbrini həmin kilsədə inşa etdirdi. Xristianlar sonralar həmin ərazidə bir neçə kilsə tikdilər. Beytül-Müqəddəs isə İslama qədər yeri itmiş sahibsiz bir xarabalıq vəziyyətində idi. 638-ci ildə Qüdsü fəth edən xəlifə Ömər, sabiiərin ibadət etdikləri həmin qaya üzərində Süleyman(ə) –nin tikdirdiyi Beytül-Müqəddəsin yerini tapdırdı. Xəlifə oranın zibillərini təmizlətdirdikdən sonra həmin yerdə nümayişkarcasına namaz qıldı (bu hərəkətilə o, əslində, monoteist dinlərə münasibətdə İslamın varislik xarakterini nümayiş etdirdi- V.C) və qısa müddətdə Süleyman (ə) məbədinin olduğu yerdə Məscidi Əl-Əqsanı inşa etdirdi (bu məscid 705-ci ildə daha da genişləndirildi. Xəlifə Ömərin bu xidmətini əbədiləşdirən Xəlifə Əbdülməlik onun namaz qıldığı yerdə Qübbə əs-Səhranı- Ömər məscidini tikdirdi (687-691)- V.C).

Həzrət Ömər İslama qədər Qüdsün münaqişə meydanı olduğunu bildiyi üçün o, məscidlərlə yanaşı həm şəhərdəki yəhudi və xristian məbədlərinin, həm də hər üç dinin nümayəndələrinin əmin-amanlıq içində ibadətlərinin mühafizəsini dövlət səviyyəsində təmin etdi. Xəlifə İsa (ə)-nin simvolik qəbri yerləşən Kuməmə məbədinin açarını müsəlmana verdi (həmin açar bu gün də müsəlmandadır- V.C)…”
Görkəmli təfsir və tarixçi alim İbn Xəldundan gətirdiyimiz iqtibasa əlavə edək ki, Qüdsdə yerləşən Məscidi-Əqsa aləmlərə bir rəhmət olaraq göndərilən Məhəmməd (ə)-nin merac edərkən ibadət etdiyi müqəddəs yerdir. Bu barədə Rəbbimiz Qurani-Kərimdə buyurub: “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlik və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər Əleyhissələmi) bir gecə (Məkkədəki) Məcsidi haramdan ətrafını mübarək etdiyimiz Məscidi-Əqsaya (Beytül Müqəddəsə) aparan Allah pak və müqəddəsdir”(İsra 1).

Qüds haqqında dünyəvi mənbələr

Dünyəvi qaynaqlara görə, yəhudi, xristian və müsəlmanların müqəddəs şəhəri sayılan Qüds barədə ilk məlumat e.ə. 2-ci minilliyin ortalarına aiddir. Kənanilərin qalası olmuş Qüdsü e.ə. təxminən 1000-ci ildə Davud peyğəmbər işğal edib. Şəhəri Davudun oğlu Süleyman peyğəmbər- çar genişləndirmiş və burada Yəhva (yəhudilərdə Allahın adı) məbədini (ədəbiyyatda çox vaxt Süleyman məbədi adlanır) tikdirmişdir. E.ə. 586-cı ildə Babil padşahı II Navuxodosor şəhəri dağıtdı, yəhudilərin bir hissəsini öldürdü, digər hissəsini isə Qüdsdən çıxartdı. Babil əsarətindən xilas olan yəhudilər Qüdsə e.ə. VI əsrin son rübündə qayıdıblar. E.ə. III əsrdə Qüds Ptolomeylər və Selevkilər arasında döyüş meydanına çevrilib. E.ə. 63-cü ildə şəhər romalılar tərəfindən işğal olunub. Eramızın 70-ci illərində isə romalılar Qüdsü dağıdıb. Xristianlığın rəsmi din qəbul edilməsilə şəhər IV əsrdə xristianların müqəddəs şəhərinə çevrilib. Qüds 638-ci ildə ərəblər tərəfindən tutulub. Qüdsdəki Süleyman məbədinin müqəddəs ev olmasının Qurani-Kərimdə zikr olunması, VII əsrdə Məhəmməd (ə)-nin merac ərəfəsi Beytül-Müqəddəsdəki ibadəti, Məscidi Əl-Əqsanın inşası və digər amillər Qüdsü müsəlmanlar üçün də müqəddəs şəhərə çevirdi. 1099-cu ildə şəhər sələbçilər tərəfindən işğal edildi. Lakin 1187-ci ildə Səlahəddin Əyyubi Qüdsi geri qaytardı. Qüds 1517-1917-ci illərdə Osmanlı imperiyasının tərkibində olub. Osmanlıların süqutundan sonra Qüdsü İngiltərə işğal edib. Yarandığı gündən əldən-ələ keçən Qüds, 1920—1947-ci illərdə İngiltərənin Fələstin mandatlıq ərazisinin inzibati mərkəzi olub. Fələstinin bölüşdürülməsi haqqında BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarı ilə Qüds BMT-nin idarəsi altında beynəlxalq xüsusi rejimli müstəqil inzibati vahidə çevrildi. Lakin 1948-1949-cu illər Ərəb-İsrail müharibəsindən sonra İsrail və Transiordaniya (İordaniya) arasında barışıq sazişinə (1949, 3 aprel) görə Qüds iki hissəyə bölündü: qərb (böyük) İsrailə, şərq isə İordaniyaya verildi. 1950-ci ilin yanvarında İsrail qeyri-qanuni olaraq Qüdsün qərb hissəsini özünün paytaxtı elan etdi. SSRİ, Böyük Britaniya, ABŞ, Fransa və digər dövlətlər İsrailin BMT-nin qərarına zidd olan bu hərəkətini pislədi. Lakin dünya yəhudi lobbisinin siyasi-iqtisadi dəstəyinə arxayın olan İsrail 1967-ci il iyunun 5-də Qüdsün şərq hissəsini tutdu və iyunun 28-də İsrail höküməti onun şəhərin qərb hissəsi ilə birləşdirilməsi haqqında qərar qəbul etdi. Buna rəğmən BMT TŞ 1969-cu il 3 iyul və 1971-ci il 25 sentyabr tarixli qərarlarında İsraili Qüdsün şərq hissəsinin ilhaqına yönəldilən hər cür tədbirlərdən əl çəkməyə çağırmaqla kifayətləndi…
Göründüyü kimi, güclü yəhudi lobbisinə arxalanıb BMT TŞ-nin qərararlarını dəyərsiz bir kağız parçası edən İsrail hökuməti bu gün şərqli-qərbli Qüdsü özünün paytaxtı kimi elan edib. Hərçənd ki, BMT-nin bu yaxınlarda keçirilən iclası həm İsrailin bu qərarını, həm də ABŞ-ın həmin ölkədəki səfirliyinin Qüdsə köçürülməsi barədə bəyanatının beynəlxalq hüquqa zidd olduğunu bir daha təsdiqlədi. Lakin BMT-nin İsraillə bağlı bu qərarı da əvvəlki qərarları kimi, bölgədə qarşıdurmanı nəinki səngitməyib, əksinə, şərq və qərbli Qüdsü (müqəddəs şəhəri) –Yeruşalaimi (əmin-amanlı yeri) qan gölməçəsinə çevirib.

“…Zira olmaz ki, peyğəmbər Yeruşalaimdən kənarda həlak olsun”

Rəbbimizin müqəddəs, əmin-amanlıq yer adlandırdığı Qüdsün son 100 illik dövrünü səthi tədqiq etsək, burada hər həftə, ay, hətta gündə insan qanının axıdıldığının şahidi olarıq. Acı tarix sübut edir ki, bu müqəddəs şəhərdə nəinki adi insan, hətta kef məclislərini Allahın göndərdiyi peyğəmbərlərin kəsilmiş qanlı başları ilə “bəzəyən” tükürpədici anlar, minbərdə peyğəmbər öldürmək, Rəbbimizin Öz ruhundan yaratdığını (Həzrət İsanı) çarmıxa çəkmək, daşqalaq etmək adi hal olub. Rəbb və bəşər qanunlarına zidd olan belə əməllərin davamı kimi bu gün İsrail hökuməti beynəlxalq hüquqla tanınan müqəddəs yeri- Qüdsi özününküləşdirməkdədir.
2000 il bundan qabaq bəşəri, xüsusən İsrail övladlarını barışığa, sülhə, tolerantlığa dəvət edən İsa(ə), Yeruşalaimin rədd cavabını eşidib sonda belə bir bədduada bulundu: “…Zira olmaz ki, peyğəmbər Yeruşalaimdən kənarda həlak olsun. Ey Yeruşalaim! Peyğəmbərləri öldürən və ona göndərilənləri daşlayan Yeruşalaim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, fəqət siz istəmədiniz! Budur, eviniz sizə tənha buraxılır…” (İncil, Lukanın müjdəsi, XIII, 33-35). Bu baxımdan Fələstinin dövlət kimi bu günə qədər tanınmamasının, qərbli-şərqli Qüds də daxil olmaqla İsrail-Fələstin probleminin çözülməməsinin səbəbini İslam aləmində birliyin olmaması, yəhudi lobbisinin dünya düzümünə önəmli təsiri ilə yanaşı, həm də həzrət İsanın Qüds əhlinə etdiyi xitabatda- bədduada axtarmaq lazımdır…

Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Pritça oğrusu Arif Əliyev media “pristav”ı rolunda – Taleh Şahsuvarlı yazır

Siz qərəzli danışırsınız, Arif Əliyev! Siz primitiv danışırsınız!.. Siz xalqın, dövlətin, medianın maraqlarından yox, iddialarınızla …