Bazar , Sentyabr 23 2018
Ana səhifə / Köşə Yazarları / Qızı qaçan atalar telekanallara qaçır

Qızı qaçan atalar telekanallara qaçır

Azər Qismət

O illərdə, yox, belə ifadə edək, o mərifətli illərdə kimsənin qızı kiməsə qoşulub qaçsaydı, xüsusən atalar camaat arasına çıxmazdı. Həmişə başını aşağı salar, kişilərin gözünə baxmağa xəcalət çəkərdi. Başı yerə soxulan atanı barmaqla göstərərdilər. İctimai qınaqçılardan birinin “sən necə atasan ki, qızın qoşulub qaçıb” sözünü eşitmək istəməzdi. Onsuz da o baxışlardan belə də oxunardı, üzünə deyilsəydi, özünü öldürərdi. 

Uşaqlığımın xatirələrində qaçmış qızına görə intihar edənlər hələ də yer almaqdadır. O kişilər indi soyuq torpağın altında üşüyürlər. Necə gülərüz, səxavətli kişilər idi. Birinin səsi bazarda elə gur eşidilərdi ki, bunun Həmid kişi olduğunu bilərdim. Sonra eşidilmədi o səs. Özünü həyətindəki ağacdan asdı. Başsız qalan ailə qoşulub qaçan qızı bağışlamadı. Yer yarılsaydı, özünü qaranlıq yarğanlara atmağa hazır olan kişilər ailə üzvlərinin israrlarına baxmayaraq, ana olana qədər qızlarını bağışlamadılar. Diş qurdalamağa çöp, xörəyi qarışdırmağa qaşıq da vermədilər.  O övladla sanki belindən gəlməmiş kimi davranıldı.

 

Belə münasibət gələcək nəslə də mesaj ötürürdü: “Əgər nişansız, toysuz qoşulub qaçsanız, taleyiniz bu qızın taleyi kimi olacaq”. Həm də qızın qaçması atanın arzularını da çilik-çilik edərdi. O, qızını çırağın başına dolandırıb ər evinə yola salmağı, alnından öpüb xeyir-dua verməyi arzulamışdı, ilk nəvəsini dizində oynadıb toppuş yanağından öpməyi, qoparmağı yuxusuna gətirmişdi. Qız təkcə onun arzularını yerə vurub sındırmamışdı, dəyərləri tapdamışdı.
O atalar daha məclislərdə ürəklə, özü də hündürdən danışmazdılar. Xeyir işlərdə, yas mərasimlərində masaların uçunda sakit oturub, elə sakit də çıxıb gedərdilər. Hər eşitdiyi sözü ona ünvanlanan atmaca bilərdilər, hər baxışda ona zillənən məsxərə tapardılar. O kişilər daha yoxdur.Ayıblarını örtməyə yer tapmayıb bu həyatdan köçdülər. O illərin qəbirləri də mərifətli idi. Günahkarı qəbul etməz, ya da yerinə su doldurardı. O kişilərin yerinə başqa kişilər doğuldu, yerlərini yenə bığlı-saqqallı kişilər tutdu. Yalnız fizoloji baxımdan oxşarlar. Çoxunun mahiyyəti isə çürük qoz.

O illərin ayıbına yer axtaranların yerini ayıbına kor olanlar tutdu. İndi qızları qaçanlar ayıbını ekranlarda açıb-tökməkdən çəkinmirlər, sanki fəxr edirmişlər kimi studiya kreslolarına yayxanırlar. Qızın qoşulub qaçması öz razılığı olarsa, cinayət sayılmır. Yalnız valideynlərin arzusu gözündə qalır. İndi nə baş verir?

Xüsusən atalar telekanallara müraciət edib nəinki qızlarının qaçmasını xəbər verirlər, üstəlik bu hadisəyə zəfəran qatırlar, hekayə kimi danışırlar. Neçə ay əvvəl kanalların birində ata qızının qaşmasını təxminən belə nəql etmişdi: “Axşam çağı idi. Sərin meh əsirdi (girişin lirizminə fikir verin). Qızım boynumu qucaqlayıb dedi ki, “ata, ürəyim samovar çayı istəyir”. Samovara qəşəng su doldurdum, kömürü atdım, qəşəng qaynadı, qəşəng çay dəmlədim (təsvirə fikir verin). Kəllə qəndlə qızımla çay içdik. Gecə nəsə taqqıltı eşitdim. Həyətə endim (hələ təsvir edir). Sonra qızımın yatdığı otağın qapısını döydüm (bu yerdə süjet xəttini gərginləşdirir, tamaşaçını intizarda qoyur). Səs gəlmədi. İçəri adladım. Gördüm ki, qızım yorğanını bükərək çarpayıya qoyub, guya özüdür (detallarına qədər danışmağına fikir verin). Gördüm ki, o deyil. Qoşulub qaçıbmış (finalı ağlamalı, kövrək lirika ilə bitirməyi qərara alıb). Yadıma düşdü ki, yatmazdan əvvəl mənə demişdi: “Ata, səni çox istəyirəm”. Deməli, qaçmaq fikri varmış”. ( Final səhnəsi möhtəşəm alındı. Belə yekundan tamaşaçılar hönkürdü).

İndi vacib məqam gəlir: Ata qızının qaçmasını sadəcə polisə ərizə yazmaqla tapdıra bilməzdimi? Bu qədər həngaməyə ehtiyac var idimi? Qızının tapılmasını istəyən ata konkret hüquq-mühafizə orqanlarına müraciət edir. Yox, əgər ekran vasitəsilə oğlan tərəfini qızlarını qaytarmağa sövq etməyə çalışırsa, yaxud qızının evə qayıtmasını, onların şirin dilinə aldanmamağa səsləyirsə, bu başqa məsələ. Amma ata gəlib qızının qaçmasını zəncəfil, darçın qatmaqla danışır. Niyə danışır, məlum deyil. Hətta bir dəfə aparıcı soruşdu ki, “indi məqsədiniz nədir”? Ata dedi ki, “sadəcə danışmağa gəldim” (???).

O illərdən çox keçməyib. Belə atalar o illərin kişilərini də görüblər. Hər halda qəlblərində onlardan nəsə nöqtə qalmalı idi. Ən azından beyinlərində dəmir kodlaşma məskən salmalı idi özünə. Bunu gənc ata etsə, anlamaq olar ki, gözünü açıb belə görüb. Məlum olur ki, zəmanə təkcə gəncləri dəyişmir, qocaları da dəyişir. Belə zəmanə sanki küləkdir. Qarşısına çıxanı süpürüb atır. Ya da özünə oxşadır.

Həmçinin oxuyun

Gəlin qaçışı

Zamin HACI “İki azərbaycanlı parkda oturub siyasi söhbət eləyirlər: – Gördün də, Ermənistanda Paşinyanın mitinqinə …