Müəllimlərin kütləvi intiharı

“Elm öyrən, imtəhan ver,

Öz fəzlini nişan ver;

Qədrin bil elmü fəzlin,

Elmin yolunda can ver.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!”

(Sabir)

****

Son günlər müəllimlərin, məktəb direktorlarının, valideynlərin və ən pisi isə Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, rayon təhsil şöbələri əməkdaşlarının intihar xəbərləri gəlməkdədir. Bu, bir-iki, təsadüfi hal olsa bəlkə diqqətimizi cəlb etməzdi. Ancaq kütləvi hal almaqdadır. Ən çox da müəllimlər və nazirlik işçiləri canlarına qıyırlar. Mayın 13-də, o nəhs gündə 4 müəllim və 6 nazirlik işçisi intihar eləmişdir. Bunlardan 3 nəfəri müvafiq olaraq qəsdən xarab edilərək botulizm virusları ilə zənginləşdirilmiş sirkə turşusu içmiş, 2 nəfər İpək yolunun bir hissəsi olan körpüdən atılmış, 4 nəfər dənizdə batmış, 1 nəfər isə qarnına qələm soxaraq yapon üslubunda xarakiri etmişdir. Təhsil ictimaiyyətimizə dərin hüznlə başsağlığı veririk.

Valideynlər də bir yerdə dayanmırlar. Ancaq valideynlərin özünəqəsd üsulları müəyyən dərəcədə elmi üslubdan uzaqdır. Əlbəttə, savadsız adamlardır, nə deyəsən… Misal üçün, 16 mayda intihar edən valideynlərin 40 faizi özünü yandırmış, 30 faizi asmış, 60 faizi isə qatar altına atılmışdır. Elə bu faizləri toplayanda 130 alınması da savadsızlığın bir nümunəsidir.

Təhsil Nazirliyi və rayon təhsil şöbələrinin əməkdaşları isə həddən artıq Bolonya üslubunda, kurrikuluma əsasən, metodiki, pedaqoqiki, melodiki üsullarla ölməyə üstünlük verirlər. Örnək üçün, dünən nazirliyin repetitorların qeydiyyatı və 8 mart şöbəsinin əməkdaşı Telcahan Gülcamalova zəhərli maddəni yuxu dərmanına qataraq özünü yandırıb nazirliyin binasının damından marşrut avtobusunun qabağına atılaraq və havada ikən damarlarını doğrayaraq başına kulok keçirərək özünü boğmaq üsuluyla intihar etmiş, bununla da mümkün 10 intihar balından 9-unu yığaraq müsabiqənin qalibi olmuşdur! Rəhmətliyi səmimi qəlbdən təbrik edirik, ona gələcək həyat və yaradıcılığında uğurlar arzulayırıq.

Bəs bu kütləvi qırğının səbəbi nədir? Nə üçün respublikamızın bu təhsil ictimaiyyəti öz cavan canlarına, bəziləri isə pensiyaya çıxmağa az qalmış yaşlı canlarına qıyırlar? Axı ölkəmizin işıqlı gələcəyinə lap az qalmışdır, inşallah, 50 ildən sonra biz Qaradağın Sahil qəsəbəsindən o yanda dənizin qırağına sərbəst gedə biləcəyik, Lökbatandakı Musa bulağında zəfərlər qeyd edəcəyik, Kürdəmirin Şilyan kəndində qalanacaq Novruz tonqallarının çatırtısı isə artıq qulağımıza yetməkdədir!  Sosioloji araşdırmalar, jurnalistlərimizin gərgin əməyi (bir neçə müxbiri xüsusi olaraq bu məqsədlə Pişik Günelin qarderobundan çıxarıb araşdırmaya cəlb etmişik) sayəsində kütləvi intiharların səbəbi tapılmışdır! Sən demə balinalar plankton qıtlığı üzündən sahilə atılıb intihar edirlər… Üzr istəyirəm, bu ayrı araşdırmanın cümləsi idi, səhv düşdü. Təhsil sektorunda qırğına abituriyentlərin qəbul imtahanlarında az bal toplaması səbəb imiş! Sən demə uşaqların 50 faizinin “İki” almasına dözməyən nazirlik nümayəndələri, müəllimlər, valideynlər ölməyə üstünlük verirlər.

Doğrudan da, Allah kəssin belə yaşamağı… O boyda əziyyət çək, dərs öyrət, məktəb qayır, polisə ayrılandan artıq təhsilə pul qoy, xaricdəki villanın təmirindən, avropalı deputatın boğazından, nə bilim, Putinin gəmisinin borusundan kəsib uşaq hazırlaşdır, axırda da bu uşaqlar yaxşı qiymət ala bilməsin. Halbuki onların hər biri AMİ-ni qurtarıb sabah camaatın sağ ayağı yerinə qulağını kəsə bilərdi. Narxozu qurtarıb tamojnada milli namusumuza sataşan ərəbi soyardı. BDU-nu bitirib taksi sürərdi, APU-nu qurtarıb çoban işləyərdi, canım sənə desin, ASDFGHU-nun magistraturasını dibinə qədər oxuyub 3-ün kruqunda laqonda işlədərdi.

Sonda abituriyentlərdən xahiş edirəm bir daha düşünsünlər, müəllimlərin, valideynlərin canına qıymasınlar, növbəti qəbul imtahanlarında hamısı yaxşı bal toplasınlar. Təhsil millətin gələcəyidir!

Zamin HACI

Zdrave universal kremi zdrave forte