Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Köşə Yazarları / “Kociş”ini 23 fevralda sevən qadınlar

“Kociş”ini 23 fevralda sevən qadınlar

Son bir sutkada 23 fevral hoqqasının izlərini sosial şəbəkədə və reklamlarda görməsəydim, bu qədər təəccüblənməyəcəkdim. Hətta rəyinə, mövqeyinə güvəndiyim insanlar “bu cür bəhanələrlə hədiyyə vermək lazım” deyərək öz aləmlərində Konfutsi ədaları sərgiləyəndə anladım ki, hardasa çox ciddi səhvə yol vermişik. Və o səhv corab söküyü kimi gedir, qarşını almaq mümkün deyil.

Bizim nəsil (söhbət yaşı 35-dən yuxarı olanlardan gedir) Azərbaycanda 23 fevral gününü bayram kimi qutlayanların sonuncuları idi. Bəli, bizim vaxtımızda qızlar həmin tarix münasibətilə oğlanlara sinifdə süfrə açar, hədiyyə verər, təxminən 2 həftə sonra, 8 martda da eyni ritualı sinfin oğlanları qızlar üçün keçirərdi. Beləcə, xala-xala oyunumuz bitərdi. İş yerlərində, kollektivlərdə də eyni qayda-qanun hökm sürərdi. 23 fevralı hər kəs “kişilərin bayramı” olaraq qəbul və qeyd edirdi. Sovet ordusunun yaranma günü olması heç kimin umurunda da deyildi. Çünki biz o zaman Sovetlərin tərkibində idik. Səhərlər radiomuzda öncə Sovet İttiifaqının, sonra isə Azərbaycanın himni səslənirdi. “Vremya”ya baxmadan günümüzü qapatmazdıq, uşaqlarımız(o uşaqlardan biri də mən idim) “Spokoynıy noçi, malışi” verilişinin, ordakı personajların aludəçisi idi. Misalları nə qədər artırmaq olar, düz deyilmi?
Amma 20 yanvar kimi, bu günlərdə ildönümünü qeyd etməyə hazırlaşdığımız Xocalı faciəsi kimi tarixləri görmüş bir xalqın qadınlarına Sovet ordusunun yaranma günündə sevgilisinə,ərinə, qardaşına, atasına… hədiyyə almaq, adını sadaladıqlarıma da o hədiyyəni qəbul etmək yaraşmaz. Hətta və hətta çoxumuzun “əxlaqsız keşişin yaratdığı bayram” dediyi 14 fevral –sevgililər gününü qutlamaq belə bundan şərəflidir. Niyə? Heç olmasa sevgi bəşəridir və onu kimin yaratmasının xüsusi önəmi olmamalıdır. Adı üstündə -sevgi.

Mənə heç kim “sevdiyin insanı sevindirmək üçün belə günlər bəhanədir” demaqoqiyası ilə gəlməsin. Neyçün ki, bəhanəli günlər üçün bizləri zamanında qıran rus ordusunun yaranma gününü gözləməyə ehtiyac yoxdur. Tanışlıq, nişan, evlilik ildönümünüz. Bədəbəddə xınayaxdı gününüz, uşağınızın ilk diş çıxardığı gün, bal ayına getdiyiniz gün… Sonuncular absurddur, eləmi? Əmin olun ki, bəzilərinin “kocişimin (bu, müasir qızların ərlərini çağırdıqları formadır) kişilər günü qutlu olsun” yazıb, altına da bantikli bir qutu qoymasından daha absurd deyil. 20 yanvarda bizi qıran, Şəhidlər Xiyabanı kimi bir məbədgahın salınmasına baiskar olan rus ordusunun yaranma gününü ərinin, qardaşının və ailəsindəki digər güclü cinsin nümayəndələrinin “kişilik günü” adlandıran beyinsizlər üçün deyəcək başqa söz də tapmıram.

Yuxarıda da yazdım. Bəli, uşaqlığının, gəncliyinin bir dönəmi Sovetlərə təsadüf edən insanlar zamanında bu bayramı qutlayıblar. Amma tarixi həqiqətlər öz sözünü deyib artıq. Və biz indi Sovetlər dönəmindəki kimi yaşamır, ordakı ənənələri təkrarlamırıq. Əks halda, həmin məntiqlə indi sübh tezdən “Qastronom”da süd-qatıq, xama növbəsində dayanmalıyıq. Talonla ət, yağ almalıyıq. Oktyabryata, pionerə, komsomola keçməliyik…. Bunları niyə etmirik? Bunlar niyə baş vermir? Çünki dövr də, onun tələbləri də dəyişib. O zaman bu rus ordusu sevdalılığı niyə? Bizim milli ordumuz, onun yaranma günü yoxmu? Odekalonu 23 fevralda yox, 26 iyunda hədiyyə etmək daha məntiqli deyilmi? Bəhanə istəyirsiz? Bu da sizə sevdiyinizi “Kişilər Günü” münasibətilə təbrik etmək üçün milli, ləyaqətli bir gün…

Bu günlərdə Xocalı faciəsinin ildönümüdür. O gün türkiyəli jurnalistlər gəlmişdi Bakıya. Döyüş bölgələrinə, Xocalı qaçqınlarının yanına getmişdilər. Saysız-hesabsız müsahibə, reportaj, insan hekayələri. Mən də o jurnalistlərdən biri ilə, Atakan adında gənc bir həmkarımızla söhbət etdim. Müsahibə götürdüyü Xocalı qaçqınlarından birinin hekayəsini danışırdı. Arada o qədər kövrəldi ki, gözünün yaşardığını gizlətmək üçün kofesinin soyuduğunu bəhanə edib, masadan qalxdı. Mən dünən 23 fevral münasibətilə parfümeriya mağazalar şəbəkəsinin promoşn kampaniyalarını, “kocişlərinə” hədiyyə alan gəlinləri görəndə Atakanın göz yaşlarını, bir də o faciənin qəhrəmanlarını xatırladım. Düşündüm, görəsən türk qadınlar nə vaxtsa yunan ordusunun yaranma tarixində ailələrindəki kişilərə ətir alarlarmı? Ya da ərini 20 yanvarda itirən qadının yanından 23 fevral münasibətilə əli hədiyyəli keçsək, onu necə yaralaya bilərik?

Azca ləyaqət, məntiq və milli şüur. Bunlar olsa, hər şey düzələcək. Narahat olmayın, xanımlar, 23 fevral münasibətilə təbrik etmədiyiniz üçün kocişiniz sizdən küsməz, sizi atmaz, aranız pozulmaz. Yox, bunu edəcəksə, ondan sizə “kociş” olmaz…

VIPedu.BIZ

Həmçinin oxuyun

Pritça oğrusu Arif Əliyev media “pristav”ı rolunda – Taleh Şahsuvarlı yazır

Siz qərəzli danışırsınız, Arif Əliyev! Siz primitiv danışırsınız!.. Siz xalqın, dövlətin, medianın maraqlarından yox, iddialarınızla …