Bazar , Sentyabr 23 2018
Ana səhifə / Köşə Yazarları / İşıq stansiyasına soxulmuş “qara pişiklər”

İşıq stansiyasına soxulmuş “qara pişiklər”

Taleh Şahsuvarlı: “Çaşqınlıq yaratmaq istəyənlər Azərbaycan davasının fərariləridir”

“2003-cü ilin avqustunda ABŞ və Kanada zülmətə qərq oldu. Kanadada 10 milyon, ABŞ-da isə 40 milyon insan enerji sistemində baş verən qəzadan zərər gördü”.

Bu fikirləri tanınmış jurnalist Taleh Şahsuvarlı son iki gündə elektrik enerjisində yaranmış məsələ ilə bağlı qələmə aldığı yazısında qeyd edib. Onun sözlərinə görə, həmin dövrdə baş ABŞ və Kanada da baş verən hadisə zamanı Nyu- Yorkun hava limanı, Pirson və Toronto aeroportları işləmədi: “Metro dayandı, 100-dən çox elektrik stansiyası çalışmaz hala gəlmişdi.

Deyə bilərsiniz ki, bu uzaq keçmişdi, 15 il öncədir, o zamandan bəri texniki inkişaf baş verib. Digər bir misal, 30 və 31 iyul 2012-ci ildə, iki gün ard-arda Hindistanın 14 ştatında elektrik verilişi dayandı. 620 milyon insan baş vermiş qəza nəticəsində işıqsız qaldı. Dehli metrosu bağlanmış, minlərlə insan liftdə qalmışdı. 200-dən çox fəhlə şaxtalarda çarəsiz vəziyyətdə idi. Bütün dövlət və biznes qurumları iflic olmuşdu.

2013-cü ildə isə Avstraliyada baş vermiş elektrik kəsintisində yüzminlərlə insan işıqsız qalmış, elektrik sistemi 10 günə bərpa edilmişdi. Həmin ilin fevralında ABŞ-ın Yeni İngiltərə (New England) ştatında baş vermiş qəza nəticəsində 650 min ev və biznes mərkəzi elektriksiz qalmışdı. Yenə həmin iln aprelində Polşada elektrik verilişi dayanmış, hətta Varşava hava limanı fəaliyyəti dayandırmışdı. Fillipin, Malta, Misir kimi dövlətlərdə zaman-zaman elektrik enerjisindəki problemlər saatlarla sürmüşdü. 2015-ci ilin yanvarında nüvə dövləti Pakistanın 80 faizi elektrikdən məhrum olmuşdu. Elə həmin il qardaş Türkiyədə də əhalinin 90 faizini əhatə edən elektrik qəzası yaşanmışdı. Bu il isə Sudanda, ABŞ-da, Sinqapurda eyniməzmunlu fəalkətlər baş verib.
Deməyim odur ki, elektrik stansiyalarında qəzaların baş verməsi dünyada görünməmiş olay deyil. Bizdən qat-qat inkişaf etmiş, əhalisi bizdən qat-qat çox olan ölkələrdə bu cür problemlər yaşana bilir. Orda da bu qəzalar sosial həyata neqativ təsir edir. Xəstəxanalar, metrolar, zavodlar, işıqforlar işləmir, adamlar ölür, liftdə qalır və s.

Şükürlər olsun, bizdə ölüm-itim yoxdur. Əgər həmin qəzaların hər hansı biri ilə Azərbaycandakı olayı müqayisə etsək, tam qətiyyətlə deyirəm, görəcyik ki, bizim ölkəmiz bu fövqəladə vəziyyətdən daha üzü ağ çıxıb. Bu da ondan irəli gəlir ki, hadisə baş verər-verməz Prezident İlham Əliyev bütün hökuməti səfərbər etdi, məsələni birbaşa nəzarətə götürməklə operativ və konkret tədbirlər gördü. Əlbəttə, ortada bir çox suallar var və mən əminəm ki, dövlət başçımızın sərəncamı ilə yaradılan komissiya bu suallar üzrə bütün versiyaları araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər”.

T.Şahsuvarlı qeyd edib ki, bu məsələdə Azərbaycan vətəndaşları olaraq da mütləq çoxluğumuz təmkinli davrandıq, panikaya düşmədik, sağduyu ilə hərəkət etdik: “Ancaq belə görürəm ki, bu hadisədən sevinənlər, qəzadan istifadə edib Azərbaycanın milli maraqlarını zədələmək istəyənlər oldu. Baxın, ordumuz hərbi təlimlər keçirdiyi və Ermənistanı lərzəyə saldığı günlərdə İrəvan rəsmilərinin, mediasının tutarğası nədir? Onlar hər zaman Mingəçeviri vurmaqla hədələyib və indi “görürsüz, vursaq necə olar?” deyə Azərbaycanın savaş əzmini psixoloji baxımdan qırmağa can atırlar. Erməniləri başa düşmək olar, düşməndirlər, sevinəcəklər. Amma ermənilərə qoşulanlar da var. Tez-tez sual edirlər, budur Avropanın enerji təhlükəslizliyini təmin edən dövlət? Bəli, budur! Bəli, bizik! ABŞ-da elektrik qəzası baş verəndən sonra ABŞ dünyanın supergücü olmadımı? Bəlkə eyni hadisədən sonra Hindistan nüvə dövləti olmadı? Fransada kimlərsə “məqamdır” deyib, prezidentə qarşı sarsaq-sarsaq bəyanatlar verdimi?

Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyənlər bir neçə gün öncə keçirilən möhtəşəm parada rişxənd edənlər, Azərbaycan davasının fərariləri, Azərbaycan insanının mənəvi işıq stansiyasına soxulmuş qara pişiklərdir. Qara keşişlər və qara pişiklər ittifaqının xalqımıza, dövlətimizə və prezidentimizə qarşı bütün qara niyyətləri ürəklərində qalacaq”.

Həmçinin oxuyun

Gəlin qaçışı

Zamin HACI “İki azərbaycanlı parkda oturub siyasi söhbət eləyirlər: – Gördün də, Ermənistanda Paşinyanın mitinqinə …