Dar günün işıqlı adamı, işıqlı adamın dar günü – Taleh Şahsuvarlı Hacılıdan yazdı

İllər öncəydi. Hərbi xidmətdən təzə qayıtmışdım və dostların tövsiyyəsi ilə bir yazı qələmə almışdım. Yazı çap olunduğu gün axşamüstü tanımadığım bir nömrədən zəng gəldi. Özünü ədəb-ərkanla təqdim etdi, “maraqlı mülahizələrə görə” oxucu təşəkkürlərini bildirdi. Bir neçə gün sonra görüşdük. Çay süfrəsində başqa gənclər də oturmuşdu, ancaq onun liderlik keyfiyyətləri, özünü qısa zamanda təqdim edə bilməsi, doğmalaşdırması və güvən aşılaması dərhal fərq edilirdi. Müasir dünyagörüşü, iti ağlı, yaxşı təhlil qabiliyyəti vardı. Haqqında gəldiyim ilk qənaətlərdən biri bu oldu ki, cəmiyyətdə bu və ya digər təşkilat elan edən yaşıdlarından fərqli olaraq nihilist və özündən büt düzəldən tiplərdən deyil, tənqidə dözümlü, kommunikativ və qurucu bir xarakterə sahibdir.

Ramin Hacılı ilə ilk tanışlığımız beləcə başladı və aramızda səmimi və ərkyana bir münasibət formalaşdı. Tez-tez görüşər, düşüncələrimizi paylaşar, cibimizdəki son manatı bölməkdən çəkinməməklə bəzən yüngülvari məclislər təşkil edərdik. Həmişə nikbin, hər problemdə bir pozitiv cəhət tapan, necə deyərlər, bardağa həmişə dolu tərəfindən yanaşmağı bacaran işıqlı bir cavandı. Onun bir dəfə hər hansı məsələyə öz mənfəətlərindən, şəxsi çıxarlarından yanaşdığına şahid olmaq mümkün deyildi. Bu yüksək enerjili və dinamik oğlan həmişə qaçhaqaçda, hər zaman əlimyandıda idi. Daima kiminsə köməyinə qaçır, kiminsə probleminin həllinə can atırdı. Cavanlıqda bəzən yumruqsuz keçinmək olmur. Hər kəslə dil tapmağı, anlaşmağı bacardığı halda bəzən sorağını dava-dalaşlardan alardım. Ona “ehtiyyatlı olmağı” məsləhət görməyin heç bir mənası yox idi. Çünki heç zaman yumruğunu öz məsələsinə görə düyünləmirdi. Həmişə kiməsə qahmar çıxmaq üçün qarışırdı məsələyə. Yaxşı ki, bu cür məsələlər onun tay-tuşları arasındakı nüfuzu sayəsində əksər hallarda üzrxahlıq və barışla bitərdi. “Ramin Hacılı kimdir” deyə məndən soran olsa, bircə cümlə ilə belə deyərəm onun haqqında: DAR GÜNÜN İŞIQLI ADAMIDIR!


DAR GÜNÜN İŞIQLI ADAMInın yanlışları, səhvləri də olardı, təbii. Zaman-zaman bunu özünə də demişəm. Məsələn, mən onun yerini heç zaman kütləyə meyilli cinahlarda görməmişəm. Odur ki, Asim Mollazadənin başçılıq elədiyi Demokratik İslahatlar Partiyasından ayrılmasını doğru saymırdım. Getmişdisə orada da qalmalı, oradan gedirdisə, hökumətin gənclər siyasətini həyata keçirən qurumlarda bir mövqe tutmalı idi. Ramin təbii seçim prosesində üzə çıxmış, parlamış və yüksək təşkilatçılıq qabiliyyətini hər şəraitdə isbat eləmiş bir ictimai fiqurdu. Belə gənclərin cəmiyyətin marginal kəsimlərində dolaşmasının son və ən kəskin zərbəsi onun özünə dəyə bilərdi. Dəydi də! Bu gün Ramin Hacılı həbsdədir. İŞIQLI ADAM DARDADIR, yəni!

Ramin heç zaman Azərbaycan hakimiyyətinə qarşı radikal çıxışlar etməyib. Zaman-zaman dilə gətirdiyi tənqidlər də etik çərçivədə, ictimai maraqlara uyğun ölçüdə olub. Bu mənada Raminə qarşı hakimiyyətin xüsusi bir qəzəbi olduğunu əsla zənn etmirəm. Həm də ona görə ki, məsələn, Emin Millidən fərqli olaraq, heç zaman hakimiyyətlə danışığa, anlaşmaya gedib, vədinə xilaf da çıxmayıb. Sözün açığı, neçə illərdir üzünü görmədiyimdən onun hansısa təkliflər alıb-almadığını da bilmirəm. Amma aldığını da ehtimal etmirəm. Doğrusu, Ramin Hacılı kimi istedadlı bir insanın marginal çevrədə qalmasını, sonda həbsə düşməsini də sadəcə tale, qədər hesab etmək də mümkün deyil. Məsul mövqelərdəki həmyaşıdları bəzən onu qısqanıb, bəzən isə zəiflətməyə çalışıblar. Necə ki, eyni yanaşmanı Ramin Hacılıya qarşı müxalifət partiyalarının gənclər qollarının başında dayananlar açıq-aşkar sərgiləyib. Ancaq bütün bunları təftiş etməyin indi heç bir mənası yoxdur. Adamı dardan işığa çıxarmaq lazımdır.
Rəsmi ittihama görə, Ramin Hacılı dövlət sərhədini keçməyə qanunsuz cəhd edib. Əlbəttə, düz eləməyib. Üzləşdiyi problemlə bağlı daha soyuqqanlı qərar verə bilərdi. Amma sərhədi keçməyib də! Deməli, yüngülvari cərimə ilə bu səhvinin cəzasını ödəyə bilər. Məhkəmədən də bu yanaşmanı gözləyirəm. Maliyyə problemləri ilə üzləşmiş və problemi çözmək üçün yollar arayan, təlaş içindəki tanınmış bir adamı illərlə həbsxana divarları arasında saxlamaqla cəmiyyət nə qazanacaq, dövlət nə qazanacaq? Bu cür xırda-para məsələlərə görə həbsxana qapısını aralamaq ədalət çərçivəsində görsənməyəcək. Arzu edirəm ki, Ramin Hacılının işinə baxacaq hakim hüququ sadəcə maddələr sicilləməsi kimi mənimsəməsin, hüququn fəlsəfəsindən çıxış eləsin, müttəhimin şəxsiyyətinə yanaşmaları ilə ön plana çıxsın, ən başlıcası, prezident İlham Əliyevin məhkəmələrə çağırışını qərar çıxaranda unutmasın.

Fəqət məni narahat edən başqa bir məsələ də var. Bu, Ramin Hacılının borc məsələsidir. Doğrusu, həmin pulların kimlər tərəfindən, hansı şəraitdə və niyə verildiyini bilmirəm. Amma oxuduğum, eşitdiyim qədər kimlərsə ona şəxsi, kimlərsə işgüzar münasibətlər çərçivəsində müəyyən vəsait verib. Başa düşürük, evdəki hesab çarşıya uymayıb və son nəticədə pul qaytarılmalıdır. Amma Ramin Hacılı türməyə düşəndə borcu necə qaytaracaq? Axı həmin pullar müqabilində Hacılı özünə ev, maşın almayıb, Maldiv adalarında istirahətə yollanmayıb, həyat yoldaşına brilliant dəstləri bağışlamayıb?!. Həyatdır, işdir, hər cür olur. İki min, üç min, beş min manatla kimsə zəngin olmayacaq, zəngindirsə, kasıb da olmayacaq. Ancaq söhbət insan taleyindən, həm də işıqlı bir insanın taleyindən gedirsə, o iki, üç, beş mini daha sonra almaq daha yaxşıdır, nəinki heç almamaqla bir insanı içəriyə basdırmaq. Bütün bunları Ramin Hacılı “mənim pulumu vermir” deyə şikayətlənənlərə yazıram. Bir düşünün və dərindən düşünün! Dərinə enəndə Ramin Hacılı əsla və qətiyyən dələduzluq etmiş görsənmir. Və əminəm ki, əksinə olsaydı, Ramin o pulun heç adını da tutmazdı. Söhbət o adamdan gedir ki, xaricə məhz borclarını qaytarmaq üçün işləmək üçün gedirdi…
Ümidim Novella Cəfəroğlunadır… Onun hər birimiz kimi Ramini də öz balası qədər sevdiyini bilirəm. Odur ki, bu dəfə açıq şəkildə xahiş edirəm: Novella xanım, siz də çox yaxşı bilirsiniz ki, Ramini türmədə görmək istəyənlər də var, haqq etdiyi azadlığa çıxmasını səbirsizliklə gözləyənlər də. Lütfən, hüquq müdafiəçiləri olaraq, səylərinizi, cəhdlərinizi, əlaqələrinizi bir qədər də artırın, daha sistemli fəaliyyət göstərin. Axı kimlərin “siyasi məhbus” siyahılarına bir ad da əlavə edərək öz şəxsi maraqları naminə marıqda, pusquda dayandığını siz hamımızdan yaxşı bilirsiniz…

Taleh ŞAHSUVARLI,

Azinforum.az 

Zdrave universal kremi zdrave forte