Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Köşə Yazarları / 4 iyunda başladı, 4 oktyabrda bitdi – qısa karyeranın akkordları

4 iyunda başladı, 4 oktyabrda bitdi – qısa karyeranın akkordları

İndi çox adamın yadında deyil, əslində bu günlər də ölkə tarixi üçün əlamətdar günlərdəndir. 24 il öncə bu günlərdə, ilıq-sərin oktyabr ayının əvvəlində ölkəmizin çarxını bir daha tərsinə çevirmək istəyənlər vardı.

Bu adamlardan biri (birincisi demək mümkün deyil) də o vaxtın baş naziri Surət Hüseynov idi.

4 iyundan (1993-cü il) adamın dişində şirə qalmışdı, elə bilirdi ki, 4 oktyabrda da öz qiyam-çevriliş planını həyata keçirə biləcək.

Ancaq dövran dəyişmişdi, siyasi arenanın vitrini də fərqliydi, daxili də. 1993-cü ildən fərqli olaraq, 1994-cü ildə ona dəstək verəcək siyasi qüvvələr yox idi. Elə qiyama meylli hərbi qüvvələr də az idi. Əksəriyyət prezident Əliyevin tərəfindəydi.

Üstəlik, bir il əvvəl, oktyabrın 3-də prezident seçilmiş Heydər Əliyev yaşının yetmişində yenidən əldə etdiyi hakimiyyəti “dünənin uşağı”na təhvil vermək fikrində deyildi.

Zatən o, 1993-cü ilin iyun ayının 30-da, ən böyük vəzifəsi elə yun fabrikinin direktoru (əslində bu da ona çox idi) olmalı olan oğlana məcburiyyət üzündən baş nazir vəzifəsi təklif edəndə hamı bilirdi ki, bu müvəqqəti müttəfiqlikdir.

Surət düşərgəsində də hesab edirdilər ki, gənc baş nazir bir-iki ilə öz əlini daha da gücləndirəcək və AXC-Müsavat tandeminin hakimiyyətini asanlıqla devirdiyi kimi qoca siyasət ustasını da hakimiyyətdən uzaqlaşdıracaq.

Əliyevi çoxdan tanıyanlar isə əksini düşünürdülər, bilirdilər ki, Surəti doğma Gəncədən aralayıb Bakıya gətirən gündən onun zəiflətməyə başlayacaq və bir gün onun hərbi-siyasi karyerasına son qoyulacaq.

Ayrıca, dövlət çevrilişinin oktyabra – Əliyevin prezident seçilməsinin birinci ildönümünə salınması göstərirdi ki, Surət hər yeni prezidentə cəmi bir il möhlət tanıyır.

Ancaq elə olmadı. Bir il öncə mətbuat konfranslarında H.Əliyev bir suala cavabında nə desə, həmin suala cavab olaraq öz sözü olmayan, eyzən “Heydər Əliyevin dedikləri ilə razıyam” deyə canını qurtaran Hüseynov ikinci qiyam cəhdinin ifşa olunmasından sonra da deyəcək söz tapmırdı, eləcə, “mən bu ölkənin baş naziriyəm, özümə qarşı qiyam edəjəydimmi” deyirdi.

Öz aləmində o, çox tutarlı arqument tapmışdı. Ancaq hamı bilirdi ki, bəli, sən ölkənin idarə edilməsində üçüncü şəxs ola-ola, beşinci rola salınmısan, formal baş nazirsən və bununla barışmaq istəmirsən, ona görə də ilyarım əvvəlki bədnam “triumf”unu təkrarlamaq istəyirsən.

Çox adam onun bu sözünə heç bir dəyər vermədi, etina etmədi, əvəzində yaddaşlarda S.Hüseynovun qiyam gecəsini necə anlatması barədə gülməli sözləri qaldı: “Bir qısmat çörəh yeyirdim…”

Bəs Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimovun və parlament sədrinin müavini Afiyəddin Cəlilovun qətlə yetirilməsiylə, Rəhim Qazıyev və Baba Nəzərlinin MTN-in təcridxanasından qaçırılmasıyla başlayan qiyam baş tutsaydı, vəziyyət necə olacaqdı?

Bu gün əminliklə demək olar ki, biabırçılıq olacaqdı. Hakimiyyətə heç də bir əvvəl devrilmiş milli demokratik qüvvələr gələ bilməyəcəkdi. Çünki əllərində tərəfdar və fəallardan başqa yetərli resurs yox idi.

Əvəzində qiyamçıların əlində hər şey vardı: yüksək dövlət vəzifələri, bəs qədər pul-para, silah, hər təbəqədən olan tərəfdarlar, xarici dəstək və sair və ilaxır.

Onlar bu dəfə işi şansa buraxmayacaqdılar və “qara polkovnik”lərin qalib gəldiyi bütün ölkələrdə olduğu kimi ilk növbədə siyasi müxalifəti zərərsizləşdirəcəkdilər.

Burada “zərərsizləşdirmək” dedikdə, rəqiblərin fiziki məhvi nəzərdə tutulur. Çünki ən etibarlı zərərsizləşdirmək yolu odur.

Zatən, Surət Hüseynov qiyamdan öncə yavaş-yavaş fəallaşmağa başlayan müxalifətə yenidən hiddətlənməyə başlamışdı və parlamentdə onun ünvanına tənqidlər səsləndirən müxalifətçi deputatlara cavab olaraq demişdi ki, “gərək o vaxt (1993-cü ilin iyunu) sizi Azadlıq meydanında asaydım, gələn-gedən cəmdəyinizə tüpürəydi”.

Onda belə bir niyyət vardı. Sadəcə, o vaxt hakimiyyətdə əsas iradə yiyəsi olmadığından 4 oktyabr 1994-cü ildən sonrakı dönəmi gözləməyə üstünlük vermişdi.

Uzun sözün qısası, 1993-cü ilin iyunu ölkənin dövranının 180 dərəcə döndərilməsi ilə yadda qalıbsa, 1994-cü ilin 4 oktyabrı da ziyanın yarısından qaydılan gün kimi əlamətdardır.

Xalid KAZIMLI

Həmçinin oxuyun

Qaçqın evləri haqda köhnə əhvalat

Zamin HACI “Yeni yaxşı unudulmuş köhnədir” (aforizm) 1994-cü ildən yazıram, o üzdən bəzi detallar yadımdan …