24 İyun 2017, Şənbə

Kamal Abdulla – Nurlana Əliyeva “müharibə”si yenə qızışır – rektorların qovğası

20:26 | 19.06.2017
505 dəfə oxundu

Azərbaycan Dillər Universitetinə yeni rektor təyin olunan Kamal Abdulla ilə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın münasibətlərinin necə olacağı maraq doğurur…

Vaxtilə K.Abdulla BSU-da rektor olub və onun xələfi Asəf Hacıyevlə yeni rektor N.Əliyeva arasında bir qalmaqal da yaşanıb. Xanım rektor isə ona atılan daşların hardan gəldiyini təxmin edirdi.

Ancaq bu qovğanın yeni bir səhifədə başlanması təhlükəsi yaranıb. Çünki ADU-nun rektoru yenidən BSU-da mövqelərini bərkitmək üçün hərəkətlənib.

Həmçinin, hər iki universitetin birləşdiriləcəyi barədə xəbərlər gəzir. Əgər bu struktur islahatı gerçəkləşsə, onda birləşmiş vahid ali məktəbin rektorunun kim olacağı da yeni situasiyaya gətirib çıxara bilər.

Bu posta təyinat aldıqdan sonra N.Əliyevanın BSU-nun keçmiş rəhbərliyi haqqında sərt ittihamlar səsləndirməsi, universitetdə əvvəllər hər cür özbaşınalıqlar olduğunu deməsi, hətta əsas korpusun qədimi mozaikalarını böyük qalmaqalla sökdürməsi tərəflər arasındakı münasibətləri tamamilə gərginləşdirmişdi.

Bu qarşıdurma Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirində özünün zirvəsinə çatıb.

Məlumata görə, xanım rektor tədbirə gəlsə də, 5 dəqiqə sonra zalı tərk edib. O, tədbiri tərk etməsini özünə edilən sayqısızlıqla əlaqələndirib.

Xanım rektor onun üçün ayrılmış yerdən narazılıq edib və bunun tədbirin təşkilatçıları – K.Abdullayevin ətrafı tərəfindən qəsdən edildiyinə eyham vurub.

Qeyd olunur iki universitet birləşsə, K.Abdullaya “stavka” olunacağı gözlənilir.

Bir tərəfdən o, hər iki ali məktəbin kollektivi ilə tanışdır, şəxsi münasibəti olan kafedra müdirləri, müəllimlər var, digər tərəfdən isə N.Əliyevannı BSU-da sevmirlər.

Onun davranışları, diktator kimi özünü aparması xoşa gəlmir. Ona görə də iki rektorun müharibəsinin qızışacağı xəbər verilir və K.Abdullanın qalib çıxacağı iddia olunur.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev KİV-ə verdiyi müsahibədən bu sətirlərin altını cızmağa dəyər: “Kimin pulu varsa, verir və onu da prezidentə elə formada təqdim edirlər ki, o da razılaşır. Bəzilərinə təhsil yox, sadəcə pul lazımdır. 1 milyonunu ver, get rektor ol. Sonra da gəlib verdiyi pulu geri qaytarmaq üçün rüşvət alır. Nurlana xanım məktəbdə hansı nailiyyət əldə edib ki, gətirib Slavyan Universitetinə rektor qoyublar? Universitetin professor heyəti, prorektor və digər savadlı şəxslər var, amma pul verən tapılmayıb deyə, başqa adamı rektor qoyublar”.(Ulus.az)