Ana səhifə / İqtisadiyyat / Türkiyə gündəmi çalxalanır – ölkə yeni sistemə doğru gedir

Türkiyə gündəmi çalxalanır – ölkə yeni sistemə doğru gedir

Qabil Hüseynli: “AKP MHP ilə razılaşıb”
Türkiyə gündəmi yenidən çalxalanır. Hazırda qardaş ölkənin gündəmində olan əsas məsələ anayasaya dəyişikliklərlə bağlı gedən müzakirələrdir. Dəyişikliyə səs verəcək parlament partiyaları arasında ciddi fikir ayrılığı var. Hakim partiya olan AKP və müxalifəti təmsil edən MHP dəyişikliklərin lehinə, digər müxalif qurumlar-CHP və HDP bunun əleyhinədir.
Türkiyə Böyük Millət Məclisində ciddi qarşıdurma yaşanır. Tərəflər bir-birilərinin ünvanına ciddi ittihamlar səsləndirirlər. Xüsusilə, CHP və MHP arasındakı söz savaşı getdikcə qızışır. CHP deputatları həmkarlarını hakimiyyətlə anlaşmada ittiham edirlər. MHP-li millət vəkilləri isə qəbul ediləcək dəyişikliyin Türkiyənin gələcəyi baxımından müsbət nəticələrinin olacağını deyirlər. Parlament partiyası olmayan Səadət Partiyası da anayasa dəyişikliyini dəstəkləyir. Partiya başqanı Mustafa Kamalak mövqeyini bur cür ifadə edib: “Prinsip etibarı ilə söyləyirik, başqanlıq sisteminə qarşı deyilik, amma necə başqanlıq sistemi, onu görəcəyik”.
Millət vəkillərinin ən azı 330-nun səsi ilə dəyişiklik qəbul olunsa, qardaş ölkə üzümüzə gələn ilin ilk yarasında referenduma gedəcək. Türkiyə parlamentində təmsil olunan AKP və MHP deputatlarına sayına diqqət yetirdikdə, dəyişiklik təklifinin qəbul olunacağı ehtimalı çox yüksək görünür. AKP-nin 317, MHP-nin 39 deputatı var. Göründüyü kimi, hakim partiyanın MHP-nin 14 millət vəkilinin səsinə böyük ehtiyacı var. Buna isə günlər keçdikcə Ərdoğan iqtidarı nail olmağa başlayır. CHP də əlindəki imkanlardan istifadə edib, dəyişiklik təklifinin qəbul olunmamasına cəhd edir. Bunun üçün onlara kürdlərin partiyası olan HDP-nin yaxından dəstək verəcəyinə kimsədə şübhə yoxdur.
Referenduma gedilərsə, qərarın xalq tərəfindən dəstək alma ehtimalı olduqca yüksəkdir. Belə ki, son seçkilərdə 50%-dən yuxarı səs alan AKP-nin yenidən bu nəticəni qazanacağı təqdirdə, referendum baş tutmuş sayılacaq. Arxasınca isə Türkiyə prezident seçkilərinə gedəcək və indiki durumda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qalib gələcək siyasətçi qardaş ölkədə görünmür.
 
Bütün bunlar Türkiyənin addım-addım prezident üsul-idarəsinə doğru getdiyini göstərir. 
 
Картинки по запросу Politoloq Qabil Hüseynli
 
Politoloq Qabil Hüseynli AKP iqtidarının qarşısına qoyduğu hədəflərə addım-addım yaxınlaşdığını qeyd etdi: “Orduda ciddi islahatlar aparıldı və ordunun siyasətə qarışmasının qarşısı alındı. Bir növ Atatürk sisteminin möhkəm dayağı olan ordu siyasi proseslərdən uzaq salındı. Müstəqil məhkəmə sistemindən danışmaq da artıq çox çətindir. Polis özü də siyasiləşib. Bu gün ölkə Atatürk sisteminin tamamilə sıradan çıxarılması istiqamətində fəaliyyət göstərir. Uzun müddət sınaqdan çıxarılmış parlamentar sistemin prezident idarə-üsuluna keçməsi ilə bağlı ciddi fəaliyyət aparılır. AKP bu istiqamətdə MHP ilə razılaşıb. MHP təmsilçilərinin bəziləri iddia edir ki, sərt idarəetmə sistemi ölkədə separatçıların sıradan çıxarılmasına səbəb olacaq. Bunun demokratiyanın taleyində necə rol oynayacağını söyləməkdə isə çətinlik çəkirlər.
Ərdoğan çox sürətlə və özü də uğurla hakimiyyəti əlində cəmləşdirməyə doğru irəliləyir. Bu istiqamətdəki hədəflərinə çatmaq onun üçün çətin görünmür. Kənardan baxanda da proseslərin ona doğru getdiyini söyləmək mümkündür. Vaxtı ilə Türkiyəni müsəlman dünyasının demokratik ölkəsi, insan azadlıqlarının müdafiəçisi və demokratik dəyərlərə sadiq bir ölkə kimi təqdim edirdilər. Qərb də bu istiqamətdə türk cəmiyyətinə ciddi dəstək verirdi. Amma son dövrlərdə siyasiləşmiş dinin ictimai həyata ciddi nüfuz etməsi və digər amillər ölkənin başqa yöndə irəliyə doğru getdiyini göstərir. Bundan əlavə, prezidentin baş nazir, parlament sədrindən artıq səlahiyyətlərinin qat-qat yüksəkdə olması, onların hamısının bir partiyadan olması onu deməyə əsas verir ki, ölkə artıq formal olsa da, prezident üsul-idarəsini yaşamaqdadır. Bu baxımdan parlamentdə müəyyən çəkişmələr ola bilər.
 
CHP bütün qüvvəsini ortaya qoyacaq, HDP kənardan dəstək verəcək.
Картинки по запросу CHP VE HDP
Amma bütün bu cəhdlər yetərli olmayacaq. Nəyin  bahasına olursa olsun, ölkədə “uğurlu” referendum keçiriləcək. Bunun nəticəsində ölkə ümumxalq səsverməsi ilə prezident seçkilərinə gedəcək və Ərdoğan xalqın dəstəyi ilə ölkə başçısı seçilmiş şəxs kimi fəaliyyətinə davam edəcək. Bunun Türkiyənin ictimai-siyasi həyatında nə kimi rol oynayacağını əvvəlcədən söyləmək bir qədər çətindir. Amma hər halda arzu edərdik ki, bu demokratiya və insan haqlarının, eləcə də, mətbuatın inkişafına əngəllər yaratmasın. Türkiyənin əvvəlki imici qorunub saxlanılsın. Hər halda mürəkkəb proseslərdir. Ərdoğandan sonra hakimiyyətə gələcək şəxsin bu sistemi qoruyub saxlayacağı sual altında görünə bilər. Çünki türk cəmiyyəti koalisiyaları sevməsə də, demokratiya və insan haqları məsələsində kifayət qədər siyasi mədəniyyətə malikdir. Bu mədəniyyəti yaşadıb inkişaf etdirmək niyyətindədir. Hər halda Türkiyə bir sistemlə vidalaşıb, yeni bir sistemə keçir. Qərb demokratiyası ailəsinə vaxtı ilə daxil Türkiyə yeni bir yol seçməklə yeni bir səmtə doğru istiqamət götürür. Biz qardaş ölkəyə bu yolda uğurlar qazanmasını arzulayırıq”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın