Ana səhifə / İqtisadiyyat / Türk Xəbər Kanalı, Azərbaycanın səyləri və qlobal informasiya müharibəsində ümumtürk mənafeləri…

Türk Xəbər Kanalı, Azərbaycanın səyləri və qlobal informasiya müharibəsində ümumtürk mənafeləri…

Əkbər Qoşalı: “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə boylanmaq Beynəlxalq Türk Xəbər Kanalının əsas hədəfi olmalıdır”

“Bu kanalın türksoylu dövlətlərin inteqrasiyasında, sivilizasiyalararası mübarizədə maraqlarının qorunmasında danılmaz rolu olacaq”
“Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının əsasında nəinki regionda, eləcə də bütün dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının qurulması ehtiyacı dayanır”.
Bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov xatırladıb ki, kanalın Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılma ideyası türk dövlətlərinin liderləri tərəfindən dəstəklənib. O qeyd edib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək, baş verən hadisələrə dair öz versiyasını təqdim edəcək. Ə.Həsənov kanalın yaradılması ilə bağlı Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında birgə sənəd imzalandığını söyləyib: “Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumunun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyir: “Azərbaycan informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi töhfə vermək üçün türkdilli dövlətlərlə iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazırdır”.
4 ölkənin iştirakı ilə yaradılan bu kanalın türkdilli dövlətlərin inteqrasiyasında nə kimi rolu olacaq? Yeni kanal sivilizasiyalararası mübarizədə türkdilli dövlətlərin maraqlarının qorunmasında hansı işləri görə bilər?
Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı qəzetimizə açıqlamasında bildirdi ki, belə bir kanalın yaranması bütün türk dünyası üçün önəmlidir: “Qardaş Qazaxıstanın paytaxtı Astanada Türksoylu Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası çərçivəsində, qardaş ölkələrin milli televiziya kanalları arasında Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalanması, əlbəttə, təqdirəlayiq hadisədir. Hələlik Əməkdaşlıq Şurasına üzv olan dörd dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli televiziya kanallarını əhatə etsə də, bu kanalın bütövlükdə Türk dünyasına xidmət edəcəyinə şübhə yoxdur. Ona da şübhə etmirəm ki, gələcəkdə digər türk ölkə və toplumlarının da bu kanalın imkanlarından istifadə etməsi zərurəti meydana çıxacaq, onlar da sözügedən Protokola qoşulacaq.
Bu kanalın türksoylu dövlətlərin inteqrasiyasında, sivilizasiyalararası mübarizədə maraqlarının qorunmasında danılmaz rolu olacaq deyə düşünürəm. İlk növbədə, bu kanal məhz sənət, televiziyaçı peşəkarlığı ilə Türk dünyası üçün yüksək həvəslə çalışma əzminin universal birliyini yaratmalı, nümayiş etdirməlidir. Beynəlxalq Türk Xəbər Kanalı başqa, bir çox hallarda, sözün bütün anlamı ilə yabançı kanallardan əldə edilən bilgilərdənsə özü ilkin bilgi qaynağı olmalıdır. Türk dünyasının qanayan yarasının sarınmasına uluslararası dəstək qazandırmalıdır bu kanal. Bu kanal cəsarətlə intellektuallığın ortaq nöqtəsini tapmalı, o mövqedə qərarlaşmalıdır. Gözləyirik ki, yeni təsisat yalnız adıkeçən qardaş ölkələrdə deyil, dünyanın dörd yanında bürolar açan, çağdaş çağırışlara cavab verən studiyaları, pavilyonları, çəkiliş meydançaları olan nəhəng bir quruluşa çevriləcək. Əlbəttə, ortaq türk keçmişindən ortaq türk gələcəyinə boylanmaq Beynəlxalq Türk Xəbər Kanalının əsas hədəfi olmalıdır deyə düşünürəm. Türkcənin arınıb-durulmasına xidmət də bu yeni kanalın hədəflərindən biri olmalıdır.
Deməliyəm ki, Astanadakı tədbirdə respublikamızın Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunması, üstəlik, növbəti tədbirin Bakıda keçirilməsinin razılaşdırılması dövlətimizin, şəxsən cənab Prezidentin Türk dünyasında işbirliyinin dərinləşdirilməsi işinə verdiyi önəmin parlaq örnəklərindəndir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın