Şənbə , Sentyabr 22 2018
Ana səhifə / İqtisadiyyat / TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başladı

TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başladı

Bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Ə.İsayev “Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verib: “Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gündən Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir”.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.(AzərTAc)

Həmçinin oxuyun

Valyuta bazarında tarazlıq pozulmayacaq – TƏHLİL

Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın (AMB) təşkil etdiyi hərraclarda bu ilin arxada qalan …