Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / İqtisadiyyat / Samir Şərifov: “Növbəti ildə böyük vergi islahatına gedəcəyik”

Samir Şərifov: “Növbəti ildə böyük vergi islahatına gedəcəyik”

Noyabrın 5-dən etibarən Milli Məclisdə Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb. Zərfin müzakirəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələri iştirak edib.

İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qatılıb.

Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dən transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla, 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan MR-in dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırlır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 mln. manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 mln. manat və ya 95,9% çoxdur. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3% təşkil edəcəyi nəzərdə tutulub.

2019-cu il icmal büdcənin gəlirləri 29 724,6 mln. manat və ya cari ilə nisbətən 1 599,9 mln. manat və ya 5,7% çox, xərcləri 27 372,3 mln. manat və ya əvvəlki ilə nisbətən 797 mln. manat və ya 3,0% çox nəzərdə tutulub.

“2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən fondun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

2019-cu ildə də fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub.

2019-cu ildə fondun xərclərini 3 928,1 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

2019-cu ildə fondun xərclərinin əhaliyə ödənişlər, AHİK xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsilə maliyyələşdirilən xərclər, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, müvafiq icra hakimiyyəti orqanının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri və digər xərclər istiqamətlərində icra ediləcəyi nəzərdə tutulub.

***

Müzakirələrdə çıxış edən Milli Məclisin birinci vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, 2019-cu ilin büdcəsi əvvəlki illərdə olduğu kimi sosial yönümlüdür. Z. Əsgərovun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 3 milyard 37 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4.6 faiz çoxdur. Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xərclər 30 milyon manat səviyyəsinə çatacaq. “Hökumət bu dəfə də hərbi döyüşlərdə iştirak edən şəxslərin sosial vəziyyətinə xüsusi diqqət ayırıb”. Çıxışı zamanı büdcənin neftdən asılılığının azaldılması ilə bağlı səslənən fikirlərə münasibətini bildirən Z. Əsgərov qeyd edib ki, Dövlət Neft Fondundan transferlərdən imtina etmək düzgün deyil:

 “Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək? Ölkəmizdə sosial layihələr işləyib hazırlanır, yol infrastrukturuna diqqət ayrılır. Bunu xalqımız üçün edirik. Bu, sosial vəziyyətin yaxşılaşdırılması deyilmi?”

“Yeni büdcə qaydamız neftdən asılılığın azaldılmasına yönəlib. Yəni neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu, ikinci zərbə kimi endirilmiş olacaq. Yeni büdcə qaydasına riayət etsək özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq”. Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transfert eyni zamanda tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir. “Fond valyuta bazarına müəyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli intizamlı həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və eyni zamanda həmin optimal səviyyəni qarşılamalıdır”.

S.Şərifov gəlirlərlə bağlı risk faktorlarını sadalayıb: “Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilolmalarımız ola bilər. Söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyiciləri SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox xam nefti, neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə artır. Nəticə etibari ilə daxili bazarda məhsullarını satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindəın müvafiq qaydada yığılacaq”.  O bildirib ki, növbəti ildə böyük vergi islahatı başlayacaq: “Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edirik”. Nazir bildirib ki, iqtisadiyyatda şəffaflaşma baş verməsini, kölgə iqtisadiyyatının tədricən azaldılmasını və bunun üçün sahibkarlar üçün stimul yaradılmasını istəyirlər. “Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır”. O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi. Qeyd edib ki, indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.

“Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına ümumi daxili məhsulu 3 faizə qədər artırmaq olar. Necə olur ki, o qədər vəsait ayrılır, ancaq ümumi daxili məhsulun 2 faiz artırılması proqnozlaşdırılır və cəmi 0,8 faiz artım var. Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır”. Bunu isə deputat Əli Məsimli deyib. Deputat bildirib ki, Azərbaycan büdcəsi və iqtisadiyyatının sosial blokla yetərincə əlaqəsi yoxdur. “Büdcədə artımlar var. Ancaq necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 3-də 2-ni təşkil edən Azərbaycanda minimum əmək haqqı başqalarından aşağıdır. Bu, heç bir məntiqə sığan bir şey deyil. Bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır. Çünki büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensasiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılsın”, – deyə, deputat bildirib.

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Deputat Zahid Oruc iri şirkətlərin özəlləşdirilməsi zərurətindən danışıb: “”Azərenerji” uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır. Aydınlıq gətirilməlidir ki, “Azərenerji” daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək”. Deputatın sözlərinə görə, Azərbaycan çox haqlı öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. “Prezident çox haqlı olaraq məlum müşavirədə ”Azərenerji” rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlmiş olub. “Azərenerji” bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək. Bu məsələyə aydınlıq gətirilməlidir”.

Ä°lgili resim

“Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”

“Qafqazinfo”nun xəbərinə görə, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib. O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması nəticəsində büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

Komitə müzakirələri davam etdiriləcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

OPEC Azərbaycan üzrə proqnozunu açıqladı –Hasilat 10 min barel azalacaq

2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır. Bu barədə OPEC-in …