Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Samir Əliyev: “Dövlət dəstək verməsə, daha bir neçə bank bazarı tərk edəcək”

Samir Əliyev: “Dövlət dəstək verməsə, daha bir neçə bank bazarı tərk edəcək”

“Çətin durumda olan bankları xilas etmək mümkündür”

Bank sektorunun böhrandan çıxması hazırda iqtisadiyyatın mühüm məsələlərindən biri kimi gündəmdədir. Bir sıra qurumlar əldə olunan müəyyən göstəricilər əsasında bankların tamamilə böhrandan çıxdıqlarını elan etsələr də, müstəqil ekspertlər, həmçinin beynəlxalq maliyyə təşkilatları, agentliklər bu sektorda problemlərin hələ də qaldığı fikrindədirlər. Sonuncular böhranın təsirlərindən ciddi zərər görmüş daha bir neçə bankın bağlanacağını proqnozlaşdırırlar.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, bankların indiki vəziyyətini heç də müsbət dəyərləndirə bilmərik: “Bəzi banklar devalvasiyanın vurduğu zərəri nisbətən aradan qaldıra biliblər, vəziyyətləri bir qədər yaxşılaşıb. Lakin bununla yanaşı, çətinlikləri davam edən, problemləri hələ də aşa bilməyən banklar da var. Onların əsas problemi akivlərlə bağlıdır. Aktivlərin pisləşməsi ümumən kapitallarının pisləşməsinə gətirib çıxarıb. Ümumən götürdükdə banklar hələ ki iqtisadiyyatı kreditləşdirmək kimi əsas öhdəliyi normal qaydada, ən azı 2-3 əvvəlki səviyyədə həyata keçirə bilmirlər. Təsadüfi deyil ki, ötən il ölkə üzrə kreditləşmənin həcminin xeyli aşağı düşməsini müşahidə etdik. Banklar bu gün iqtisadiyyatı və sahibkarları kreditlə təmin etmək əvəzinə daha çox Mərkəzi Bankın verdiyi qısamüddətli dəstək aksiyalarında iştirak etməklə gəlir götürmək siyasəti yürüdürlər. Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında iştirak etmək, eyni zamanda istər Mərkəzi Bank, istərsə də Maliyyə Nazirliyinin buraxdığı notları almaqla kreditləşmədən uğradıqları zərəri azaltmağa nail olmağa çalışırlar. Onlar cəlb etdikləri əmanətləri yerləşdirməkdə ciddi çətinliklə üzləşiblər, ciddi likvidlik problemi var. Getdikcə daha da artan likvid vəsaitlərini yerləşdirmək üçün daha azriskli sahələr axtarmaqla məşğuldular”.

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

Ekspertin fikrincə, yaxın zamanlarda dövlət tərəfindən dəstək verilməsə, daha bir neçə bank bazarı tərk edəcək: “Bu, ola bilər ki, birləşmə formasında olsun, ola da bilər ki, lisenziyanın dayandırılması formasında. Bir sıra banklar kapitalı artırmaq, yeni investorlar cəlb etməklə vəziyyətdən çıxmağa çalışırlar, amma bu, çox çətindir”.

S.Əliyevə görə, çətin durumda olan bankları xilas etmək mümkündür: “Bankları xilas etmək mümkün və deyərdim ki, çox vacibdir. Bağlamaq problemi həll etmək demək deyil, bu proses bütün tərəflər üçün zərərlidir. Bağlanmadan əvvəl ”sağaltmaq” üçün bütün mümkün yollardan istifadə olunmalıdır. Rusiya Mərkəzi Bank nəzdində problemli kreditlər üzrə fond yaratdı. Bu fond çətinliklə üzləşmiş xüsusilə də sistem əhəmiyyətli bankların zərərli aktivlərini alaraq onların idarəçiliyini öz üzərinə götürür. Həmin banklar sağlamlaşdırıldıqdan sonra yenidən aktivləri satışa çıxarılır. Düşünürəm ki, Azərbaycanda da analoji fondun yaradılmasına ehtiyac var. Bu fonda bankların problemli kreditlərini alaraq onlara dəstək verməli, daha sonra aldığı aktivləri istər yerli, istərsə də xarici investorlara satmalıdır. Bu mexanizmi dünyanın hər yerində tətbiq edirlər. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Bankların bağlanması qətiyyən çıxış yolu deyil, əksinə, əhali arasında banklara inamı azaldan, ölkənin ümumi kredit reytinqinə mənfi təsir göstərən haldır. Bunun qarşısını almaq üçün dövlət mütləq qeyd etdiyim mexanizmi tətbiq etməlidir”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …