Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / İqtisadiyyat / Qonşuda xəstəlik yayıldı: Ət bahalaşa bilər – ŞƏRH

Qonşuda xəstəlik yayıldı: Ət bahalaşa bilər – ŞƏRH

Cari ildə ölkədə 2442699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub.
Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.
Nazirlikdən verilən məlumata görə, bu tədbir Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır. 2018-ci ilin ilk 7 ayı ərzində Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub. Baytarlıq Xidməti respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən, nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyətin sabit olduğunu bildirir.
Qeyd edək ki, bir müddət öncə Qida Təhlükəsizliyi Agentliyi də Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq etmişdi. Agentlikdən bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün QTA tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub. Mövcud vəziyyətin Azərbaycanın ət bazarına təsirsiz ötüşməyəcəyi bildirilir. Ekspertlər yay aylarından etibarən ölkə ərazisində ətin qiymətinin kəskin formada artdığına diqqət çəkərək, bu artımın davam edəcəyini deyirlər. Ətin bahalaşmasının səbəbi kimi ölkədə ət qıtlığının yaranması, yemin bahalaşması və otlaq sahələrinin azalması göstərilir. Bunlarla yanaşı, xaricdən ət idxalında azalma da qiymət artımını şərtləndirir.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, bu cür elanların verilməsi, psixoloji təsirlərlə ölkəyə Gürcüstandan gələn heyvandarlıq məhsullarının alınmasının qarşısını alacaq: “Mövcud situasiyada ölkənin ət bazarında qiymətin müəyyən qədər artımı olacaq. Bununla da, ölkədə bahalaşma tendensiyasını bir qədər də sürətlənə bilər. Sözügedən məsələdə diqqətimi çəkən əsas nüanssa, dövlət qurumlarının əhaliyə xəbərdarlıq etməsidir. Buna görə dövlət qurumları əhaliyə niyə xəbərdarlıq etməlidir? Dövlət Gömrük Komitəsi ölkənin iqtisadi sərhədində dayanır, zəhmət çəksin yararsız məhsulu ölkəyə buraxmasın. Bununla da daxili bazar qorunmuş olur. Əslində isə bu, əhalinin problemi deyil. Doğrudur, əgər hansısa təhlükə varsa, zərbə əhaliyə dəyir. Tutaq ki, istehlakçı bazardan ət alır.
O, haradan bilsin ki, satılan ət Gürcüstandan gətirilib, yoxsa başqa yerdən?! Sözsüz ki, bu əti satan insanlar Gürcüstandan gəldiyini danacaqlar.  Əgər xəstəlik aşkarlanıbsa, oradan gələn kənd təsərrüfatı məhsulları sərhəddən buraxılmamalıdır”.

Həmçinin oxuyun

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə etdi

Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən “Nar”-ın, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün …