Pulumuz var, amma xaricdən də kredit alırıq – ŞƏRH

Azərbaycan  müxtəlif  beynəlxalq maliyyə qurumlarına borclanmaqda davam edir. Belə ki, Asiya İnkişaf Bankı (AİB) “Dövlət idarəçiliyinin və dövlət sektorunun effektivliyinin təkmilləşdirilməsi” layihəsinin birinci proqramı çərçivəsində Azərbaycana 250 milyon dollar həcmində kredit ayrılmasını təsdiq edib. Kredit Azərbaycan hökumətinə həm də özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

Qeyd edək ki, Azərbaycanda  hakimiyyət təmsilçiləri dəfələrlə ölkəmizin kifayət qədər valyuta ehtiyatlarının olduğunu bildirirlər. Hətta Azərbaycan  özü müxtəlif layihələr çərçivəsində qonşu ölkələrə bu məbləğin iki qartı qədər kredit ayırır.  Bəs belə olan halda ölkəmizin borclanmaya getməsinin səbəbi nədir? Xarici borclanma niyə dövlətlər üçün bu qədər əhəmiyyətlidir?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, borclanmanın əsas məntiqi  kreditin faiz dərəcəsi ilə bağlıdır: “Əgər biz  öz pulumuzu  hansısa ölkəyə kredit verib daha çox faiz ala biliriksə, öz növbəsində bizə də kimsə aşağı faizlə kredit verirsə, bu sərf edir. Dünya təcrübəsində xarici borclanmanın əsas məqsədi bu cür qazanmaqdır. Əgər Azərbaycan da belə ediriksə, burada normalı məntiq var. Amma belə deyilsə, biz öz pulumuzu kiməsə  ucuz veririksə, xaricdən daha baha kredit alırıqsa, bu məntiqsizdir. Heç bir iqtisadi məntiqə sığmır və bu addımın əsas məqsədi korrupsiya sayılır. Sadəcə bunu hesablamaq lazımdır ki, biz faiz dərəcəsində uduruq , yoxsa uduzuruq”.

Image result for Əkrəm Həsənov

Ekspert onu da vurğuladı ki, xarici borcun artması ölkə üçün əlavə yükdür: “Biz bunu Beynəlxalq Bankın timsalında da gördük. ABB-nin borcunu dövlət verdi və bu ilki büdcə üçün ciddi yük oldu. Düzdür, bu gün dünyada elə bir dövlət yoxdur ki, onun xarici borcu olmasın. Sadəcə olaraq, bugünkü qlobal iqtisadiyyat borc üzərində qurulub. Hansısa ölkənin pulu varsa belə, o əlindəki pulu yüksək faizlə kredit verib, daha aşağı faizlə kredit götürməyə çalışır. Ümumilikdə isə borcun artması  ölkə üçün yaxşı hal deyil”.

Ə. Həsənovun sözlərinə görə, dövlət borcu yüksək olmasa da, dövlət şirkətlərinin borcları həddindən artıq çoxdur:“Bizim dövlət borcumuz elə də yüksək həddə deyil. Valyuta ehtiyatlarımızla müqayisədə elə də çox sayılmır. Amma dövlət şirkətlərinin borcları çoxdur. Dövlət borcu yalnız dövlətin ödəməli olduğu borcdur. Dövlət şirkətlərinin borcu dövlət borcu sayılmır. Dövlət onu ödəməyə də bilər. Məsələn, Beynəlxalq Bankın xarici borcları var. Onların bir hissəsini dövlət öz üzərinə götürdü, halbuki götürməyə də bilərdi. Çünki dövlət bankın borcuna görə cavabdeh deyil. Və ya ARDNŞ-in və ya “ Azərenerjinin” borcuna görə dövlət cavabdeh deyil. Ancaq biz ABB praktikasından belə başa düşdük ki, sabah dövlət şirkətlərində  borcun ödənilməsi ilə bağlı problem yaranarsa, dövlət öz adına, imicinə görə, bu borcu ödəməyə məcbur ola bilər. Bu baxımdan borcların həcmi çoxdur. Əgər neftin qiyməti kəskin ucuzlaşsa bu borclar təhlükəli ola bilər”.

Məlumat üçün qeyd edək ki, Asiya İnkişaf Bankı  beynəlxalq maliyyə təşkilatıdır və 1966-cı ildə yaradılıb.  Məqsədi Asiyada və ümumiyyətlə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdir.