Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Pezidentin köməkçisi dollar kreditləri ilə bağlı xoş müşdə verdi

Pezidentin köməkçisi dollar kreditləri ilə bağlı xoş müşdə verdi

Dollar kreditləri ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması istiqamətində mühüm addımların atılacağına ümidlər artmağa başlayıb. Ölkə rəhbərliyinin atdığı bir sıra addımlardan sonra üç ildən çoxdur əhalini narahat edən əsas problemlərdən biri – vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. 

Milli Məclisin üzvü Vahid Əhmədovun ölkə Prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciət etməsindən sonra bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər. Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2 faiz təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4 faiz, ötən ilin əvvəlinə isə 13,8 faiz olub.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarında olan kreditlərdir. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Dollar kreditləri ilə bağlı problemin həlli istiqamətində addımların atılacağına Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” səhifəsindən paylaşdığı yazıda da işarə vurulub. Sitat: “Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhidə 11 min kompensasiya vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən, bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlərin məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq”.

Göründüyü kimi, dövlətin ən ali səviyyəsindən bu mühüm problemin həllinə dəstəyin verilə biləcəyinə dair ümidverici fikir səsləndirilib. Bu istiqamətdə dövlətdən hansı güzəştləri gözləmək olar?

İqtisad elmləri doktoru Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, güzəştlərin konkret nələrdən ibarət ola biləcəyini söyləmək bir qədər çətindir:“Mənim də əldə etdiyim məlumatlara görə, hazırda müəyyən səviyyədə bu istiqamətdə iş gedir. Bu mövzu ikinci devalvasiyadan sonra hər zaman diqqətdə olub. Çox təəssüflər olsun ki, banklara müraciət edən vətəndaşlarımıza o vaxt kreditlər xarici valyutada təklif olunub. Baş verən iki devalvasiyadan sonra isə əhali həmin kreditləri ödəməkdə çətinlik çəkib. Təbii ki, dövlət bütün bu prosesləri yaxından izləyir. İndiki durumda xarici valyuta ilə verilən kreditlərin həcmi kifayət qədər böyükdür. Güzəşt müxtəlif cür edilə bilər. Məsələn, bir variant belə ola bilər ki, 2015-ci ildən indiyə qədər olan müddət ərzində dollar kreditləri ilə bağlı hesablanan faizlər, cərimələr, dəbbə pulları ləğv edilsin. Başqa bir variantda isə dövlət təklif edə bilər ki, borclar indiki 1 manat 70 qəpik kursu ilə deyil, birinci devalvasiyadan sonrakı 1 manat 05 qəpiklə ödənilsin. Başqa bir güzəş əhalinin kasıb təbəqəsilə bağlı tətbiq edilə bilər. Kredit götürənlərin arasında elə adamlar var ki, onlar bu müddət ərzində iş yerlərini itiriblər və borcu ödəmək üçün heç bir gəlir yerinə sahib deyillər. Həmin təbəqənin qalan borcları bağışlana bilər. Yəni variantlar müxtəlifdir, ən optimalını seçib tətbiq edəcəklər. Əsas odur ki, problemin həlli ilə bağlı siyasi iradə var”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …