Paytaxtda dolların “qara bazar”ı yenidən dirçəlir – əməkdaşımız səbəbləri araşdırıb

“Bazar”da ən çox rus pulu və dollar satılır; müştərilər də kifayət qədərdir; iqtisadçı ekspert: “Mərkəzi Bank prosesi idarə edə bilmir və insanları sakitləşdirməyi bacarmır…”

2015-ci ildə manatın ilk devalvasiyasından sonra ölkədə yerli valyutanın dollara nisbətdə ucuzlaşması, xarici valyutaya qarşı yaranan tələbin təklifi üstələməsi, “qara bazar”ı canlandırdı. Həmin vaxt ekspertlər bildirirdilər ki,  buna əsas səbəb Mərkəzi Bankın və digər kommersiya banklarının fəaliyyətinin zəif olması, eyni zamanda, bazardakı mövcud dollar tələbinə operativ reaksiyanın verilməməsidir. Həmçinin “Exchange”lərin ləğvinin də “qara bazar”ın dirçəlməsini tətiklədiyi istisna edilmirdi.

Sonradan hökumət “qara bazar”a qarşı sərt mübarizəyə başladı. Məsələ Milli Məclisin divarları arasına da gedib çıxdı. Belə ki, parlamentdə  büdcə müzakirələri zamanı manatın dəyərsizləşməsində, valyuta qıtlığı ilə bağlı ajiotaj yaranmasında maraqlı qüvvələrin varlığından bəhs edildi. Hətta deputat Yevda Abramov Milli Məclisdəki çıxışında “qara bazar”a xüsusi maşınlarda külli miqdarda valyuta çıxarıldığını, eyni gündə 4 saat ərzində dolların ciddi fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etdi.

O vaxt Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov iddialarla bağlı jurnalistlərə açıqlamasında bildirdi ki, hazırda “qara bazar”a qarşı çox ciddi mübarizə aparılır. O, həmçinin söylədi ki, indi rəsmi məzənnə ilə “qara bazar” arasında çox cüzi fərq var: “Bu da aparılan mübarizənin nəticəsidir”. 2016-cı ildə metronun “28 May” stansiyasının yaxınlığında fəaliyyət göstərən bir neçə xarici valyuta dəyişən şəxslərə qarşı əməliyyat keçirildi, onların “toçka”ları bağlandı.

“Yeni Müsavat”ın əməkdaşı olaraq müşahidə etdik ki, hazırda “28 May” stansiyası yaxınlığında yenidən dollar satanlar peyda olublar. Onlar ərazidə gəzərək, açıq şəkildə “rus pulu, dollar” deyib, müştəri axtarırlar. Bu şəxslərin vasitəçiliyi ilə valyuta dəyişənlər də var. Özləri bildirdilər ki, fəaliyyətlərinə kimsə maneə yaratmır:  “Vağzalın yanında dayanıb, daha çox rus pulu dəyişirik. Rusiyadan gələn vətəndaşların adətən ciblərində yerli valyuta olmur. Ona görə də müştərilərimizin çoxu elə həmin vətəndaşlardır. Dollar, avro və digər valyutalar da dəyişirik. Ancaq gərək, öncədən deyəsiniz ki, lazım olduğu qədər valyuta tapa bilək. Son zamanlar avro tapmaqda çətinlik çəkirik. Ancaq yenə əlimizdə müəyyən qədər bu valyutadan olur. Axır zamanlar camaat arasına ajiotaj yaranıb. İnsanlar hesab edirlər ki, manat növbəti dəfə ucuzlaşacaq. Ona görə də zəng edib, bizdən dollar istəyənlərin sayı çoxalıb. Elə burada durduğumuz zaman da yaxınlaşıb pulunu dəyişənlər az deyil. Pulu elə bank qiymətinə, bəzən də bir qədər ucuz məzənnə ilə dəyişirik”, – deyə söhbət etdiyimiz “qara bazar”  satıcıları bildirdilər.

t Natiq Cəfərli ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki,  son zamanlar çox qəribə bir situasiya formalaşıb: “Ətraf ölkələrdə, əsasən də bizimlə çox sıx əlaqəsi olan Türkiyə və Rusiyada rubl və lirənin dəyərdən düşməsi Azərbaycanda da ajiotaj yaradıb. Nəticədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da media qarşısına çıxıb açıqlama verdi ki, manata heç nə olmayacaq, devalvasiya gözlənilmir. Məlumdur ki, hər zaman Mərkəzi Bankın rəhbərinin açıqlamaları əks-effekt doğurur. Ona görə bu açıqlama da ajiotajın böyüməsinə səbəb oldu. Ajiotajın böyüməsi isə banklarda ənənəvi qaydada hər gün satılan dollar həcminin artmasına səbəb oldu. Məlumdur ki, banklarda hər gün satılan dolların həcmi orta hesabla bəllidir. Ona görə də artım hiss olundu. Birdən-birə tələbat artdı, lakin banklar əlavə olaraq dollar satışa çıxara bilmədilər. Artıq ötən həftənin son günlərindən etibarən bəzi bankların ümumiyyətlə, dollar satışını dayandırdığı deyilir. ”Qara bazar” isə çevikliyini göstərərək, yenidən ortaya çıxdı. Banklarda isə satışın dayandırılması “qara bazar”dan dollar almaq istəyənlərin sayının artmasına səbəb olub. Tələb yarandı, nəticədə iqtisadi qanunlara görə, həm də təklif yaranır. Belə də oldu və “qara bazar”da valyuta əməliyyatlarının həyata keçirilməsinə başlanıldı. Yəni burada Mərkəzi Bankın üzərinə böyük məsuliyyət düşür. Çünki o, prosesi idarə edə bilmir və insanları da sakitləşdirməyi bacarmır. Bundan əlavə bankların çoxlu həcmdə dollarla təmin olunmasında da problemlər yaşanır. Bu isə şayiələrin və ajiotajın artmasına səbəb olur”.

Ekspert onu da bildirdi ki, “qara bazar”ın fəaliyyətə başlaması zərərli haldır: “Birincisi ona görə zərərlidir ki, vergidən yayınma halları baş verir. Banklarda alqı-satqı nəzarət altında həyata keçirilir və bu əməliyyatlardan əldə olunan gəlirdən vergi verilir. İkincisi də ”qara bazar” təhlükəsizlik baxımdan da problemlər yaradır, saxta pulların dövriyyəsini genişləndirir. Bu isə əhaliyə böyük ziyan vurur. Yəni belə bir halın genişlənməsi bütövlükdə həm iqtisadiyyata, həm də əhaliyə zərərlidir. “Qara bazar”ın yaranması, əslində Azərbaycanda bank sisteminin çox zəif və həddindən artıq qeyri-çevik olmasının nəticəsidir. Rus pulu ilə bağlı problem ondan ibarətdir ki, rubl həddindən artıq dalğalı dövrə qədəm qoyub. Son bir həftə içərisində rublla bağlı kifayət qədər dalğalı məzənnə oldu. Rublun tez-tez bahalaşması və ucuzlaşması banklarda rubl əməliyyatına iştahanı azaldıb. Yəni artıq onlar ziyana düşməkdən çəkinirlər. 65 rubla aldıqları dolları indi məcburən aşağı məzənnə ilə satırlar. Buna görə də risk etmək istəmirlər. Onlar riskə getmək istəmədikdə isə “qara bazar”da daha çevik pul dəyişənlər peyda olur və aktivlik yaranır”.

 

Загрузка...