Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “İdxalın artması bu sahədəki ağır vəziyyətdən xəbər verir” – EKSPERT

“İdxalın artması bu sahədəki ağır vəziyyətdən xəbər verir” – EKSPERT

“Hökumətin 2017-ci ildə regionların sosial-iqtisadi inkişafına həsr edilmiş iclasında kənd təsərrüfatı sahəsində sürətli irəliləyişlər barədə bəyanatlar verilib. Amma idxalın artması bu sahədəki ağır vəziyyətdən xəbər verir”.

Bu sözləri kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Turan-a bildirib.

Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin son məlumatları ərzaq idxalının həcminin ciddi artmasını göstərir. Belə ki, son illər üzrə idxal həcmlərinin müqayisəli təhlili taxılçılıqda vəziyyətin ağır olduğunu göstərir. 2002-ci ildə buğda idxalı 657,2 min ton səviyyəsində olub. Lakin son 14 ildə bu rəqəm 2,4 dəfə artaraq 2016-cı ildə 1 milyon 599,6 min tona çatıb. Eyni dövrdə qarğıdalı idxalının həcmi 2,1 min tondan 181,6 min tonadək artıb. Bu, o deməkdir ki, hesabat dövründə qarğıdalı idxalı 86 dəfə artıb (!)

Ekspertin sözlərinə görə, bundan başqa, xam şəkər və şəkər idxalı 2,8 dəfə, təzə meyvə idxalı 13,6 dəfə, təzə tərəvəz idxalı 4,3 dəfə, kartof idxalı 5,6 dəfə, düyü idxalı 2,4 dəfə, çay idxalı 2,9 dəfə, bitki yağları idxalı 5 dəfə, süd məhsulları idxalı 2 dəfə, quş yumurtaları idxalı 6,8 dəfə, iribuynuzlu heyvan əti idxalı 9,8 dəfə artıb.

“Göründüyü kimi, sahə inkişaf etmir, əksinə tənəzzül həddinə çatıb. Deyirlər ki, bal bizim əsas ixrac məhsulumuz olmalıdır. Maraqlıdır ki, qonşu Gürcüstanda, Ermənistanda və Türkiyədə adambaşına il ərzində 1,5-1,7 kiloqram bal istehlak edirlər. Azərbaycanda isə bu göstərici 266 qram təşkil edir. Qeyd etməliyəm ki, qonşu ölkələrlə müqayisədə biz bal ilə özümüzü 97 faiz yox, 20 faiz təmin edirik”.

Amma ən maraqlısı hökumətin “ağ qızıl” ixrac etmək kampaniyasıdır. “1992-ci ildə ölkədə 336,3 min ton pambıq istehsal olunmuşdu. Məhsuldarlıq hər hektardan 18,4 sentner təşkil etmişdi. Həmin dövrdə dövlət büdcəsindən bu sahəyə 1 qəpik də olsun maliyyə vəsaiti ayrılmasa da, pambıq ixracından ölkəyə 100 milyonlarla dollar valyuta gəlmişdi. İndi bu sahəyə hər il 100 milyonlarla dollar dövlət vəsaiti xərclənir, hətta hər birinin dəyəri 1 milyon manatdan baha olan onlarla kombaynlar alınıb gətirilib, istehsalçılara guya subsidiya və güzəştli yanacaq, toxum, gübrə, pestisidlər verilir. Lakin bütün bunların müqabilidə 136 min hektar pambıq sahəsindən cəmi 207 min ton, yəni hər hektardan 15,1 sentner məhsul əldə olunub. Təsəvvür edin, 2017-ci ildə əldə olunan ümumi məhsul 1992-ci ilin istehsal göstəricisindən 129 min ton az olub. 25 il əvvəl hər hektardan 330 kiloqram çox pambıq əldə olunmuşdu”.

Ekspertlərin fikrincə, ölkədə təbiət kənd təsərrüfatının inkişafı üçün çox əlverişlidir. Amma kənd təsərrüfatında vəziyyət ağırdır və bu, onunla bağlıdır ki, aqrar siyasəti məmurların pulgir maraqları diktə edir. “Ölkəmiz bir çox əlverişli coğrafi mövqe tutur, əlverişli iqlim zonasında yerləşir. Lakin kənd təsərrüfatı sektorunun inkişafına mane bir sıra problemlər var. Kiçik fermer təsərrüfatları tənəzzül edir. Çünki müasir avadanlıq və kənd təsərrüfatı texnikası yoxdur. Üzvi və qeyri-üzvi gübrələr çatışmır. Nəticədə torpaqlar deqradasiyaya uğrayır. Bir sıra problemlər suvarma suyunun çatışmazlığı ilə bağlıdır. Bununla yanaşı, fermerlər maliyyə mənbələrindən istifadə edə bilmirlər, aqrar sənayenin effektiv inkişafı üçün lazım olan peşəkar kadr resursları yoxdur. Bütün bunlara əlavə olaraq, təcili problemlərin həlli əvəzinə hökumət rəsmiləri kəndliləri səmərəsiz işləməyə məcbur edirlər. Çünki əsas məqsədləri fermerlərin öz torpaqlarını oliqarxlara vermsidir. Hökumət rəsmiləri bu məqsədlə bütün rıçaqlardan istifadə edirlər”, – deyə Məhərrəmov deyib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …