Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ekspert vergilər nazirinin çıxışını dəyərləndirdi

Ekspert vergilər nazirinin çıxışını dəyərləndirdi

Bu gün Bakıda Vergilər Nazirliyinin təşəbbüsü ilə “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfrans keçirilib. Konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov bir sıra mühüm məsələlərə toxunub. Nazir postuna təyin olunduqdan sonrakı ilk çıxışı M.Cabbarovun vergilər sisteminə baxışlarının, bu sistemdə baş verəcək dəyişikliklərin mahiyyətinin açıqlanması kimi də dəyərləndirmək olar.

Nazir bildirib ki, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq: “Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir”.

M.Cabbarov nazirliyin ondan əvvəlki işindəki problemləri də dilə gətirib. Bildirib ki, “vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla – dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi, plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması, özəl biznesə qarşı bugünki tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi, ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicilərini “özününki” və “özgə” kateqoriyalarına bölünməsi kimi xoşagəlməz hallar” baş verib.

Nazir vergi ödəmələrinin həcminin artırılmasının ən doğru yolu kimi vergitutma bazasının genişləndirilməsi və vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin təmin edilməsi”ni gördüyünü deyib: “Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birincini biz müsbət qarşılıyırıqsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

M.Cabbarov bildirib ki, tanınmış yerli və xarici şirkətlərin qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri onlara məlumdur: “Biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə, bir gün vergi müfəttişinin sizin qapınızın döyməsinə hazır olun”.

Nazirin dediyinə görə, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır: “Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcəkdir, bu mənada heç kəsə güzəşt edilməyəcəkdir. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir.

Bulanıq su yalnız o şəxslərə sərfəlidir ki, kim dövlət və ya biznes hesabına qanunsuz gəlir əldə etmək istəyir. Şəffaflıq və informasiyanın açıqlığı qanunvericilik çərçivəsində ədalətli vergitutmanı təmin edir. Hər bir insan səhv edə bilər. Vergi hesabatını dolduran istənilən mühasib də səhv edə bilər. Lakin, saxta məlumatları bilərəkdən vergi hesabatına daxil edən mühasib illər keçdikcə də bilməlidir ki, o maddi məsul şəxs kimi törədilmiş cinayətin həmiştirakçısıdır.

Mən buradan bütün maddi məsul şəxsləri xəbərdar etmək istəyirəm – nə qədər gec deyil bu işi özünüz dayandırın, çünki onu biz dayandırmalı olsaq qanunun tam ciddiliyi ilə hərəkət etməli olacağıq”.

M.Cabbarov onu da deyib ki, vergi qanunvericiliyinə dəyişikliklər hazırlanır: “İqtisadi siyasətdə baş verən dəyişikliklər qanunvericilikdə də müvafiq dəyişikliklərin aparılmasını tələb edir. Lakin bununla belə, biz başa düşürük ki, vergi qanunvericiliyində tez-tez dəyişikliklərin edilməsi biznes üçün perspektiv planlaşdırmanı çətinləşdirir, əlavə edilən yeni müddəalar bəzi hallarda nəzərə alınmayan vergi riskləri yaradır.

Biznes sabitliyi sevir, hər il yeni dəyişiklikliyə adaptasiya olunmaq onun üçün çətindir”.

Yeni qanunvericilikdə əsas diqqət qeyri-leqal iqtisadiyyatdan leqal iqtisadiyyata keçidin təmin olunmasına yönəldiləcək.

Vergi yoxlamalarının sayı azaldılacaq, lakin ödəyicilər nəzarətsiz buraxılmayacaq: “Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır. Lakin şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda, biznesin öz vergi öhdəliklərinə eyni cür yanaşmasını da əhatə etməlidir.  Qanun hamı üçün birdir. Kiçik və ya böyük şirkət olmasından asılı olmayaraq, hər kəs öz vergi öhdəliyini düzgün yerinə yetirməlidir. İkili mühasibatlığın aparılması, vergiyə cəlb edilən dövriyyələrin gizlədilməsi, vergidən yayınma hallarının qarşısı birmənalı olaraq alınacaqdır.
Burada prinsip sadədir – qanuna əməl et və vergi orqanını görmə”.

Nazir hesab edir ki, mühüm bir istiqamət iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə olunan “kölgə iqtisadiyyatı”nın leqallaşmasıdır: “Bu, bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı müvafiq tədbirlər görməyə çalışır. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik pozuntu halları geniş yayılmışdır. Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bugün inzibati tədbirlərdən istifadə edir, lakin bu kifayət deyildir. Biznesin fəaliyyətinin, xüsusilə qeyri-rəsmi məşğulluğun, işçilərə verilən əməkhaqqının tam leqallaşdırılması, gəlirlərin düzgün bəyan edilməsi,  hesabatlılığın şəffaflaşdırılması istiqamətində bütün qanunvericilik və iqtisadi rıçaqlar işə salınmalıdır”.

M.Cabbarovun çıxışını şərh edən iqtisadçı-ekspert, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, vergi “kölgə” iqtisadiyyatının aradan qaldırılmasında çox vacib bir alətdir: “Bu baxımdan, təbii ki, Vergilər Nazirliyi problemin həllində vacib institutdur. Azərbaycanda da qeyri-leqal iqtisadiyyatın payı yüksəkdir. Düşünürəm ki, Vergilər Nazirliyinin yeni rəhbərlik və yeni komandasının əsas hədəfi qeyri-leqal iqtisadiyyatın aradan qaldırılmasıdır. Burada əsas yerlərdən birini büdcədən yayındırılmış, bəzi hallarda isə ödənilmiş, lakin uçota alınmamış vəsaitlərin büdcəyə cəlb olunması tutur. Düzdür, son illərdə vergi orqanları ilə iş adamları arasında münasibətlərin elektronlaşdırılması sahəsində xeyli işlər görülmüşdü və bu, qeyri-leqal iqtisadiyyatın  həcminin azalmasına müsbət təsirini göstərirdi. Lakin eyni zamanda vergi orqanları ilə sahibkarlıq subyektləri arasında münasibətlərdə gərginliklər, əsassız vergi hesablamaları, vergi sanksiyalarının yazılması, ödənilən vergilərin hamısının büdcədə əksini tapmaması kimi hallar da çoxalmışdı. Bu kimi hallar sahibkarları vergidən yayınmaya sövq edirdi”.

Vüqar Bayramov ile ilgili görsel sonucu

Ekspert hesab edir ki, vergi dərəcələrinin optimallaşdırılması məsələsi vergidən yayınmanın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir: “Məsələn, əmək haqqından tutulan gəlir vergisi və sosial ayırmaların həcminin yüksək olması qeyri-rəsmi məşğulluğu stimullaşdırır. Eyni zamanda bu, xüsusilə özəl sektorda əmək haqqının həcminin tam olaraq sənədləşməməsinə gətirib çıxarır. Buna görə də vergi dərəcələrinin optimallaşdırılmasına çox ciddi ehtiyac var”.

V.Bayramovun sözlərinə görə, sahibkarların çoxu vergilərini ödəyərək qanuni fəaliyyət göstərməkdə maraqlıdılar:“İndiyədək buna nail ola bilməyiblər, çünki yersiz müdaxilələr, artıq vergi hesablamaları, artıq ödənişlər tələb olunub. Bundan sonra belə tələblər, ödənişlər olmayacaqsa, sahibkarlar qanuni əsaslarla işləməyə daha çox meyl edəcəklər. Vergilər Nazirliyi sahibkarlarla münasibətlərini daha liberal əsaslar üzərində qurmaqla, onlara optimal vergi dərəcələri təklif edərsə, qeyri-leqal iqtisadiyyatın qarşısını almaq mümkündür”.(Musavat.com)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …