Ana səhifə / İqtisadiyyat / Dünya Bankı Cənub Qaz Dəhlizinə 750 mln. dollarlıq zəmanət verib

Dünya Bankı Cənub Qaz Dəhlizinə 750 mln. dollarlıq zəmanət verib

“Cənub Qaz Dəhlizi” QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.

Bu barədə “Report”a “Cənub Qaz Dəhlizi” QSC-dən məlumat verlib.

Ötən gün Cənub Qaz Dəhlizi (“CQD”) layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (“TANAP”) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (“MIGA”) zəmanəti ilə 500 mln. ABŞ dolları və 215 mln. avro ilə, ümumilikdə 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (“CQD QSC”) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

Kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.

Qeyd edək ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.

Xatırladaq ki, CQD layihəsinin məqsədi SD2 layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

CQD QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …