Ana səhifə / İqtisadiyyat / DSMF-in HESABATLARI XAOS YARADIB – Vergilər Nazirliyinin qərarı sahibkarlar üçün gözlənilməz olub

DSMF-in HESABATLARI XAOS YARADIB – Vergilər Nazirliyinin qərarı sahibkarlar üçün gözlənilməz olub

2018-ci ilin son günlərində Vergilər Nazirliyi tərəfindən VÖEN-i olan bütün vətəndaşlara sms-lər göndərilərək, xəbərdarlıq edildi ki, 4-cü rübün məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatları vergi orqanlarına təqdim edilməlidir.

Xatırladaq ki, indiyə qədər həmin hesabatlar Dövlət Sosial Müdafiə Fonduna təqdim olunurdu. Ancaq nədənsə Vergilər Nazirliyi tələsik şəkildə sözügedən hesabatların DSMF-ə deyil, nazirliyə təqdim olunmasını tələb etdi.

Ancaq sözügedən hesabatların Vergilər Nazirliyinə verilməsi sahibkarlar arasında müəyyən çaşqınlığa səbəb olub. Belə ki, indiyə qədər sahibkarların böyük əksəriyyəti hesabat vermək üçün DSMF-in yerli şöbələrinə müraciət edirdilər. Və elə həmin şöbələrin əməkdaşlarının kömkliyi ilə də hesabatlarını verirdilər. İndi həmin ödəyicilər vergi orqanının xidmət mərkəzlərinə üz tutmalı olurlar. Nəticə etibarilə hesabatların verilməsinin başlanğıc tarixinə 2-3 gün qalmış nazirliyin belə qərar verməsi əksər sahibkarlar üçün gözlənilməz olub və onların böyük qismi ümumiyyətlə göndərilən sms-in mahiyyətini anlamayıb.

Hesabatların verilməsi müddəti isə 20 gündür və yanvarın 22-dək yekunlaşır. Bu üzdən artıq vergi orqanının xidmət məntəqələrində sıxlıq və növbələr müşahidə olunmaqdadır. Təcrübə göstərir ki, sahibkarların bir çoxu hesabatlarını bunun üçün ayrılmış vaxtın son günlərində verirlər. Deməli, sözügedən xidmət məntəqələrində getdikcə sıxlıq bir qədər də artacaq.

Digər məsələ məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi ilə bağlıdır. Vergilər Nazirliyi sahibkarlara son müraciətində ödənişləri DSMF-in yerli orqanı üzrə Dövlət Xəzinədarlığı orqanlarında mövcud məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmaları üzrə hesablara köçürməli olduqlarını bildirib. Bu o deməkdir ki, sahibkar hesabatını vergi orqanına versə də, ödənişi DSMF-in hesabına köçürməlidir. Həmçinin, sahibkar bu vəsaiti səhvən vergi orqanının hesabına köçürərsə, onu geri almaq mexanizmi yoxdur. Bundan başqa, sahibkarların bildirdiyinə görə, “asan imza” olmadan muzdlu işçilərə aid hesabatı vermək də mümkün olmur. Onların isə bir çoxunun “asan imza”sı yoxdur. İndi bir neçə gün ərzində həm “asan imza” alınmalı, həm də hesabatlar verilməlidir.

Bütün bunlar sahibkarlara hesabatların verilməsi və ödənişlərin həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Bunların üzərinə Vergi Məcəlləsinə edilən yeni dəyişiklikləri də gələndə, sahibkarın nələr baş verdiyini anlamaqda çətinlik çəkməsini başa düşmək olar.

Əlbəttə ki, Vergilər Nazirliyinin sahibkarların mümkün qədər qısa müddətdə və bir orqana elektron hesabatlar verməsini təşkil edərək, şəffaflığa nail olmaq istəyi başa düşülən və təqdirəlayiqdir. Ancaq vergi orqanının DSMF hesabatlarını heç olmasa 2019-cu ilin 1-ci rübündən etibarən qəbul etməsi və aprel ayına qədər sahibkarlar arasında bu və digər məsələlərlə bağlı ətraflı maarifləndirmə işi aparması daha məqsədəuyğun olardı. İndiki halda isə bir çox sahibkarın hesabatları və ödənişləri vaxtında və düzgün verə bilməməsi səbəbindən cərimələnməsi ehtimalı kifayət qədər yüksəkdir.

AzPolitika.info

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …