Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir” – Əli Məsimli

“Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir” – Əli Məsimli

Yanvarın 17-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanla daha bir neçə dövlət qurumu ləğv edilib, daha bir neçəsi birləşdirilib, ona yaxın dövlət qurumunun çoxsaylı xidmətlərinin təqdim edilməsi yalnız ASAN-a həvalə olunub, eyni zamanda hüquq-mühafizə, hərbi sahədə, Milli Elmlər Akademiyası sistemində analoji islahatların aparılmasına dair təkliflərin hazırlanmasına göstəriş verilib.

Prezidentin son fərmanını Musavat.com-a şərh edən millət vəkili, Milli Məclisin İqisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirir ki, Azərbaycanda dövlət-idarəetmə aparatı çox şişirdilib və hazırkı mərhələdə səmərəli işləmək imkanları tükənib: “Bu həm də dövlət büdcəsinə çox ağır bir yükdür. 2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3,9 milyard manata çatıb ki, bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3,7 dəfə çoxdur. Ona görə də Azərbaycan Prezidentinin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi islahat xarakterli addımları müsbət qiymətləndiririk”.

Millət vəkili bildirir ki, beynəlxalq praktikada olduğu kimi, kompakt və səmərəli fəaliyyət göstərən idarəetmə sisteminə nail olmaqdan ötrü bu aparat xeyli kişildilməli, eyni funksiyanı yerinə yetirən bir neçə qurumlara münasibətdə paralelçilik aradan qaldırılmalıdır: 
“Bir-birinə yaxın olan qurumları birləşdirmək lazım, lüzumsuz strukturların ləğvı isə labüddür. Bu baxımdan,Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu tarilixli Fərmanı son vaxtlar struktur islahatları ilə bağlı verilən fərmanlar içərisində öz əhatə dərəcəsinə görə və həm də idarəetmə sisteminə təsiretmə imkanları baxımından fərqlənir. Bu Fərmanla bir sıra dövlət strukturları ləğv edilir, digərləri birləşdirilir,yenidən qurulur,bir qisim qurumlarda isə fəaliyyətinin səmərəlilyinin artırılması məqsədi ilə optimallaşdırma həyata keçirilməsi nəzərdə tutulur. Fərmanla mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrupu yaradılır. Bu istiqamətdə rasional bir sənəd hazırlanıb islahatlar həyata keçirilsə, həm ümumiyyətlə, dövlət idarəetmə sisteminin,həm də elmi fəaliyyətin səmərəliliyinin artırılması sahəsində ciddi irəliləyişlər olacaq. Xüsusən də Elmlər Akademiyasına münasibətdə postsovet məkanına aid olkələrin təcrübəsinin müsbət və mənfi məqamlarını dərindən öyrənmək lazımdır ki, onların, xüsusən də Gürcüstanın buraxdığı səhvləri biz də buraxmayaq”.
Ə.Məsimlinin sözlərinə görə, Fərmanda diqqət çəkən məqamlardan biri də Prezident Administrasiyasına verilən tapşırıqdır: 
“Administrasiyaya tapşırılır ki, hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu,imicinə müsbət məqamlar gətirməkdən başlamış, etibarlı təhlükəsizlik mexanizmi qurulmasına qədər geniş bir spektrdə xüsusən Azərbaycan kimi ölkələr üçün çox vacib islahatlardır. Müharibə vəziyyətində olan Azərbaycanda hərbi və hüquq mühafizə sahələrində yüksək səmərəli fəaliyyətə nail olmaqdan ötrü qabaqcıl beynəlxalq təcrübədən və öz təcrübəmizdən yaradıcılıqla istifadə etməklə modernləşdirmə və optimallaşdırma istiqamətlərində zəruri tədbirlər görüməlidir. Buna həm də təkcə onu əlavə etmək kifayətdir ki, əksər xarici ölkələrə gedənlər sezməmiş olmazlar ki, çox nadir hallarda polisə rast gəlirlər”.

Millət vəkili qeyd edir ki, dövlət vəsaitindən istifadə sahəsində israfçılıq baş alıb gedir:
 “Bu, özünü bəzi məmurların elə bil bir-biri ilə bəhsə girirmiş kimi, dövlət vəsaiti hesabına aldıqları bahalı avtomobillərə illər boyu üst-üstə yüz milyonlarla manat pul xərclənməsində daha qabarıq göstərir. Bu baxımdan, Prezidentin 17 yanvar tarixli fərmanına əsasən dövlət təşkilatlarında xidməti maşınların sayının optimallaşdırılması sahəsində atılacaq addımları da zəruri hesab edirik”.Ə.Məsimli bu Fərmanla nəzərdə tutulanların və ümumiyyətlə, idarəetmə aparatının müasir dövrün tələblərinə uyğun surətdə səmərəli işləmək imkanlarını genişləndirməkdən ötrü bir sıra tədbirlərin həyat keçirilməsini zəruri hesab edir: “Birincisi, həyata keçirilən struktur islahatlarından yüksək səmərəli nəticələr əldə etməkdən ötrü, hər şeydən əvvəl, onun Azərbaycanın yeni iqtisadi modelinə uyğun vahid strategiya əsasında həyata keçirilməsi çox vacibdir. Əgər yeni iqtisadi model kimi neftə əsaslanan modeldən insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf modeli seçilsə, onda bu islahatlar davamlı, daha əhatəli olmalı, kompleks xarakter almaqla, əsasən aşağıdakı məqamları özündə əks etdirməlidir: iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativliyinin və kreativliyinin artırılması; qlobal təhlükə, risk və çağırışlara operativ cavab verə bilən optimal ölçülü çevik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı bir tаm hаlındа sinхrоnlаşdırmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə kеçilməsi, dövlətin iqtisadiyyatdakı rolunun, eləcə də idarəetmə sisteminin təşkilati strukturunun, kadr tərkibinin və koordinasiyasının optimallaşdırılması; dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən hökumət modelinə keçilməsi, bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi; idarəetmənin təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməsinin vacib şərti kimi idarəetmədə sahə prinsipinə üstünlük verən modeldən funksional prinsipə üstünlük verən modelə keçilməsi; dövlət aparatının kiçildilməsi, mobilləşdirilməsi, çevikləşdirilməsi, nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılması; islahatların köməyi ilə iqtisadi məsələlərin həllinə “idarə maraqları” baxış bucağından dövlət maraqları prinsipinə keçid; regionların idarə edilməsi siteminin səmərəliliyini artırılmaısna yönəlik təsirli tədbirlərin görülməsi, regionlarda idarəetmənin ağırlığının tədricən bələdiyyələrin üzərinə keçirilməsinə yönəlik pilot layihələrin həyata keçirilməsi və bu sahədə əldə edilmiş, eləcə də beynəlxalq təcrübədən yaradıcılıqla istifadə etməklə yerli icra hakimiyyətlərinin funksiyalarının bələdiyyələrə ötürülməsinə dair məqsədli proqramın hazırlanması, həyat keçirilməsi və sair.
Korrupsiyalaşmış kadrlar qalacaqsa, islahatlar effektiv olmayacaq
İkincisi, əgər nəzərdə tutulan struktur islahatlarndan sonra da korrupsiyalaşmış kadrlar yeniləşmiş strukturlarda qalacaqlarsa, belə islahatın effekti olmayacaq. Ona görə də struktur islahatları korrupsiyalaşmış kadrlar kənarlaşdırılmalı və müasir tələblərə cavab verən kadr islahatları ilə müşayiət olunmalıdır. Eyni zamanda Prezident fərmanları nəticəsində həyata keçirilən tədbirlər on milyon manatlarla büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Bununla belə, əgər həmin on milyon manatlarla ölçülən büdcə vəsaitinin qənaəti fonunda yüz milyon manatlarla ölçülən dövlət vəsaiti talanmaqda, öz təyinatından kənar və səmərəsiz istifadə edilməkdə davam edəcəksə, onda belə halların davam etməsi bu islahatların effektini aşağı salacaq. Ona görə də sözügedən islahatların korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına və bunlardan doğan talançılığa son qoymağa yönəlmiş köklü islahatlarla əlaqəli şəkildə həyata keçirilməsi çox vacibdir”. Milli Məclis üzvü bütün normal ölkələrdə olduğu kimi, nəhayət, Azərbaycanda da vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi tətbiqininin effektli mexanizminin tapılmasını da vacib hesab edir: 
“Üçüncüsü, bir sıra hallarda Prezident fərmanlarında nəzərdə tutulan işlər orada göstərilən müddətdə yerinə yetirilmir və bəzən hətta illərlə uzadılır. Ona görə də bu fərmanda nəzərdə tutulan işlərin sənəddə müəyyənləşdirilən zaman çərçivəsində yerinə yetirilməsini təmin edən tədbirlər görülməlidir. Dördüncüsü, həyata keçirilən struktur islahatlarının səmərəlilik dərəcəsini artırmaqdan ötrü, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün tərəflərini əhatə edən islahatlarla tamamlanması obyektiv tələbata çevrilib. Bunsuz əlahiddə götürülmüş islahat addımları gözlənilən nəticəni verməyəcək. Beşincisi, struktur islahatları prosesində xeyli ixtisarlar olur və bir çox hallarda qiymətli kadrlar belə kənarda qalır. Qiymətli kadrların hazırlanması çox çətin və onilliklər tələb edən bir prosesdir. Ona görə də islahat nəticəsində işsiz qalacaq şəxslərin digər strukturlarda yerləşdirilməsinə dair qərarı müsbət qiymətləndirir və buna əməl olunmasına nəzarətin gücləndirilməsini zəruri hesab edirik”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …