Şənbə , Oktyabr 20 2018
Ana səhifə / İqtisadiyyat / Bakıda “xruşşovka”lardan sonra sökülmə növbəsi “stalinka”lara çatıb

Bakıda “xruşşovka”lardan sonra sökülmə növbəsi “stalinka”lara çatıb

Nərimanov rayonunda yerləşən Nazim Hacıyev və Mirzəbala Məmmədzadə küçələrindəki 3 və 53 nömrəli evlərin sakinləri gələcək talelərindən narahatdırlar. Çünki bu ilin aprelində onları köçürülmək təhlükəsi gözləyir.

Pilot İnşaat tikinti şirkəti onların evlərini sökərək yerində çoxmərtəbəli binalar tikməyi planlaşdırır. Bu barədə Sputnik Azərbaycan-a sözügedən evlərdən birinin sakini Nailə Ağayeva məlumat verib.

Onun sözlərinə görə, ev 1958-ci ildə tikilib, möhkəm və monolitdir, heç də qəzalı vəziyyətdə deyil və evdə 200-dək mənzil var. “Stalinka” tipli bina uşaq stomatoloji klinikasının arxasında yerləşir. Ən əsası odur ki, sakinlərin 90%-i oradan köçmək istəmir.

“Hamının yaxşı təmir olunmuş mənzilləri var. Lakin bütün bunlara baxmayaraq, evin həyətində artıq yeni çoxmərtəbəli binanın tikilməsi üçün hazırlığa başlanılıb. Bununla bağlı 2017-ci ilin dekabrında mən müxtəlif instansiyalara onlarla sakinlərin imzaladıqları söküntüyə etiraz məktubu göndərmişəm, amma heç yerdən cavab almamışam” — Ağayeva bildirib.

Ağayeva qeyd edib ki, tikinti şirkətinin əməkdaşları heç bir sənəd göstərmədən evdəki mənzillərin sahələrini ölçüblər və aprel ayında istismar müddəti bitdiyinə görə binanı sökəcəklərini bəyan ediblər.

“Onlar artıq yanımızdakı bizimki tipli evi söküblər və biz eyni aqibəıti yaşamaq istəmirik. Lakin məlumdur ki, Nərimanov rayon İcra Hakimiyyəti artıq mülkiyyət hüququmuzu pozaraq yerimizi satıb” — Ağayeva deyib.

Lakin Nərimanov rayon İcra Hakimiyyətində sözügedən evlərin qəzalı vəziyyətdə olduğunu və ona görə də sökülməsi lazım gəldiyini iddia edirlər. İH-nın təsərrüfat şöbəsindən Sputnik Azərbaycan-a sakinlərə sökülmə barədə əvvəlcədən məlumat verildiyini bildiriblər.

“İstismar müddəti bitmiş yaşayış evlərinin sökülməsi üzrə pilot layihə hazırlanıb. Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №li qərarı var. Qərara əsasən, qəzalı vəziyyətdə olan binalar sökülməli, onların yerində müasir tələblərə cavab verən evlər tikilməlidir. Tikinti başa çatanadək şirkət sakinləri kirayə mənzillərə köçürərək kirayənin haqqını ödəyir. Yeni evlərdə sakinlərə köhnə mənzillərindən sahə baxımından 20-25% böyük olan mənzil veriləcək” — deyə İH-dan bildiriblər.

İcra Hakimiyyətindən həmçinin deyiblər ki, köhnə evlər söküləndə Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması barədə akt tərtib edir.

“Bu yaxşı layihədir, vətəndaşlar geniş mənzillərlə təmin olunacaqlar. Pilot layihəsi sakinlərə kompensasiya verilməsini nəzərdə tutmur, yalnız mənzil mənzillə dəyişdirilir. Layihə 2016-cı ildən həyata keçirilir. Nərimanov rayonunun ərazisində artıq 40 ünvanda bu layihə icra olunur. Bəzi yerlərdə artıq evlərin tikilməsi başa çatıb, yalnız təmir işləri qalıb” — İH-dan bildirilib.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanın baş naziri Artur Rasizadə birinci və digər mikrorayonların yenidən qurulması ilə bağlı sərəncam verib. Sənəddə vaxtilə müvəqqəti yaşayış üçün tikilmiş bunaların (“xruşşovka”ların) sökülərək yerində müasir çoxmərtəbəli binaların tikilməsi əksini tapıb. Ərazidə rekonstruksiya işləri “pilot layihə” çərçivəsində aparılır. Paytaxtın ümumi görünüşünü korlayan və qəzalı vəziyyətdə olan “xruşşovka”ların yerində yeni binalar tikiləcək. Bütün bu məsələlərin həlli və işlərin koordinasiyası üçün Nazirlər Kabinetinin, FHN-in, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak məsələləri Dövlət Komitəsinin iştirakı ilə işçi qrupu yaradılıb.

Həmçinin oxuyun

Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq – ŞƏRH

“Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcək. Keçiddən sonra …