Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda unun qiyməti sabitdir, yem kəskin bahalaşıb… – ŞƏRH

Azərbaycanda unun qiyməti sabitdir, yem kəskin bahalaşıb… – ŞƏRH

Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin yığıncağındakı nitqində Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi məsələsinə bir daha toxundu və ayrı-ayrı istiqamətlər üzrə bu sahədə əldə edilmiş nəticələrdən danışdı. Prezident ərzaq təhlükəsizliyi kontekstində Azərbaycanın özünü ərzaq buğdası ilə təchiz etməsi məsələsi barədə danışaraq bildirdi ki, bu sahədə irəliləyiş var və işlər davam etməlidir. Çünki hədəf ölkənin özünü ərzaq buğdası ilə tam təchiz edib bu sahədə ixracdan asılılığı aradan qaldırmaqdır.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatının digər sahələri ilə yanaşı taxılçılığa da son illərdə dövlət tərəfindən dəstək verilir, subsidiyalar ayrılır, fermerlər keyfiyyətli ərzaq buğdası yetişdirməyə stimullaşdırılır. Bununla belə ötən ilə qədər Azərbaycanda istehsal edilən taxılın böyük  hissəsi mal-qara yemi üçün istifadə edilirdi və ərzaq buğdasına tələbat əsasən idxal hesabına ödənilirdi. Bəs başa çatmış 2017-ci ildə vəziyyət necə dəyişib? Azərbaycanda nə qədər taxıl yığılıb və onun nə qədərini ərzaq buğdası kimi istifadə etmək mümkün olacaq?

virtualaz.org qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyi 2017-ci ilin əvvəllərində ölkədə 3 milyon ton taxıl istehsal olunacağına dair proqnoz vermişdi. İndi nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov virtualaz.org-a açıqlamasında deyir ki, artıq 940,5 min hektar sahədən 2,7 milyon ton məhsul yığılıb. Yığım davam etdiyindən statistika hər gün dəyişir. Ötən il 1 milyon 800 min ton buğda istehsal edilib. Bu isə 2016-cı ilin göstəricisindən 100 min ton çoxdur.

İdxal azalıb, yem bahalaşıb…

Qeyd edək ki, bu il dünyanın əsas ərzaq buğdası istehsalçısı olan ABŞ-da məhsul yığımı əlverişsiz hava şərtlərinə görə azalıb. Rusiyada isə əksinə, rekord məhsul yığımı (30 milyon ton) qeydə alınıb və nəticədə Rusiya buğda ixracında dünya lideri ola bilər. Bununla belə dünya birjalarında ərzaq buğdasının qiymətində ciddi artım müşahidə olunur. Ona görə də bahalaşmanın Azərbaycanda unun qiymətinə təsir edə biləcəyinə dair narahatlıqlar var. Hələlik unun qiyməti sabitdir və bahalaşma müşahidə olunmur.

Ölkənin ərzaq buğdasına olan illik təlabatı 1,7 milyon tondur. İmran Cümşüdovun sözlərinə görə,  istehsal edilən həmin 1 milyon 800 min ton buğdadan yalnız ərzaq təyinatlı  istifadə olunmur. Yəni məhsulun müəyyən hissəsi yem, toxum kimi yararlıdır. “Hazırda Ölkənin ərzaq buğdasına olan təlabatının 70 faizindən çoxu yerli istehsal hesabına ödənilir. Çatışmayan hissə isə Rusiya və Qazaxıstandan alınır. Dünya bazarındakı bahalaşma yerli bazara təsir etmir”, -mütəxəssis əlavə edib.

Taxıl istehsalı artsa da, mal-qara yemi bahalaşıb. Yocanın qiyməti   2 manatdan  5,5 manata, kəpək 2,5 manatdan 5,2 manata yüksəlib. Arpa isə 25 qəpikdən  45 qəpiyə qədər bahalaşıb.

Ekspetlər bu  bahalaşmanın səbəblərini Azərbaycanda mal-qara yeminə tələbatın ötən ildən bəri kəskin artması ilə izah edirlər. Belə ki, dövlətin pambıqçılığın inkişafına dair qarşıya qoyduğu vəzifələr əsasında rayonlarda fermerlərdən örüş sahələri geri alınıb və əkin torpaqları sırasına qatılıb. Nəticədə heyvandarlıq təsərrüfatlarında heyvanlar qapalı şəraitdə saxlanılır. Bu da ilin bütün fəsilləri boyu mal-qaranın yemlə qidalanması deməkdir. “Habelə yerli cinslərdən fərqli olaraq xaricdən gətirilən cins mal-qara çox yeyir, təlabatın artması isə qiymətlərə təsir edir”-ekspertlərdən biri vəziyyəti belə dəyərləndirir.

Fermerlər taxıl əkməkdə maraqlıdır, çünki…

Kənd Təsərrüfatı Nazirliyindən İmran Cümşüdov qeyd edir ki, dövlət taxıl istehsalı ilə məşğul olan fermerlərə xüsusi güzəştlər verir. Nazirlər Kabinetinin qərarı ilə alaq otları və zərərvericilərlə mübarizədə istifadə edilən dərmanların alınmasında fermerlərə 70 faiz güzəşt tətbiq edilir. Həmçinin taxıl  istehsalı ilə məşğul olan fermerlər  yanacaq və motor yağlarına görə ümumilikdə 90 manat subsidiya alırlar. Fermer hər hektar əkin sahəsinə görə 70 faiz güzəştlə gübrə alır.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev bitkiçiliyə dövlət dəstəyinin səmərəli təşkili, məhsuldarlığının və keyfiyyətinin müəyyən edilməsi, taxılçılıq sahəsində etibarlı məlumat-informasiya bazasının yaradılması məqsədi ilə 27 may, 2017-ci il tarixli sərəncam verib. Ölkə rəhbərinin tapşırığı ilə fermerlərin problemləri araşdırılır, həll olunması üçün rayon icra orqanlarına dərhal tapşırıqlar verilir.  Kənd Təsərrüfatı Nazirliyindən deyirlər ki, digər sahələrdən fərqli olaraq taxıl əkini ilə məşğul olan fermerlərin suvarma problemi də  yoxdur.

“Elit buğda”

Məlumdur ki, yerli taxılın əsas alıcısı  dəyirmanlardır.  Son illərə qədər dəyirmanlar Rusiyadan gətirilən buğdaya üstünlük verirdi, bu, yerli istehsalın keyfiyyətsiz olması ilə əlaqələndirilirdi. Kənd Təsərrüfatı Nazirliyi isə iddia edir ki, Azərbaycanda istehsal edilən ərzaqlıq buğda keyfiyyətinə görə idxal məhsulundan geri qalmır. Fermerlərə yüksək keyfiyyətli toxumlar verilir. Buna görə də yerli istehsala üstünlük verənlərin sayı durmadan artır. “Dövlət sifarişi əsasında “Elit” toxumlar istehsal edilir, Bu toxum keyfiyyətli məhsul üçün əlverişlidir”, -nazirlikdən sorğumuza cavab olaraq bildiriblər.

Dövlət toxumçuluğun inkişafı üçün xüsusi proqram ayırıb. Orijinal, super elit və elit, 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalı artırılıb. Nazirlikdən deyirlər ki, taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin edilir.

Qeyd edək ki, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Çörək istehsalı üçün təxminən 900 min ton buğda lazımdır.

Fermer: “Taxıl ona görə sərfəlidir ki…”

Beyləqandan olan fermer Arif Əsədov deyir ki, illərdir taxıl istehsalı ilə məşğuldur. Lakin son 2-3 ildə taxılçılıqdan yaxşı gəlir götürməyə başlayıb. “Taxıl istehsalı ilə məşğul olan fermerlər məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, yerli iqlimə uyğun olan, məhsuldar yerli sortlardan istifadə olunmalıdır. Aqrotexniki qaydalara uyğun qulluq göstərilməlidir. Əks halda qazanc əldə etmək mümkün deyil”-fermer deyir.

Fermer taxılla birgə yonca, pambıq və digər bitkilər də əkir. Deyir ki, bu işlə yeni məşğul olan fermerlər ən azından sərf etdiyi vəsaiti çıxara bilir. Taxılın həmişə alıcısı var, bir yandan da dövlət dəstək verir. Yəni xərci borcunu ödəyir,  üstəlik qazanc da qalır.

A.Əsədov əsasən “Zirvə-85” buğda və “Qarabağ-22” arpa sortlarına üstünlük verir. İstehsal etdiyi məhsulu 22 qəpikdən satır. Buğdanın keyfiyyətinə də zəmanət verir. “Bu ildən əsasən bərk buğda sortlarına üstünlük verəcəm. Çünki makaron istehsalçıları bərk buğda sortları sifariş verirlər. Gələcəkdə bu sortları xarici bazara da çıxara bilərik”.

Azərbaycanda bərk buğda məhsullarına illik təlabat 150 min tondur. Yeni məhsuldar və keyfiyyətli bərk buğda sortlarının ilkin toxumçuluğunun planı hazırlanıb, bu il səpinə başlanılıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …