Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanda kəskin devalvasiyanın olmayacağı dəqiqdir” – ŞƏRH

“Azərbaycanda kəskin devalvasiyanın olmayacağı dəqiqdir” – ŞƏRH

“Manatın kəskin ucuzlaşmasının və kəskin bahalaşmasının Azərbaycan iqtisadiyyatı üçün heç bir xeyri yoxdur”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə 2019-cu il üçün manatın məzənnəsindən danışarkən deyib.

“Biz kiçik iqtisadiyyatıq. Adətən kiçik iqtisadiyyatlarda valyuta kurslarının proqnozlaşdırıla bilən olması iqtisadi fəaliyyətlərə çox müsbət təsir göstərir. Ona görə düşünürəm ki, növbəti ildə də indiki hədlərdə valyuta kursunu qoruyub saxlamaq Mərkəzi Bank və digər qurumların siyasəti olacaq” – deyə ekspert bildirib.

E.Bağırzadənin sözlərinə görə, hər halda bu həddin qorunub saxlanılması daha məqbuldur: “Çünki bizim iqtisadi siyasətimizdə 2 ildir ciddi dəyişikliklər var. Biz qeyri-neft sektorunu inkişaf etdiririk və hələ bu sektor yeni formalaşır. Ona görə birdən-birə kəskin dəyişikliklərə getmək bu sektora da ciddi zərbə vuracaq və artıq biznes mühitini proqnozlaşdırıla bilməyən vəziyyətə gətirəcək. Düşünürəm ki, manatın kursunun indiki hədlərdə saxlanılması doğrudur”.

“Təbii ki, dünya bazarında çox böyük kataklizmlər baş verəndə devalvasiyadan qaçmaq mümkün olmayacaq. Hətta Azərbaycanın valyuta gəlirləri ciddi şəkildə artsa belə, manatın dəyər qazanmasının tərəfdarı deyiləm” – deyə o qeyd edib.

Onun fikrincə, valyutanın kiçik faizlərlə, kiçik hədlər ilə dəyərdən düşməsi müəyyən dövrlərdə iqtisadi siyasətin taktikası kimi həyata keçirilə bilər: “Bu, iqtisadiyyat üçün rəqabət üstünlüyü yaradır. Amma bütövlükdə kəskin dəyişmənin tərəfdarı deyiləm və düşünürəm ki, hökumət də siyasətini bu istiqamətdə qurub”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bunun daha çox neftin qiymətlərindən asılı olacağını deyib: “Manatın sabit saxlanılması inzibati bir qərardır və Mərkəzi Bankın apardığı məzənnə siyasətinə uyğundur. Bir il yeddi aydır ki, manatın məzənnəsi dollara nisbətən dəyişmir. Amma digər valyutalara nisbətən manatın məzənnəsi enib-qalxır – istər avro, istər lirə, istər rubl olsun. Gündəlik dəyişiklikləri görürük. Amma bu, çarpaz məzənnə ilə hesablanır. Deməli, Mərkəzi Bankın əsas hədəfi dollar-manat məzənnəsinin sabit saxlanılmasıdır”.

“2019-cu il üçün manatın məzənnəsi ilə bağlı proqnoz vermək çətindir. Çünki neftin qiymətlərini proqnozlaşdırmaq çox çətindir. Bir çox ekspertlər və dünya birjaları Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci ilin dekabr ayında keçirilən toplantısından sonra neftin qiymətlərinin sürətlə bahalaşacağını gözləyirdilər. Amma neftin qiymətləri artmadı” – deyə o bildirib.

Onun qənaətincə, Azərbaycan iqtisadiyyatı neftin qiymətlərindən asılı vəziyyətdədir: “Çünki büdcənin və Neft Fondunun gəlirləri, xərcləmələr neftdən asılıdır. Büdcədə neftin qiyməti 60 dollardan götürülüb. Qiymət 60 dollardan aşağı düşdükcə bu, manata əlavə təzyiqlərin yaradılmasına zəmin hazırlayacaq. Neftin qiymətlərini izləmək lazımdır ki, manatla bağlı proseslərə də aydınlıq gəlsin”.

Ekspert bildirib ki, Azərbaycanda kəskin devalvasiyanın olmayacağı dəqiqdir: “Mərkəzi Bank anlayır ki, bir gecəlik devalvasiyalar iqtisadiyyata ciddi ziyan vurub. Amma neft qiymətləri enəcəksə, Mərkəzi Bank tərəfindən yumşaq formada, yüngül şəkildə manatın dəyərdən düşməsinə imkan yaradıla bilər”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …