Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan bankları özlərinə də etibar etmir – ŞƏRH

Azərbaycan bankları özlərinə də etibar etmir – ŞƏRH

Banklar bir-birlərindən depozitlərini geri götürürlər. 2018-ci ilin aprel ayında Azərbaycan banklarında maliyyə institutlarının (banklar daxil) depozitləri azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, aprel ayında maliyyə institutları banklardakı depozitlərini 284,6 milyon manat azaldıblar.

Bu depozitlər 1 milyard 230,3 milyon manatdan 945,7 milyon manata düşüb. Apreldə banklar, digər banklardakı depozitlərini (banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər) 456,6 milyon azaldıblar. Martın sonunda bankların digər banklara yatırdıqları depozitlər 7 milyard 756.6 milyon manat ikən, aprelin sonunda 7 milyard 300 milyon manata düşüb.

Apreldə banklar qiymətli kağızlara investisiyaları 544,1 milyon manat artıraraq 2 milyard 845.7 milyon manata qaldırıblar.

Maraqlıdır, banklar bir-birindən depozitlərini sürətli şəkildə geri götürməsinə səbəb nədir?

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasında, mart-aprel ayları üzrə maliyyə institutlarının banklardakı depozitlərinin və o cümlədən, bankların digər banklardakı depozitlərinin azaldığı qeyd edilir: “Bankların, banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitləri mart ayı üzrə 7,756.6 milyard manat təşkil etdiyi halda, aprel ayında 7,300.0 milyard manata enib, yəni təxmini 6 faizlik azalma baş verib. Banklardakı maliyyə institutlarının depozitləri də həmçinin mart ayı üzrə 1,230.3 milyard manat ikən, aprel ayında 945.7 milyon manata enməklə 23 faizlik bir azalma baş verib. Əksinə xalis kreditlərin həcmində artım müşahidə olunur.

Bankların, banklar da daxil olmaqla, maliyyə institutlarına verilən kreditlərində 3 faizlik, müştərilərə verilən kreditlərində isə 1,5 faizlik artım olub. Fiziki və hüquqi şəxslərin banklardakı depozitlərində isə artım çox cüzidir. Fiziki şəxslərin banklardakı depozitlərində ay ərzində 3 faizlik, hüquqi şəxslərin banklardakı depozitlərində isə cəmi 0,08 faizlik yüksəlmə qeydə alınır. Göründüyü kimi, bankların bir-birlərindən depozitlərini geri götürmələrinin səbəbi bankların nağd vəsait çatışmazlığı ilə bağlıdır.

Düzünü desək, hazırda bankların 30 faizi zərərlə işləyir. 2017-ci ili 30 bankdan 19-u xalis mənfəət, 11-i isə xalis zərər ilə başa vurub. Səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan “Dəmirbank”ın isə lisenziyası geri alındı. “Bank of Baku”, “Accessbank”, “Unibank”, “Muğanbank”, “Amrahbank” kimi bankların aktivlərinin dəyərində əhəmiyyətli dərəcədə azalma müşahidə olundu”.

Ekspert qeyd edib ki, dünya praktikasında bankların dayanıqlığı və riskə davamlılığının müəyyən edilməsində geniş tətbiq edilən qaydalar və risk əmsalları mövcuddur: “Bunlardan biri də “Kapital Adekvatlığı Əmsalı”dır. KAƏ göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12 faizdən az olmamalıdır.

Kapital adekvatlığı əmsalının 10 faizdən aşağı olması isə bankın müflisləşmə ehtimalını artırır. 2018-ci ilin birinci rübünə aid kapital adekvatlığı əmsallarına nəzər salsaq görərik ki, “Bank Respublika”da 12,01 faiz, “Bank of Baku”da 7,11 faiz, “AG Bank”da 6,92 faiz, “AccessBank”da 4,72 faiz təşkil edir. 2018-ci ilin ilk rüb göstəricilərinə əsasən xalis zərəri ən çox olan banklar isə aşağıdakılar sayılırlar: 

1. “VTB Azərbaycan” (247.412 manat)
2. “Access Bank” (8.601 manat)
3. “Amrahbank” (5.384 manat)
4. “AGBank” (3.224 manat)
5. “Muğanbank” (1.824 manat)
6. “Nikoil Bank” (309 manat)
7. “Turanbank” (216 manat)”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …